Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, dəyərli izləyicilərimiz, xoş gördük.
Bilirəm ki, aranızda klassik şeir janrlarını sevənlər çoxdu.
Bu gün Sizə " Bir şair və şeir" rubrikasında ritmləri qəlb ritmləri kimi gözəl olan qəzəl təqdim edəcəyik.
Beləliklə, qonağımız hər zaman gənclərə dəstək olan, yol göstərən, sadəliyi ilə sevilən şair Gündüz Sevindikdir.
***
Çox naz eləyər, bülbül üçün - bir gülə qalsa,
Yüz nalə çəkər bir gül üçün - bülbülə qalsa.
"Dünya belə qalmaz" dedi şairlər əzəldən,
Dünyagirə yox fərqi ki, dünya belə qalsa...
Min dərdə salar naşını bir xırda çətinlik,
Arif tapar, iş yoldan azıb müşkülə qalsa.
Dərd əhlinə dərman arama, dərd ilə xoşdur
Eşq əhlinə öz dərdi, gülüm, silsilə qalsa...
Bu zülm(ü)dü gər, laləyə sarmaşsa tikanlar,
İnsan bezər o yerdə ki, nadan ilə qalsa.
Gündüz, sözü ariflərə ünvanla ki, billah
Olmaz qəzəlin qiyməti kor cahilə qalsa!
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


