“Bir şair, bir şeir”də Süleyman Abdullanın Dördlükləri Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, dəyərli izləyicilərimiz.

"Bir şair, bir şeir" rubrikamızın bu dəfə də dəyərli şair qonağı var. Bu şairin yaradıcılığı ilə artıq çoxları tanışdır.

Beləliklə, Sizə Süleyman Abdulla xəzinəsindən gözəl bir incini təqdim edirik.

 

 

DÖRDLÜKLƏR

 

Kimsə ağlayırdı... Qol saatında,

Kimsə vaxta baxıb gülümsəyirdi.

Bir eşq ağrıyırdı ürək çatında,

Bir sevgi zamana boyun əyirdi.

 

*

Bir az kədərlidir ömrün son çağı,

Getmir xəyalımdan o el, o oba.

Olur ki, üşüyür ata ocağı,

Son kibrit nəm çəkir, buzlayır soba.

 

*

Çatı üşüyürdü donmuş şüşənin

Soyuqlar düşməyə ərinməmişdi.

Sınmaq ehtimalı çoxdur düşənin,

Divarda cəng atan hava nəmişdi.

 

*

Hər yan bələnmişdi narın ağ qara,

Bu evdən o yana qurtarırdı kənd.

Qalmışdı "qarının borcu" bahara,

Vaxtın qışındaydı martda aynabənd.

 

*

Başını qatırdı hərəsi bir cür,

Sanki məhbəs idi səki boyu tor.

Yolu qaytarmağın vaxtı bir ömür,

Uddu sarısını yaşıl işıqfor.

 

*

Çoxdan doğrulara qoyulmuşdu quş,

Odla oynamağı sevirdi naşı.

Yalançı adamın mənzili yoxmuş,

Yox idi yanmağa torpağı, daşı.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.