“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Seyyidəli Sübhinin şeirləri təqdim ediləcək.sizlərə Seyyidəli Sübhinin şeirləri təqdim edilir
Seyyidəli SÜBHİ
İBRAHİMƏ VƏ RƏBBİNƏ
Səndən neçə il əvvəldi,
Sevgini tək Tanrı bildim,
Eşqin mehrabına gəldim,
İbrahim bütün yandırdım.
Bilməzlər kimə ağladım,
Yoluna can adaxladım,
Ruhun ruhumda saxladım,
Şəklin, surətin yandırdım.
Sevdalanmaq da çarmıxdı,
Mıxlandı ürək, vurnuxdu.
Həsrətin tüstüsü yoxdu,
Ona da tütün yandırdım.
Atəşim günlərin deyil,
Yanan peyğəmbərin deyil,
Allah, bu od sərin deyil,
Məni büsbütün yandırdı.
XÜLASƏ
Yandı içimdəki ocağın çöl divarı da,
Ocaq idim, qor oldum.
Ələnəsi külüm qalmır,
Qovruldum, odum, sovruldum.
Qaldırdım yelkəntək cüt avarı da,
Çəkmədim axına, yoruldum.
Əllərim asılı havadan –
Qayığamı dor oldum?!
***
Dərvişdim, dəli bildilər,
Daşlayanlar başın tutdu.
Məni şairlik öldürdü!
Məni şeirlər yaşatdı!
SİRENA
Dayanma!
Piyada keçididir dünya.
Üstünə əcəl maşını gələn gün
Ayaq saxlamaq nə mümkün?!
…Getməliyik
yol-yol, gün-gün…
HƏYAT HAVASI
Qatarın şüşəbəndindən barmaqları
Günəşin şəfəqlərin daraqlayırdı
Əli həyat havasına oynayan, darağı barmaqlı, günəş saçlı qızın…
“Bu oyunun soyuq yerləri də olacaq”, – dedim:
“Əlini günəşin saçlarından çək,
Əllərini öz saçına çək,
İsin
İçin-için…
Təkcə yanğı yox, soyuqluq da var xısın-xısın…
Fürsətdir,
Tapmışkən günəşi
Bir az da, bir az da qızın!”
YORĞUN
Dindi köksümdəki at qaçışları,
Susdu kişnərtisi şahbaz gəncliyin.
Mən elə yoruldum,
“Qan-tər içində
Çərləməkdi” adı belə dincliyin...
Çapıldı, çırpındı, nal saldı ürək,
Düşdü yalınayaq tovdan, təhərdən.
Çatladı, qan qusdu bu köhlən könül,
Ta kimə taxt olar qanlı yəhərdən?!
Daha heç tumara yatmaz bu dəli,
Bədöv yalmanında sovrulan yaltək.
Çox şaha qalmağın, çox şahlanmağın
Cilovu kədərmiş, cəzanı al çək!
Basıb üzəngisin çiyinləndiyin
Dərd altda, qoy, elə çatlasın bağrın!
Qaçaq sevinclərdən vəfalı imiş
Üstünə dördnala yeriyən ağrın.
“Ədəbiyyat və incəsənət”
(25.08.2026)


