Redaksiyanın poçtundan – Ülviyyə Fərmayılqızının essesi Featured

Hörmətli "Ədəbiyyat və İncəsənət" portalının redaksiyası,

​Mən Ülviyyə Fərmayılqızı, yüzlərlə şeirin, yeni nəşr olunmuş "Səssiz fırtına" və yaxın gələcəkdə işıq üzü görəcək "Sevginin kölgəsində" povestlərinin müəllifiyəm. Həmçinin hazırda 3-cü povestim üzərində tamamlama işləri aparıram.

​Geniş oxucu kütləsinə ünvanlanan yaradıcılıq nümunələrimdən iki yeni bədii-fəlsəfi essəmi portalınızda dərc olunması üçün diqqətinizə təqdim edirəm:

​"Özünü seçmək eqoizm deyil" (İnsanın özünədəyəri və mənəvi sərhədlərini qoruması haqqında)

​"Ağ da qaraya ziddir, amma əən çox ona yaraşır..." (Ziddiyyətlərin ahəngi və fərqliliklərin bir-birini tamamlaması haqqında)

Materialları dəyərləndirməyinizi və portalınızda dərc olunmasına şərait yaratmağınızı rica edirəm.

​Qiymətli vaxtınız və diqqətiniz üçün öncədən təşəkkür edirəm.

​Hörmətlə,Ülviyyə Fərmayılqızı

 

 

ÜLVİYYƏ FƏRMAYILQIZI

ÖZÜNÜ SEÇMƏK EQOİZM DEYİL

 

​Bu, sadəcə illərlə hamını seçib özünü axıra saxlamış bir insanın gec də olsa o sıraya öz adını yazmasıdır.

​Bizə balaca vaxtdan öyrədiblər ki, susmaq tərbiyədir, dözmək fəzilətdir, özünü düşünmək isə ayıbdır. Hamının könlünü al, hamıya "hə" de, yetər ki, kimsə inciyib getməsin. Amma heç kim demədi ki, bu yolun sonunda ən çox inciyən sən olacaqsan.

​Özünü seçmək – artıq səni incidən yerdə qalmaq istəməməkdir. Səni yoran söhbəti uzatmamaqdır. Sənin üzərindən keçib gedən insanlara "dayan" deməkdir. Bu eqoizm deyil. Bu, özünü qoruma instinktidir.

​İnsan hər kəs üçün güclü olanda, özünə gələndə gücsüz qalır. Hər kəs üçün anlayışlı olanda, öz dərdinə kor olur. Hər kəsin yükünü daşıyanda, bir gün öz yükünün altında əzilir. Özünü seçmək o demək deyil ki, sen başqasını sevmirsən. Əksinə – özünü seçməyən insan sağlam sevə bilməz. Çünki içi boşalan adam yalnız yorğunluq paylaşar.

​Bəzən "yox" demək lazımdır.

Bəzən getmək lazımdır.

Bəzən susmaq yox, danışmaq lazımdır.

Və bəzən də sadəcə güzgüyə baxıb demək lazımdır: "Bu dəfə səni seçirəm."

​Qoy səni egoist adlandırsınlar. Hər kəs üçün vaxt tapıb, özünə vaxt tapa bilməmək... Hər kəsin dərdinə qulaq asıb, öz səsini eşitməmək... Bu, yaxşılıq deyil. Bu, yavaş-yavaş özünü itirməkdir.

​İnsan bəzən elə alışır ki hamıya uyğunlaşmağa, sanki onun hissələri, yorğunluğu, arzuları ikinci dərəcəlidir. Amma heç kim sənin yerinə sənin yerində yaşaya bilməz. Özünü seçmək – kimisə yarı yolda qoymaq deyil. Səni yarı yolda qoyan duyğulardan ayrılmaqdır. Səni hər gün bir az daha kiçildən münasibətlərdən uzaqlaşmaqdır.

​Bu yol asan olmur. Vicdanınla mübarizə aparırsan, "bəlkə dözsəydim" deyə düşünürsən. Amma insan hər dəfə özünü susduranda, içində bir şey sınır.

​Özünü seçəndə dəyişirsən. Artıq hər çağırışa qaçmırsan, hər sözü ürəyinə almırsan, hər yükü boynuna götürmürsən. Səni anlayanlar qalacaq, anlamayanlar onsuz da heç vaxt sənin yükünü daşımayıb.

​Unutma: Özünü seçmədiyin hər gün, başqasının həyatında itən bir detal olursan. Bu egoizm deyil. Bu, gec də olsa özünə hörmət etməyi öyrənməkdir. Çünki özünə hörmət etməyən insanın həyatı başqalarının istəkləri ilə idarə olunur. Amma özünü seçəndə – öz həyatının qəhrəmanı olursan.

 

Redaksiyadan: Digər esse ilə sabah tanış ola biləcəksiniz.

“Ədəbiyyat və incəsənət”

(03.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.