"Oxucu yaradıcılığı" Fatimə Turanla Featured

Fatimə Turan,

“Ədəbiyyat və incəsənət”

 

ÖZÜM HAQDA

25 avqust 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix müəllimliyi ixtisası üzrə ali təhsil almış və universiteti fərqlənmə diplomu ilə başa vurmuşam. Pedaqoji fəaliyyətimlə yanaşı, uzun illərdir bədii yaradıcılıqla məşğulam. Ədəbiyyata olan marağım tələbəlik illərindən etibarən qələmə aldığım hekayə və məqalələr vasitəsilə daha da formalaşıb. Yazdığım hekayələr müxtəlif qəzet və jurnallarda dərc olunub, məqalələrim isə “Filoloq” qəzetində işıq üzü görüb. Bədii yaradıcılıqla yanaşı, bədii qiraət də həyatımda xüsusi yer tutur. Müxtəlif tədbirlərdə və bədii qiraət müsabiqələrində iştirak etmiş, bir sıra müsabiqələrdə müxtəlif yer və kateqoriyalar üzrə fərqlənmişəm. Sözün yalnız yazılmadığına, həm də duyularaq səsləndirildiyinə inanıram.

Ədəbiyyat mənim üçün sadəcə yazmaq deyil; hiss etdiklərimi, düşündüklərimi və yaşadığım duyğuları söz vasitəsilə oxucuya çatdırmaqdır. Hər yazdığım əsərdə oxucunun özündən bir parça tapmasını, bir anlıq dayanıb düşünməsini və ən əsası, həmin sətirlərdə bir duyğu yaşamasını arzulayıram.

Bu dəfə isə sizi “Bahar Çiçəyim” adlı hekayəmlə baş-başa qoyuram. Ümid edirəm ki, hekayənin hər sətri baharın ilk nəfəsi, hər duyğusu isə yeni açan bir çiçək qədər təravətli və yaddaqalan olacaq.

 

“BAHAR ÇİÇƏYİM”

Birinci hissə

 

30 yaşıma qədəm qoyduğumdan özümü həyati sorğuya çəkib “ 30 il ərzində nələrə yiyələndim ? “ sualını  verdim. Məncə çox şeyə ... özümə görə bu böyük olsa da başqalarına adi görünə bilər, elə olur axı bizim böyütdüyümüz şeylər başqalarına kiçilmiş gəlir. 18 yaşından Latviyada  iqtisadiyyat  ixtisası üzrə təhsil aldım, sonra dayanmayıb İspaniyada eyni ixtisas üzrə magistr təhsilimi davam etdirdim. Əvvəllər çox eqolu, özündən razı idim, düşünürdüm məndən idealı yoxdu: klassik ədəbiyyat nümunələrinin xəstəsi, karate üzrə qara kəmər ustası və s. və i.a. Gənclik dövrümün başlanğıc vaxtları – qanımın qaynayan vaxtları idi. Adımı “ akademik Səlim “ qoymuşdular, özümü o qədər çox sevirdim ki sevgim yerə göyə sığmırdı. Öz dərdimdən ölürdüm, aynada özümə baxanda deyirdim, mən “səkkizinci dünya möcüzəsiyəm”. Kristina ilə qarşılaşana qədər. Azərbaycanda böyük ticarət sektorunun rəhbərlərindən biri İbrahim Əfəndizadənin eqoist, çoxbilmiş oğlu idimsə Latviyada qarşıma Kristina adlı xanım rast çıxandan sonra quzuya dönmüşdüm. Onun baxışları, günəş kimi sarı saçları, okean kimi mavi xamilyon gözləri, Eyfel qülləsinə bənzəyən düz burnu vardı. İspaniyaya gedənə qədər Kristina məni 180° dərəcə dəyişdirib A Səlimdən -Z Səlimə çevirdi. Bu gün belə səmimi,  eqosuz, dürüst insan olmağımı ona borcluyam, məni aldatmasına rəğmən.

Aramızda 2 yaş fərq vardı, məndən böyük idi, universitetin kitabxanasında tanış olmuşduq. Onu görən kimi, necə deyərlər, məni elektrik vurmuşdu, filmlərdə olduğu kimi gözlərimdən ürək fışqırırdı. Məni sadəcə yaraşıqlı olduğuma görə sevirdi, yəni dost kimi, nə bilim e, insan kimi mənə yaxın idi, amma daxilən onun adamı deyildim. Ancaq onun səsi, xoş aurası məni məndən almışdı. Amann Allahım, mən necə də ona aşiq olmuşdum. Deməli mən özümdən başqasına da vurula bilərdim. Bunu Kristina öz gözəlliyi ilə bacara bilmişdi. Avropaya getmişdimsə şərq kişilərinə məxsus davranışlarım dəyişməmişdi, elə indi də. Mən kirli-paslı biri idimsə Kristina məni yuyub tər-təmiz elədi. Məni fərqli insan mədəniyyəti ilə tanış elədi, dostcanlı olmağı, vicdanlı insan necə olmalıdır, onu öyrətdi. Sadəlik gözəllik imiş mən bunun fərqinə varmışdım. Təbii ki, qanımın qaynayan vaxtları idi, içimdəki lovğalıq məni içdən içə bitirmişdi. Buna görə ona həyati təşəkkürümü əsirgəmirəm. Bacısının dostu ilə hislərimlə oynayıb məni ona dəyişdi. Əslində hisslərimlə oynadı deməzdim, o zamanlar belə düşünürdüm. Mən heç ona sevgimi etiraf etməmişdim, gözləyirdim o mənə desin öz hisslərini. Əslində onun üçün üzülmədim, sızıldayıb qürurumu sındırmadım. Bəzən bitən münasibətlərdə deyilir ki, kaşki olmayaydı, qarşıma çıxmayaydı, amma mən deyirəm ki nə yaxşı oldu, onu tanıdım, özümü yeni insanla tanış elədim. Əslində o məni sevməmişdi, mən onun davranışlarını görüb bunu “sevgi münasibəti” hesab edirdim. Axı mən elə bir şey yaşamamışdım. Daha doğrusu hər şeyə sevgi ilə yanaşan insanı ilk dəfə idi görürdüm. Nə edim, bu da mənim “travmam” olsun. Lakin bunu neqativə bağlamadan pozitiv şəkildə həyatıma davam etməyə çalışıram.

İspaniyada isə mənim üçün başqa macəralar oldu . Yeni insanlar tanıdım, çoxlu dostlar, yeni həyatlar, münasibətlər gördüm. Azərbaycana qayıdanda sanki Avropadan Şərqə keçən körpüyə gəldim. Burada atamın şirkətində çalışmağa başladım, amma atamın şirkəti mənə cansıxıcı gəlirdi, qohumlarla işləmək mənə çətin gəlirdi. Əmrlər, lazımsız danlamalar, yersiz şikayətlər, düzgün olmayan haqq-hesablar ...daha nələr nələr... Bilirdim ki orada işləyən qohumlar atamın ardından işlər çevirirlər. Mən bir ofis açıb xarici dil öyrənmək istəyən şəxslər üçün dərslər təşkil etməyə başladım. Məndən 5 yaş balaca olan qardaşım Yusif isə atamla işləməyə məhkum idi, ali təhsili olmasa da təcrübəsi vardı, mənə görə insana təhsil deyil təcrübə lazımdır, o qədər savadlı, təhsilli amma işləməyə göndərsən heç nəyə lazım olmayan adam görmüşəm ki... Yusif bacımla məndən fərqli olaraq uşaqlıqdan sadə, işləyən, eqosuz birisi idi. Kristinadan əvvəl Yusifin kasıb işçilərlə səmimi, dostcanlı söhbətləri məni özümdən çıxarırdı elə buna görə də onunla dalaşırdım, anladım ki səhv eləmişəm, vaxtilə qardaşımın qəlbini qırmışam yekabaşlığım ucbatından.

Sadəlövh qardaşım şirkətin idərəedənlərindən biri idi. 30 yaşıma qədəm qoyandan sonra anamın mənimlə bağlı xəyalları dilə gəldi. Halal süd əmmiş qız tapıb məni evləndirmək istəyirdi, bax mən elə bundan qorxurdum. Camaatın qızlarına baxıb mənə yaraşdırırdı, Allah eləməmiş harada universitetdə oxuyan qız görürdüsə avtomatik olaraq beynində o qızı mənimlə yan yana qoyurdu. Mənsə evlənmək istəmirdim, qurduğum karyeraya davam etmək mənim hədəfim idi və evlənsəydim düşünürdüm ki, ailə məsuliyyətini daşımaq mənə çətin gələr, çünki mən rahatlığa öyrənmişdim. Hər dəfə evdə çay içəndə ya da yemək yeyəndə anamın ailə haqqında danışdığı mühazirəyə qulaq asmalı olurdum. Bu dəfə isə:

- Səlim, a bala, day mən də gəlin üçün xonça düzəltmək istəyirəmş

- Ay ana, düzəlt də sənə kimdi mane olan?

- Sən.

- Məndən başqa oğlun yoxdu ? Yusifə qız tap.

- O tapar, mən səndən nigaranam, mənim ilkimsən, bilirsən də bizim adətimizdə evin böyük övladı evlənər, sonra digərləri.

- Ay ana, hansı zamanədə  qalmışıq ? İndi Yusif ya da Nuranə evlənmək istəsə məni gözləməlidilər ki mən evlənim sonra onlar evlənsin ? Əcəb şeydiye...

- Hə, qulaq as, isçimiz Dilarə vardıya bax onun qızı təhsilli, qəşəng,  ağıllı qızdı kim bizə qızını verməz ? Özü də səndən də yaşca kiçikdi, sənə də uyğundur.

- Qıraqdan ağıllı görünə bilər, sən onun daxilinə bax

- Bura bax az danış, bu dəfə bax qız.

Sabah mağazanın açılışına gələcək, özü də Novruz bayramı ərəfəsidi, adam çox olacaq o da yəqin anasına kömək edəcək, baxarsan qıza

- Qız əşyadı bəyəm ?

- Sözümün qabağına söz qoyma, dedim bax demirəm istə, sonra deyərsən, nəzər yetir, fikir ver

- Ay Allah, mənə səbir ver ...

- Səbri mən eləmişəm e, ay bala evlən də biz də nəvə üzü görək, özün də ali təhsilli yaraşıqlı oğlansan, camaat bir həmlə gözləyir ki biz onların qapısına gedək, eşitdin məni ?

   Mağazanın açılış günündə Ayseli görən kimi ürəyimə bir sızıltı gəldi, elə bil içimdə  7-8bal gücündə zəlzələ baş verdi. Bu nə gözəllik , bu nə sadəlik, bu nə məsumluq !!! Anamın sözləri beynimdə error verirdi. “ Gəlin xonçası, gəlin xonçası “. Həqiqətən bu dəfə Ayseli öz yanıma yaraşdıra bilmişdim. Anasının yanından ayrılmayan qızcığaz sanki sıxılırdı, anasının kölgəsində sığınırdı, içimdən onu qorumaq gəlirdi. Mənə elə gəlirdi Aysel kimisə görmək istəyir,  gözləri utanaraq ətrafa baxırdı, sanki axtardığını görsə ürəyi gedər. Anası neçə ilin işçisi idi, qızını uşaq olanda görmüşəm, amma vecimə almamışdım onu maraqsız gəlirdi mənə kasıb təbəqənin adamları. İndi anlayıram ki, mən o vaxtı kasıb olmuşam özü lap səfil vəziyyətində olanından. Qıraqdan ac pişik ətə baxan kimi qıza göz qoyurdum, Yusif də gərgin halda yanımda dayanıb mən baxan tərəfə baxırdı, elə bil qardaşımı elektrik cərəyanı vurmuşdu, yazıq özünü itirib baxırdı. Yəqin yorğunluqdan idi. Aysel anidən dönüb bizə baxanda sanki vahimə görüb gözlərini yumub aşağı baxırdı. Nə baş verirdi ? Bəlkə mənim baxışlarım onu qorxutdu? Görməmiş kimi qıza baxanda elə olarda ... Görən bu qızı nə zaman görəcəm? Bəlkə sevdiyi var idi? Bir dəfə baxmaqla adam tanımaq olmur ki, o dəqiqə fikir bildirmək olmazdı. Anama da o dəqiqə elçi get deyə bilməzdim axı.Bəlkə belə tədbirləri tez – tez təşkil etmək lazım idi ? Novruz Məmmədov vaxtı adam çox olurdu yəqin ki tez – tez gələcəkdi. Görərdim onu tanış olardıq. Elə bu fikirlə neçə gün idi ki gəzirdim ki rəhbəri olduğum xarici dil kursunda Aysellə qarşılaşdım. İş üçün gəlmişdi, sən demə ingilis dili müəllimi imiş, məni görəndə birinci qaşlarını çatdı sonra səmimi gülüşlə danışmağa başladı. O an sevincimdən necə uçduğumu deyə bilərəm, çoxdandır belə sevinmirdim. Çalışırdım ofisə “ çiçəyimin “ gəldiyi vaxtlarda gəlim, daha çox ünsiyyət qurum, daha çox ona yaxın olum.

- Dilarə xanım necədi?

- Yaxşıdı, mağazada görmürsüz?

- Çox getmirəm ora, qardaşım idarə edir mağazanı

- ....Həə ....çox gözəl, o vaxt yadımdadı mən beşinci sinifdə oxuyurdum, hamı danışırdıki, Səlimağa xaricə gedib oxumağa

- Səlim ( gülür ) hə evdə Səlimağa deyirlər

- Təhsil necədir ? Hansı ölkədə təhsil almısız ?

- Təhsil Azərbaycandakından tamamən fərqlidir, Latviyada bakalavr, İspaniyada magistratura təhsili aldım  iqtisadiyyat üzrə, gənc idim atamın varına güvənib xarici seçdim ehh nəsə...

- Hə yadımdadı, heç kimlə çox ünsiyyət qurmazdız

- Hə indi dəyişmişəm, gələcək planlar nədi ?

- Məndə xaricdə magistratura fikirləşirəm, amma imkana görə qalmışam

- Mən hər cür dəstək dura bilərəm, nə lazım olsa de hə bir də mənimlə “ siz “ lə danışma, nə də olsa uşaqlıqdan tanışıq

- Yaxşı ( gülür).

- Nə lazım olsa mən burdayam hər zaman köməklik etməyə hazıram. Xaricdə təhsil almağına da kömək edərəm. Lap dövlət hesabına da gedə bilərsən. Müəyyən proqramlara müraciət edib getmək olar. Xaricdə çoxlu dostlarım var

- Hələki dəqiq bilinmir bəlkə burda oxudum bilmirəm, təşəkkürlər dəstəyin üçün

- O nə demək çox xoşdu. Hər zaman burdayam, bircə kəlmə Səlim də qulluğunda durum..

   Onun saf gülüşü necə də gözəl idi, fotoqraf olsaydım onu ancaq gülərkən şəkillərini çəkərdim çünki, çox yaraşırdı. Amma onun yanına kim yaraşırdı ? Bax o mənə çox maraqlı gəlirdi. Qardaşım ofisin yanından keçəndə mənə baş çəkməyə gəldi. Ofisin foyesindəki kresloda oturub çay içirdik, ayaqqabı səsindən bildim ki , “ çiçəyim “  gəlir , ürəyimdə dup – dup edir. Qarşımıza keçəndə Yusif içdiyi çayı “ pufff “ edib öskürməyə başladı, Ayselin də gözləri bərələ qaldı. Alınan mənzərədən özüm də tutuldum, nə oldu axı ? Bunlara nə oldu ? Yox.. yox.. Anlamalı idim. Onlar sevirdilər, hər nə də olsa Yusif onu məndən çox tanımalı idi, onların arasında sevgi ola bilərdi, ikisi də özünü həyəcandan itirib, bu aydın məsələdi sevirlər amma bir – birilərinə demirlər. Ayselin yanında mən yox qardaşım olmalı idi, həqiqətən bir – birilərinə çox yaraşırdılar, deyə bilərəm ki ,tamamlanırdılar .

                        

 

İkinci hissə

-... Aysel xanım

- Bəli, Yusif bəy

- Dayanın, ....necəsiz?

- Çox sağol olun, yaxşıyam.

- Burda işləyirsiz?

- Bəli.

- Nə yaxşı, sevindim ... Sizi ötürə bilərəm ...Evə gedirsiz ?

- Bəl, çox sağol olun, amma özüm gedərəm ...

- Hhhhh... Ananız necədi ?

- Görmürsüz mağazada ?

- Görürəm, bu gün səhər görmüşəm

- Onda mən sizdən soruşmalıyam anam necədi ?Onu məndən çox görən sizsiz ...

- Hə elədi...

- Mən gedə bilərəm ? İcazənizlə ?

- Hə ( çaşqın ) hə   ... Əlbəttə

- Sağolun ...

- Hə sağolun .... Dayanın ... Aysel ... Aysel xanım ...Aysel

- Bəli

- Dayan mən ... Mən itirmişəm özümü ...

- Niyə ?

- Yaxşı daa, özün bilmirsən ?

- Nəyi ?

- Səni ... Səni ... Sevdiyimi ...

- Bəsdi, eşidən olar mən işdəyəm belə danışma

- Mənə bax nə olar, nə vaxta kimi belə özümüzü yoracayıq ? Vallah mən yorulmuşam..  Gör nə vaxtdıye ...

- ( Aysel ürəyində ) 10 il...

- ....

- Hə, Aysel?

- Mən evə getməliyəm ...

- Sonra gedərsən, söhbət açılıb bilirəm , bilirəm sən də məni sevirsən , mən özümü inandırmışam ki məni sevirsən elədi ?

- Başqa vaxt danışarıq ..

- Yox , de , de ... Artıq mən dözə bilmirəm, yuxumda belə sənə həsrətlə baxıram, həyatda da ...başa düşürsən bacarmıram artıq ... Sevirsən ?

- Hə ...amma

- Nə amma ?

- Güvənmirəm...

- Necə yəni ?

- Mən də sənin hislərini yaşayıram, amma sənə güvənə bilmirəm, iş yerindəki qızların sənə olan hisslərini bilirəm, xüsusilə də Zümrüdün, sən də arada onunla yaxın olursan

-  Hardan bilirsən ? Mənə sən lazımsan, onlar yox, mən sənə necə ildi aşiqəm, onlar isə mənim işçilərimdi, niyə başa düşmürsən axı

- Nəysə ..

- Aysel, nə olar mənə qulaq as, illərdi sənə demək istəmişəm amma bacarmamışam, fürsət olmayıb şans ver xahiş edirəm

- Yusif ... Qardaşın gəlir ...

- Həə ,uşaqlıq tanışları, nə edirsiz ?

-....

- ....

- Yusif, gəl Aysel xanımı yola salaq maşınla  day avtobusla getməsin

- Getmirəm,  Səlim bəy, həm də başqa yerə gedəcəm işim var

- Onda getdiyin başqa yerə qoyaq səni

- Yaxşı

 Maşına minəndə ikisinin də üzü solmuşdu, mənim isə hisslərim. Yusif mənə bu qız haqqında heçnə danışmayıb bir kəlmə belə olsun, bəlkə utanırlar bir – birindən özümə təsəlli verirəm ki aralarında heçnə yoxdur, amma özümü aldadıram . Ümumiyyətlə mən niyə bu maşınla onlarla gedirəm ? Artığam burda. Yusif maşının “ 28 May “ Metrostansiyasının yaxınlığında saxladı, “ çiçəyim “ sağollaşıb düşdü, yox o daha mənim “ çiçəyim “ deyildi, mən səhv “ çiçək “ dərmişəm . Qardaşımdan soruşmaq istəsəm belə ürək edib öyrənə bilmədim,  sadəcə eşitmək istəmirdim. Səhəri gün Aysel mənə işə gəlməyəcəyini dedi, mən açığı desəm təəccüblənmədim , gözləyirdim bunu sonra eşitdim ki, neçə il atamın şirkətində çalışan Dilarə xanım da işdən ayrılıb.  Yusifə görə ? Nəyə lazım idi? Ara yerdə mənim hisslərim soldu. Neçə ildən sonra birinə aşiq oldum o da belə oldu, həqiqətən Aysel kimi qız görməmişdim, fikirləşirəm ki Aysel xəzinədi. Daxili aləminin gözəlliyi xarici gözəlliyinə ayrı fərqlilik qatmışdı .

                        

 Üçüncü hissə

Həyatımı yenə monoton olaraq davam etməyə qərar verdim, fikrimi yenə işimə , karyerama yönləndirdim .Yusif də mənim kimi ticarət, alış – veriş,firmalarla çənə döyüb ömrünü çürüdürdü.

 Yusif Ayselə öz sevgisini illərdi gizlədirdi, Aysel ali təhsilli müəllim, Yusif isə atasının yolu ilə gedən orta məktəb attestatlı ticarətçi idi. Onun qorxusu bu idi, Aysel uşaq vaxtlarından dərslərini yaxşı oxuyub, həmişə onu nümunə kimi çəkiblər, o da ona yaxınlaşmaqdan qorxub ki birdən onu bəyənməz. Əslində yalnış düşüncədə idi. Axı nə fərqi var idi, təhsilli yaxud təhsilsiz. Əsas olan o idi ki, sevən qəlblər birləşsin səadət tapsın. Yusif isə bu səadətini öz təhsilinə görə qurban verməli olmuşdu. 

    Noutbukumu götürüb işlərimi görmək üçün bir kofeşop – da əyləşdim. Başım o qədər qarışmışdı ki ətrafımdan xəbərim yox idi. Birdən bir uzunsaçlı, qara pencək ki xanım başımın üstündə durmuşdu. Aman o idi . Aysel ! Necə də dəyişmişdi, gözlərindən tanıdım onu arıqlamış daha da gözəlləşmişdi. Əsl şərq qadınlarına bənzəyirdi. Salamlaşıb onu kofe içməyə dəvət etdim, təklifi qəbul edib əyləşdi. Danimarkada magistratura təhsili almışdı.Dəyişmişdi çoox . Məndən, Yusifdən tez tərpənib evlənmişdi ... Hhhhh.. İşə bax.! Xoşbəxt görünürdü, mənə də nə lazımdır?  Onu xoşbəxt görmək, onu mən xoşbəxt etməsəm belə, çünki layiqdi buna.Əsl kişi sevdiyi xanımı xoşbəxt görmək istəyər. Fərqi yoxdu kiminlə ya özü ya başqası ilə. Əsas odu qadın xoşbəxtdir, könül istərdi onun xoşbəxtliyinin səbəbi olum amma nə etmək olardı ? Yaxşı, bu qız qardaşımla bağlı nəsə hissi var idisə niyə başqası ilə ailə həyatı qururdu ? Pula görə?Pul  desəm bizdə də var, sevgi desəm o da var, bəs nə ? Dözməyib ondan soruşdum

- Həyat yoldaşın necə biridi ? Ailə qurmaq kiçik dövlət qurmaq kimidi, sənin kimi ağıllı qız kiminlə ailə,  dövlət qurub ?

- Güvəndiyimlə ...

- Çox sevirsən yoldaşını?

- Sevgidən çox güvənirəm, mənim üçün birinci yerdə güvən,ikinci hörmət , üçüncü isə sevgi və dəyərdi. Birinci olmayan yerdə məndə heçnə alnımaz. Həddindən çox sevə bilərəm,amma güvənmirəmsə mənə lazım deyil.

- Səni harada gördü ?

- Həyat yoldaşımla evə Danimarkada tanış olduq, o da azərbaycanlı idi mənə nə qədər dəstək oldu, onu çox sınadım və sınaqlardan çıxdı ona güvənməyən başladım, güvən isə aramızdakı sevgiyə çevrildi.

- Maraqlıdır, bəs Dilarə xanım necədi ? Hardadı ?

- Anam yaxşıdı, mən Danimarkada oxuyanda dövlət hesabına qəbul olduğum üçün aldığım təqaüdü anama göndərirdim, dedim daha işləməyinə ehtiyac yoxdur,  təqaüdün bir hissəsini götürürdüm qalanını anam üçün göndərirdim.

- Gedişin ani oldu...

- Hə, əslində necə deyim ...

- Necə rahatdırsa elə də danış

- Yusiflə qarşılaşandan sonra o artıq hisslərini mənə açdı, amma mən onun haqqında başqa şeylər eşitmişdim, işçilərdən biri onunla sevgi münasibətindədi, çox pis olmuşdum, dedi mənə ki o sadəcə mənim işçimdir, nə bilim çox qısqanmışdım, həmişə ondan mənə qarşı hiss etdiklərini deməsini istəmişəm amma bir yandan da qorxmuşam

- Nədən ?

- Nə bilim, elə şeylər var ki onlar deyilmədən yaşanılmalıdı, amma elə şeylər də var ki mütləq etiraf etməlisən. Yusif mənim uşaqlıq xatirəmdi, mən bunu inkar edə bilmərəm. O mənə baxanda həm sevinirdim, həm də utanırdım.

- Yusif qardaşım olsa da bunu deməliyəm ki, onun hər hansısa işçi ilə münasibət qurması yalnız işə görə ola bilər, amma mənə də sənin haqqında heçnə danışmayıb, lakin hərəkətindən anladım ki sənə qarşı boş deyil

- Artıq mən ailəliyəm, çox yaxşı həyat yoldaşım var, onunla çox xoşbəxtəm, düzdü, əvvəl sevdiyim insanın olduğunu bilir amma biz onunla rəsmi münasibət qurmışdıq o da bunu platonik sevgi hesab etdiyindən heç bir probelim yoxdu, artıq burda da yaxşı bir işim var həyat yoldaşımla eyni holdingdə çalışırıq.

- Nə gözəl, Aysel, çox sevindim, xoşbəxtliyin əbədi olsun

- Təşəkkür edirəm, Səlim, mən getməliyəm, kofe qonaqlığı üçün çox sağol, özündən muğayat ol.

- Dilarə xanıma çoxlu salam de, xudafiz!

   Ayselin üzünə baxanda içimdə bir istilik hiss etdim və özümdə bunu kəşf etdim. Mən kimisə daha çox sevə bilərəm, lakin güvəni qazanmaq daha çox sevməkdən üstündür. Bəlkə də mən sadəcə olaraq sevən bir insanam güvənəcək qədər güvəniləcək münasibət yaradacaq deyildim. Aşiq olmaq hörmət, güvən, inam  qazanmaq demək deyil.

   Aysel mənim həyatımın bahar fəslində qəlbimə açılan çiçək idi yalan nə deyim ? Çox sevmişdim onu. Güvənmişdim ona ? Bilmirəm, demək bir gün sevgi hissim, həvəsim məni aldada bilərdi.Ancaq onu xoş insan kimi anacam, yaxşı ki onu tanıdım, yeni bir şey öyrədim ondan ... Güvənməyi, güvənərək sevməyi ... Əslində sevmək çox gözəl hissdir, xüsusən də qəlbinə ağlına hakim olan insanı. Bir də aşiq ola bilərəm ? Bilmirəm, zamanın işidi. Əslində aşiq olmaq iradə ilə deyil, qəlbin sənə verdiyi mesajla duyulur, göz görür, ağıl düşünür ağıl isə estafeti ürəyə ötürür. Ağıldan birtəhər silib ata bilərsən amma ürək əsla unutmur. Ömür bizə yetdiyi qədərdi, sevmək planla deyil, amma həyat planının bir hissəsidi. Həyatımda çox qızlarla rastlaşmışam amma Aysel qədəri ilə yox. Aysel mənim üçün bahar fəslində nadir rast gəlinən çiçək kimi idi. Amma özümdən çox qardaşıma üzülmüşdüm. Yazıq onsuz uşaqlıqdan bu həyatı yaşamağa məhkumdu, o sadəcə qorxurdu, amma nədən onu bilmirəm, valideyinlərimiz eyni olsa da düşüncə və hisslərimiz fərqlidi. İllərdi sevdiyi qıza hisslərini açmaqda çətinlik çəkdiyi üçün bu gün o çiçəyin sadəcə yanından ötən quru ot parçasıdır. Bəzən ona ürəyim ağrıyır, hər şeyə sadəcə kənardan baxaraq böyüyüb varlıq içində yoxluq yaşayıb. Onun uşaqlıqdan bəri kasıb işçilərlə birlikdə olmaq səbəbi onun qorxusu idi. Çünki böyük, pafoslu insanlar onu əzə bilərdilər, eqolu deyildi, amma güclü də deyildi. İnsan güclü olmalıdır ki istəyinə sahib ola bilsin. Əşşi nə bilim... Hər bir insan dərsdi ya dərd. Hər bir şeydən dərs ya dərd çıxarmaq insan övladının seçimidir. Nəysə...Ofisdən çıxıb maşına minib fikrimi dağıtmaq  radionu işə saldım, Lamiyənin ifa etdiyi gənclik vaxtı dinləyərək xarici ölkədə doğmalıq, rahatlıq tapdığım mahnının sədaları altında yoluma davam etdim;

                Bilirəm gələn deyilsən

                Yenə səni mən gözləyirəm.

                Gözləyirəm.

                Özgənin olsan da

                Tanrı çox görməsin mənə.

                Səni yenə yenə mən gözləyirəm.

 

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2026)

 

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.