“Biri ikisində” Əsəd Cahangirin essesi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Əsəd Cahangirin essesi təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Əsəd CAHANGİR

 

 

“SÖZÜMÜN CANI”

 Metafizik-strukturoloji esse

 

Bir hissə

 

İntibah mahiyyətcə sözün Sözdən, humanizm (adəmilik) isə insanın Allahdan uzaqlaşmasıdır. Batı insanı özünü Allahı itirməkdə tapdı! Doğu insanı, əksinə, sufilər və ya hürufilərdə olduğu kimi Allaha yaxınlaşmaq və hətta Allahla eyniləşməkdə! Hürufiliyin üsyankar təbliğatçısı Nəsimi bu barədə yazırdı:

 

Həqq-təala Adəm oğlu özüdür,

Otuz iki həqq kəlamı Sözüdür.

Cümlə aləm bil ki Allah özüdür,

Adəm ol candır ki, günəş üzüdür.

 

“Həqq-təala Adəm oğlu özüdür!”  Qoy, çağdaş dəb üzrə hürufiləri nəyin bahaslna olursa-olsun “küfrdən”, “bidətdən” təmizə çıxarmaq istəyənlər bu dördlüyü oxusunlar. Ümumən, görəsən, hürufilərin hər hansı  “bəraətə” ehtiyacı varmı? Və Allahla insanın eyniyyəti fikrini bundan aydın necə demək olar? Onları küfrdə suçlayıb öldürməklə, “küfrdən təmizləyib” onlara bəraət donu geyindirmək mahiyyətcə eyni şeydir – hər ikisi sözdür!

İ(n)sanı Allah(ın oğlu) elan eləyən xristianlıq özü də doğudan doğmuşdu. Min il sonra batı özünün antik bütləri, əski miflərinə qayıdır, Allahın oğlunu inkar eləyir və bu inkarı İntibah, oyanış, özünəqayıdış kimi başa düşürdü:

 

Batı xristianlığı rədd edib, antik miflərə qayıdırdı!

Batı doğunu rədd edib, özünə dönürdü!

Batı Sözü rədd edib, sözə dönürdü!

Batı Özünü rədd edib, özünə dönürdü!

 

Əslində, antik miflərdə də tanrıların çoxlu sayda övladları var, məsələn, biri elə “İliada”nın qəhrəmanı, dəniz tanrısı Poseydonun nəvəsi, dəniz ilahəsi Fetida ilə Ftiya hökmdarı Peleyin oğlu Axilles! Anası ilahə, atası adam! Yarı Allah, yarı insan! Amma batı insanı əski olaylara artıq inanc sistemi yox, sadəcə bədii zövq qaynağı olan estetik fakt kimi yanaşırdı. Bu, onun düşüncəsinin zəif yeri – Axilles dabanı idi! Bu baxış bucağı insanı  Allah qarşısında borc və öhdəlikdən, günah eləməklə bağlı məsuliyyətdən azad eləyir, inancı isə sadəcə sənətə – bədii-estetik oyuna çevirirdi. Ümumən hər hansı təzahürün sənətə çevrilməsi, estetik sublimasiyası onun həyat faktı kimi öz önəmini itirməsi deməkdir. Bu gün batı və Amerikanın çoxsaylı kinofilmlərində Həzrəti İsanın simasının bu və ya digər aktyor təfəindən canlandırılması xristianlığın bir din, inanc sistemi kimi öz ömrünü başa vurmaqda, sənət faktına çevrilməkdə olduğunu göstərir. Kinofilmlərdə Həzrət Məhəmmədin simasının göstərilməsi üzərinə qoyulan yasaq isə, əksinə, islamın bir inanc sistemi kimi hələ öz aktuallığını  itirmədiyini  göstərir. Həzrəti Məhəmməd  peyğəmbərlərin sonuncusu olduğundan bu yasaq məntiqlə qiyamətə qədər qüvvədə qalmalıdır. Lakin İslam peyğəmbərinin də üstündən yasaq örtüyünün filmlərdə tədricən çəkildiyi hiss olunur: Misirin “Çağırış” filmində (1976, rejissorlar Mustafa Akkad, Endrü Marton, ssenari müəllifi H.A.L.Kreig) Peyğəmbərin sadəcə əsası görünürsə, İranın “Allahın elçisi” filmində (2015, rejissor Məcid Məcidi, ssenari müəllifləri Məcid Məcidi, Kambuzia Partovi) əsa titan əlini də görürük. Deyəsən, kinematoqrafiya Pəsulullahın ekran təcəssümünü  yavaş-yavaş ələ verir!

 

***
      

Batı insanı dini-mistik yuxudan oyanıb özünün adiliyini görürdü. Bu lazım idi – insan özünün adiliyini görməlidir! İnsanın adiliyi onun cismi, bədəniylə bağlıdır! İnsan özünün cismini bilməli, tanımalıdır! O bu dünyadakı varlığına görə cisminə, bədəninə borcludur! Bədən olmadan o ən yüngül quş lələyini belə yerdən qaldıra bilməz!

Doğu insanı dünya adlı yuxudan ayılıb özünün aliliyini görürdü! Bu vacibdir – insan özünün aliliyini görməlidir! İnsanın aliliyi onun ruhuyla bağlıdır! İnsan öz ruhunu bilməli, tanımalıdır! Onun bu dünyaya gəlməkdən məqsədi ruhun empirik təcrübə toplaması, praktik biliyini artırmasıdır. Səməd Vurğunun dediyi kimi, “dünya yaranmayıb ötərgi bir səs!” Dünya ruhun emalatxanası, bədən ruhun alətidir.

Doğu insanı dünyanı bir yuxu sayırdı. Onun oyanışı özünün ruhaniliyini görməklə bağlıydı. Bu tezis idi.

Batı insanı metafizikanı bir yuxu sayırdı. Onun oyanışı özünün cismaniliyini görməklə bağlıydı. Bu, antitezis idi.

İnsan ruhdan və bədəndən ibarətdir və  bu iki oyanış bir-birini inkar eləmir, tamamlayırdı. Üçüncü minilliyin adamı bu tamamlanmış, bütöv oyanışdan doğacaq. Bu, sintez olacaq və bununla da tezis, antitezis, sintez çevrəsi tamamlanacaq.

 

***

 

Hürufiliyin banisi astrabadlı Fəzlullah Nəimi Bakıda qələmə aldığı “Cavidannamə” əsərində insanın Allah kimi ölməzliyindən danışır. Bu məntiqidir – ölməzlik haqqında kitab ölməzlər şəhərində (Bakı-baki-baqi-boqi-əbədi-ölməz) yazılmalıydı və yazıldı. Fərqindəsinizmi – əbədiyyət haqqında ən dərin mənalı kitab indi içindən muzey kimi keçdiyimiz İçərişəhərdə yazılıb! Məntiqidir – mahiyyət, batin, daxil, iç haqqında kitab İçərişəhərdə yazılmalıydı və yazıldı! Oxuyursan və düşünürsən – görəsən, bu Kitabı, doğrudanmı, insan yazıb?! İnsan ağlı, zəkası, qavrayışı, tərfəkkürü, idrakı buna qadirdirmi? “Cavidannamə” bu günəcən də bütün dünyada insanın aliliyi  haqqında yazılan kitabların ən gözəli olaraq qalır! Bu kitab Sözün – ilahi kəlamın minlərlə bəşəri təfsiri içində müstəsna mövqeyə, təkrarsız statusa malikdir. Nəimi bu kitabla hürufilyin – Quranın iyirmi səkkiz qutsal hərfini (və üstəgəl fars əlifbasından dörd hərfini) insanın sifətində görən dini-mistik təlimin əsasını qoyub. “Cavidannamə” ölməzliyin hürufatı, əbədiyyətin əlifbasıdır. Bu kitabda doğunun üç xalqı birləşir – fars oğlu ərəb əlifbası haqqında təlimini türk torpağında yaradır! Dünya sadəcə türklə başlamır, həm də türklə bitir!

Xiromantlar deyir ki, insanın taleyi onun əlinə yazılıb. Nəimi isə deyir ki, insanın əbədiyyəti, cavidanlığı, ölməzliyi onun üzünə yazılıb. İnsan öz üzünü oxumalıdır! Üzünü oxumaqla insan bütün varlığı oxuyur! Nədənki bütün kainat insanın üzündə güzgülənir. İnsanın üzü bütün varlığın aynasıdır! İnsanın üzü dərin sirlər, ali mənalarla dolu böyük bir kitabdır! Allahın əlamətləri, atirbutları  (ərəz) insanın üzündə, zatı, substansiyası (cövhər) isə insanın ruhunda əks olunur!  Nəsimi bu barədə yazırdı:

 

Səni bu hüsni-camal ilə, kamal ilə görüb,

Qorxdular həq deməyə, döndülər insan dedilər.

 

Surətin vəsfini sordum isə hər taifədən,

Məninin güzgüsünü surəti-rəhman dedilər.

 

Üzünü, özünü oxuyan insan kamil, oxuya bilməyən cahildir. Ona görə cəhalətdən oyanmağa – üzünü, özünü oxumağa çağırış hürufi poeziyasından qızıl xətlə keçir. Hürufilərə görə özünü bilmək, üzünü oxumaq mərifət, özünü bilməmək, üzünü oxumağı bacarmamaq qəflətdir! Özünü bilən arif, özündən xəbərsiz qafildir! Nəsimi bu barədə yazırdı:

 

Ey özündən bixəbər qafil, oyan!

Həqq mənəm, həqq olmayıb batil, oyan!

Mərifətdən nəsnə qıl hasil, oyan!

Olma fani aləmə mayil, oyan!

 

Nəiminin Allah-insan konsepsiyası da hər şeyin insanda təcəllasına dair fundamental qənaətdən – vəhdəti-vücud düşüncəsndən doğurdu:

 

Allah özünün yaratdığı hər şeydədir;

İnsan Allahın yaratdığı hər şeyin sonucudur;

Və deməli, sonucda Allah insandadır.

 

Nəimi bu kitabla doğu humanizminin (adəmiliyin, insansevərliyin, insanpərvərliyin, yaxud insanpərəstliyin) sistemaitik əsasını işləyib hazırlayıb. “Cavidannamə”yə görə insan Allahın Sözüdür! “Cavidannamə”yə görə insan Allahın özüdür!

Nəiminin tarix konsepsiyası da  Allahın insanda təcəllasına dair fundamental hürifi qənaətindən doğur. O  bu prinsipə söykənərək Adəmdən özünə qədərki tarixi üç dönəmə bölür:

 

birincisi – nübüvvət, yəni Həzrət Adəmlə başlayıb Həzrət Məhəmmədlə başa çatan peyğəmbərlər dönəmi;

ikincisi – vilayət, yəni Həzrət Məhəmmədin vəfatından Nəiminin zühuruna  qədər sürən övliyalar, vəlilər dönəmi;

üçüncüsü – üluhiyyat, yəni Nəiminin zühuruyla başlayan ilahi dönəm.

 

Nəiminin üçlü bölgüsünü təxminən belə sadələşdirmək də olar:

 

Birinci dönəm: Allah

İkinci dönəm: insan

Üçüncü dönəm: Allah-insan!

 

Bəli, Nəimi iddia edirdi ki, onunla övliyalar dönəmi bitir və üluhiyyat başlayır. Yəni Allah öz Sözünü öncə peyğəmbərlər, sonra övliyalar, vəlilər vasitəsiylə deyib, indi isə birbaşa yerə enərək Nəiminin sifətində təcəlla eləyir. Və bununla, elə bil, deyir ki,  bizim aramızda Cəbrayıla artıq ehtiyac yoxdur  – onu öz qasidlik görəvindən azad edirəm. Mən sənəm, sən də mənsən!  Nə sən varsan, nə də mən – biz varıq! Nəsimi bu babda belə yazırdı:

 

Biz ki, məndən üstün oldu, bil, odur,

Həyat suyu çeşməsinin rəvanı!

 

Müsəlmanlar haqlı olaraq həmişə onunla qürur duyub və indi də qürur duyurlar ki, öncəki qutsal kitablardan fərqli olaraq Qurani-Kərim birbaşa Allah kəlamıdır. Yəni Allah öz Sözünü Həzrəti Cəbrayıla deyib, qasid mələk Rəsulullaha deyir, Rəsulullah isə nöqtəbənöqtə, hərfbəhərf, sözbəsöz insanlara çatdırır. Peyğəmbərə həsr elədiyi qəzəlində Füzuli  bu barədə yazırdı:

 

Münhiyi-həqiqəti hal dililə daim,

Qılır əhli-hala əsrari-həqiqət inha.

 

Yalnız bir dəfə – merac gecəsi Pəsulullah ilahi vəhyi mələk vasitəsilə deyil, birbaşa Allahın özündən alıb və bu üzdən o gecəki vəhy “ayətül-kürsi” (“uca ayə”) adlanır. Nəimi zühur eləyəndə yeddi yüz iliydi ki, bütün islam dünyası bütün bunları mütləq həqiqət kimi qəbul eləmişdi. İndi birdən-birə Astrabaddan bir nəfər yuxuyozan çıxır, öz yuxularını həqiqət adına yozur  və demədən deyirdi:

əgər Allah vəhyi Peyğəmbərə Cəbrayıl vasitəsilə deyirdisə, mən  onu birbaşa eşidirəm!

          Həzrət Məhəmməd zamanında Allah,  mələk, insan üçlüyü vardı, indi üçü bir sifətdədir və o, mənəm!

Həzrəti Məhəmməd Allahın peyğəmbəri idi, mən Allahın özünün təcəllasıyam!

Həzrət Məhəmməd müjdə gətirən idi, mən müjdə verənəm!

Həzrət Məhəmmədə Söz deyilirdi, mən Sözü özüm deyirəm!

Rəsulullaha olan bütün ehtiramına baxmayaraq, Fəzlullahın bu yanaşması sonucda “mən Peyğəmbərdən bir pillə üstünəm” anlamına gəlirdi. Yeddi yüzil ərzində artıq tam oturuşmuş, daşlaşmış İslam düşüncəsi buna dözə bilərdimi? Məhşəri-yövmül-hesab  qopmalı deyildimi?!

Hürufilərin “Ənəl-həqq!”, yəni “Həqq mənəm!” devizi üluhiyyatın Nəimidə, yəni Allah-insanda təcəllasına dair fikrə imandan doğurdu. Ənəl-həqq hürufilərin kəlmeyi-şəhadətiydi. Rəsmi din təmsilçiləri bunu bidət, sapqınlıq, şirk kimi qarşıladı, Nəimini və onun ardıcıllarını “zındıq” elan elədi. Əslində, “Ənəl həqq” ortodoksal İslamın ana ideyasının – “la ilahə illəllah”ın inkarı yox, yeni tarixi duruma uyğun davamı, qarşılığı, anoloquydu. O mahiyyətcə “İnsandan başqa Allah yoxdur!” deməkdir. Yəni Allah ideyası hürufilərdə ümumən inkar olunmur, onun subyekti, şəxsiyyəti göydən yerə endirilir, adəmiləşdirilir, adamlaşdırılır, şəxsləndirilirdi. Nədənki birinci minilliyin qəhrəmanı Allah, ikinci minilliyin qəhrəmanı insan idi. Hər şey, hətta Allahın özü belə insaniləşməliydi. İnsaniləşmə, torpağa eniş, maddiləşmə, konkretləşmə Allahın özünün proqramıydı. Allah minillərlə yerə mələkləri, peyğəmbərləri göndərmişdi, indi isə özü yerə enirdi. Və odur ki:

 

İslamda Allah gözəgörünməzdir, hürufilərdə görünən!

İslamda Allah eşidilməzdir, hürufilərdə eşidilən!

İslamda Allah toxunulmazdır, hürufilərdə toxunulan!

İslamda Allah mücərrəddir, hürufilərdə konkret!

İslamda Allah noumendir, hürifilərdə fenomen!

İslamda Allah qeyri-şəxsdir, hürufilərdə şəxs!

İslamda Allah yaradandır, hürufilərdə həm də yaradılan!

İslamda Allah kənardadır, hürufilərdə daxildə!

İslamda Allah birdir, hürufilərdə birlik!

İslamda Allah Allahdır, hürifilərdə insan!

 

Hürufilərin həqiqətinin yerə və insana bağlılığı onların dörd başlanğıc ünsür arasında torpağa özəl status vermələrinə nədən olurdu. Axı, Allah insanı öncə torpaqdan yoğurub yapmış, sonra  ona can, nəfəs vermişdi. Hürufilər bütün fikirlərində sistematik, ardıcıl surətdə Quran və ya hədislərə söykənirdilər. “Cavidannamə” başdan sonacan Quran və hədislərdən gətirilən sitatlarla  doludur.

Əgər kəlmeyi-şəhadəti deyib müsəlman olurdunsa, “Ənəl-həqq!” deməklə də hürufi olur, Allahın insanda təcəllasına iman gətirirdin. Nəsimi divanından bu hürufi kəlmeyi-şəhadətinə dair yüzlərlə sitat gətirmək olar:

 

Bulmuşam həqqi, ənəl-həqq söylərəm,

Həq mənəm, həq məndədir, həqq söylərəm!

 

Təsadüfi deyil ki, hürufilər özlərinə “adəmi” deyirdilər. “Adəmə, onun nəslindən törəyənlərə, insana pərəstiş eləyən şəxs” anlamı verən bu söz batılıların “humanist” anlayışının, adəmilik isə “humanizm”in doğu variantı idi.

Bir az da təhqiramiz çalar daşıyan “hürufi” adını Həimi və onun ardıcıllarına başqaları vermişdilər. Əslində, bu adı onlara verənlər özləri Quranın mahiyyətinə varmır, onun nəhayətsiz dərəcədə  dərin, çoxqatlı rümuzatına enmir, onu üzdən, səthi, hərfən anlayır, onun mənası deyil, hərfinə sədaqət göstərirdilər. Dərinə gedəndə Nəimi və onun ardıcılları deyil, onların əleyhdarları özləri “hürufi” idi. Yeni dönəmdən etibarən İslam dünyasının Avropadan geri qalması və bu geriliyin on doqquzuncu yüzildə acınacaqlı bir duruma gəlib çıxamsının ana səbəbi məhz Qurana, Kitaba, şəriətə yanaşmada din xadimlərinin  “bukvoyedliyi” və bundan doğan fanatizm, cəhalət oldu:

namazı qolubağlı qılaq,  yoxsa qoluaçıq;

dəstəmaz alanda ayağı yuyaq, yoxsa məsh eləyək;

namaz qılanda “əttahiyyati-lillahi...”ni oxuyaq, yoxsa “vəhdəhu la şəriki lə...”ni;

namazın sonunda sağa-sola salam verək, yoxsa verməyək;

gündə beş dəfə namaz qılaq, yoxsa üç  dəfə;

orucluq zamanı tüpürcəyi udmaq olar, yoxsa olmaz;

orucluq zamanı təsadüfən ağzına milçək düşsə, oruc pozulur, ya yox;

dəvənin beli iynənin gözündən keçsə, cəhənnəm əhli azad olacaq, ya yox;

Xeybər qalasını Həzrət Ömər almışdı, yoxsa Həzrət Əli;

və sair və sair və sair...

Nəiminin təlimi, əksinə, Quranın məhz alt qatlarına, batini anlamlarına iddia eləyən ifrat ezoterik təlim idi. Ənəl-həqq! Bu iki kəlmə İslam aləmində o vaxtacan Mənsur-Həllac tərəfindən deyilmiş və böyük mistikin Bağdadda dara çəkilməsiylə sonuclanmışdı. Bu, görünüb-eşidilməmiş dərəcədə böyük cəsarət idi! Bu Allahla insan, Sözlə söz arasında bərabərlik işarəsi qoymaq idi! Bu cəsarət Nəimiyə də, onun minlərlə  müridinə də baha başa gəldi, onlar da bunun qarşılığını öz həyatları ilə ödədilər. Mürşidi-Kamili atlara qoşaraq dörd yerə şaqqaladılar, müridləri isə başını kəsib, dabanından soymaq, diri-diri yandırmaq, dara çəkmək, boynunu vurmaq kimi orta çağlara məxsus dürlü edamlara məhkum elədilər. Osmanlı sultanı Mehmet Fatihin əmriylə əl-qolu bağlanmış on mindən çox hürufini xüsisi olaraq qazılmış böyük bir çaladakı  tonqala atdılar! Rəvayət edirlər ki, yanıq ət qoxusu o ətrafdan aylarla çəkilməyibmiş!

Azərbaycandan başlayan hürufilik Anadolu, İraq, Suriya, Misir, Balkanlara keçdi və tədricən zəifləyərək on səkkizinci yüzilin sonlarınacan davam elədi. Düşüncə inqilabı bir günəş kimi doğudan doğub, batıda batdı! Batdı ki, sabah doğudan yenidən doğsun! Amma bu yeni doğuşu təxminən iki yüzil gözləmək lazım gəldi!

Əgər Teymur, Sultan Mehmet Fatih kimi cahangirlər hürufi intellektual elitasının başını kəsməsəydilər, dünyanın çağdaş mənzərəsi bu gün bəlkə də tamamilə başqa cür ola bilərdi! Nə yazıq ki, olmadı! Neçə-neçə orduları yenən Teymur fanatizmə məğlub oldu! Xaçpərəstlərin paytaxtı İstanbulu alan Sultan Mehmet Fateh müsəlman üləmasının təzyiqi qarşısında geri çəkildi! Hürufilərin edam fərmanı verildi! Ağlın, zəkanın, mərifətin çırağı söndürüldü!

 

***
      

İnsan Allah kimi ölməz, əbədi, cavidandır! Bu ideya  orta çağ doğusunda hər gün baş verən adi bir olaydan başlayıb, bütün Yaxın Şərq və Orta doğu, Balkanları qapsayan, yüzillərlə sürən böyük bir düşüncə axınına çevrildi.  Bəs, o hansı olay idi!

Türkiyənin görkəmli hürufişünas alimi Fatih Usluer “Hürufilik” adlı qiymətli kitabında yazır ki, o vaxt gənc yaşda olan Nəimi bir gün küçə ilə gedən bir dərvişin Cəlaləddin Rumidən oxuduğu bu beyti eşidir:

 

Əz morq çe əndişə, çün cani-bəqa dari,

Dər gur koca gənci, çün nuri-xuda dari.

 

Və Xoca Kəmaləddindən (Allah ona rəhmət eləsin) bu sözlərin nə anlam daşıdığını soruşur. Xoca  beytin  eşq və cəzblə bağlı olduğunu deyir və onun batini anlamını tələbəsinə açıqlayır. Gənc  Nəiminin bütün gələcək həyat və düşüncə yolu radikal surətdə dəyişir! Üstündən onillər keçəndən sonra “Cavidannamə”nin qələmə alınması, hürufiliyin meydana gəlməsi, yüzillər keçəndən sonra Muğannanın “İdeal”ı yazması, sonucda oxumaqda olduğunuz bu kitabın  yaranmasına nədən olan o taleyüklü beytin dilimizə tərcüməsi belədir:

 

Ölümdən nə qorxursan, çünki ölməz ruhun var,

Qəbrə necə sığırsan, çünki Allah nurun var.

 

İnsanın ölməzliyinə iddia edən hürufiləri qətlə yetirir və sanki “demirsiniz ki, ölməzik, buyurun, bu meydan, bu da siz, di ölməzliyinizi sübut edin, görək necə edəcəksiniz!” deyirdilər.

Ağlasızğmaz dərəcədə dəhşətli ölümlər  Ruminin ölməzlik haqqında bu beytindən başladı, amma onunla bitmədi. İnsanın Allah kimi ölməzliyi məsələsində Nəimiyə ilham verən ikinci və daha önəmli qaynaq Peyğəmbərin meracı ilə bağlı bir hədis oldu. O öncə Ruminin litseyi, sonra isə  Peyğəmbər Əfəndimizin akademiyasında dərs aldı. Hədisə görə, Rəsulullah meracdan qayıdandan sonra “mən Allahı başında qızıl tac, əynində qızıl libas, əlində qızıl əsa, ayağında qızıl başmaq, qızıldan taxtda əyləşmiş, bığ yerləri yenicə tərləmiş, qıvrıcıq saçları çiyinlərinə tökülən yeniyetmə oğlan qiyafəsində gördüm” demişdi.

Nəimi bu hədisdən çoxpilləli bir sonuca vardı:

hər kəs merac edir, sadəcə, hər kəsin meracı onun layiq olduğu dərəcədə olur, yəni “Allah istədiyi kəsləri dərəcələrlə yüksəldir” (Qurani-Kərim, “Yusif” surəsi, 76-cı ayə), yaxud “kim nə miqdar olsa, əhlini eylər ol miqdar Söz” (Füzuli);

hər kəsin meracı onun özü-özüylə, yəni özünün daha yüksək dərəcəli,  ali, ülvi, xalis, təmiz, dünyanın çirkabına bulaşmamış, əbədi gənc, ölümsüz  forması ilə  görüşüdür;

hər kəsin cismani forması onun surəti, kopiyası, meracda gördüyü isə özü(lü), əsli, zatı, orijinalıdır;

Rəsulullah merac gecəsi qızıl taxtda əyləşmiş yeniyetməni görməklə  özünün bir neçə il sonra Məkkədə dövlət quracağı və hökmdar olacağını görmüşdü; Rəsulullah adi, sıravi bir adam olmadığı, bütün insanlığın meyarı olduğu üçün meracda təkcə özünü deyil, bütün insanlığın əslini, mahiyyətini, zatını, orijinalını, yəni təkcə özünün Məkkədə şah olacağını deyil, həm də ümumən insanın kainat taxtının şahı olduğunu görmüşdü;

varlığın şahı Allahdır və odur ki, Rəsulullah insanı kainat taxtında əyləşmiş yeniyetmə qiyafəsində görməklə, Allahı insan sifətində görmüşdü;

əgər Allah insanın sifətində təcəlla eləyirsə, deməli, insan da Allah kimi əbədi, ölməz, cavidandır!

Hürufilərə görə, onlar ölməzliyin gizli sirrini (sirri-nihanı) tapmışdılar. O sirr nədən ibarət idi? Bütün sualların, eləcə də ölməzliklə bağlı sualın cavabı, bütün sirlərin çözümü insan özüdür! İnsan özünü dərk etsə, bütün varlığı dərk edər! İnsan gizli xəzinədir, nə yazıq ki, bundan xəbərdsizdir! Allahın zatı, mahiyyəti ilə bağlı hamıdan gizli saxlanılan adı İnsandır! Nəsimi “Sığmazam” rədifli proqram səciyyəli qəzəlində yazırdı: 

 

Gənci-nihan mənəm, mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri  kan mənəm, mən uş, bəhrəvü kanə sığmazam.

 

Nəimi özünün bütün həyatı və fəaliyyəti ilə yeriyən, danışan, şeir qoşan, risalə yazan, kitab oxuyan, namaz qılan, oruc tutan, papaqçılıq eləyən canlı Söz idi. Cahillər bunu eşidib  insanın bu ali mərtəbəsindən dəhşətə gəldilər, gözləri qaraldı!  Vərdiş olunmamış ucalıq insanı qorxudur! Əmir Teymurun böyük oğlu, Xorasan, Azərbaycan, İran və İraqın hakimi, atdan yıxıldığından beyni silkələnən və dəlisov qərarlar verən Miranşahın əmriylə Nəimini təqib eləyib tutdular və Əlincədə edam elədilər. Astrabadda cismən, Bakıda ruhən doğulan Söz Naxçıvanda torpağa tapşırıldı.

Nəiminin öz müridləri üzərindəki təsiri o qədər güclüydü ki, onlar Mürşidi-Kamilin Allahın yer üzündəki təcəllası olduğuna şəksiz iman gətirmişdilər. Bu, doğrudan da, heyrətamiz bir hiss, təkrarsız duyğudur – təsəvvür edin ki,  səsini eşitdiyiniz, üzünü gördüyünüz bir şəxsin simasında Allah hər gün sizinlə birbaşa danışır! Hətta bunu sadəcə yazmaqla belə mən indi həyəcan duyuram! Bəs, onda Mürşidi-kamili  hər gün görən müridlər nələr duymalıydılar? Özünü tanıyandan bircə tikə də zəhmətsiz çörək yeməyən Halalxor dahinin ən istedadlı ardıcıllarından biri olan Nəsiminin çılğın çağırışları da Allahla canlı bağlantı kimi heytəramiz duyğunun yaratdığı  sonsuz həyəcandan doğurdu:

 

Fəzli-həqdir vaqifi-əsrarımız!

Fəzli-həqdəndir qamu ənvarımız!

Fəzli-həq göstərmiş idi karımız!

Fəzli-həqdir, fəzli-həq memarımız!

 

Nəsimini insanlığa bağışlayan Nəimi idi. Bu iki hürufinin təxəllüsləri arasında bircə hərf fərqi vardı: Nəimi – Nə(s)imi! Nəsiminin şeirləri Nəimidən ilham alırdı! Bu şeirlər Nəim cənnətlərindən əsən bir nəsim idi. Allah onların hər ikisini “Nəim cənnətlərinin varislərindən eləsin” (Quran, “Şairlər”, 85) Bu nəim, nemət, ənam, ruzi, mükafat Sözdür! Allahın Sözü onların üstündə olsun! Amin!

 

***

 

Nəimi meydana çıxanda Peyğəmbər Əfəndimizin zühurundan yeddi yüz il keçirdi. Hər yeddi yüz ildən bir Söz yenidən təcəlla eləyir. Nəiminin ölümünəqədər o üç dəfə zühur eləmişdi:

 

Ruhullahın – Həzrəti İsanın simasında I yüzildə;

Həbibullahın – Həzrəti Məhəmmədin  simasında VII yüzildə;

Fəzlullahın – Nəiminin  simasında  XIV yüzildə;

 

Dinlər və ümumən bəşər tarixi Sözün fenomenologiyası, zühuru, təcəllası tarixidir. Bu üç təcəlladan xrsitianlar yalnız birincini, ortodoksal islamçılar ilk ikisini qəbul eləyir, hürufilər isə bura üçüncünü – Nəimini əlavə eləyirdi. Mən dördüncünü əlavə edəcəm:

İsa Muğanna!!!

Deyəsən, təəccüb etdiniz! Amma nahaq! Nədənki bu, sadəcə mənim fərdi təxəyyülüm, subyektiv fantaziyamın sonucu deyil – ortada faktlar var, özü də yetərincə tutarlı faktlar:

Zaman faktı. Nəiminin edamından yeddi yüz il keçir, deməli, tarixi məntiqlə Sözün  zühurunun yeni dönəmi başlamalıdır.

Məkan faktı. Nəimi “Cavidannamə”ni Bakıda yazmışdısa, yəni Sözün son təcəllası Bakıda baş vermişdisə, deməli, yeni təcəlla da bu şəhərdə baş verə bilərdi. Muğannanın  “İdeal”ı Bakıda yazması bu üzdən məntiqidir. Digər yandan, Muğannanın ssenarisi əsasında ekranlaşdırılan və vaxtilə Sovetlər Birliyində maraqlı kinematoqrafik olay  kimi qarşılanan, bir çox ödüllərə layiq görülən  “Nəsimi” filminin bir çox kadrları Naxçıvanda, yəni Nəiminin dəfn olunduğu yerdə çəkilmişdi. Hər iki məkan Muğannanı Nəimiyə bağlayır.

Ədəbi-bədii  fakt: Görkəmli yazıçının hürifilər, təbii ki, hər kəsdən öncə Nəimi və Nəsimi haqqındakı “Məhşər” tarixi romanını burda özəl xatırlatmaq lazımdır. Məhz hürufilik haqqındakı bu roman mövzuya girmək üçün Muğannaya qapı açmış, yazıçı üstündən təxminən on il keçəndən sonra böyük fikir dartışmalarına nədən olan ünlü “İdeal” romanını yazmışdı! “Məhşər” Muğannanın zühurunun hərf, “İdeal” isə Söz dönəmi idi. Söz hərflərdən yaranır.  

Ad, loqos faktı. Görəsən, Sözün yeni təcəllası niyə məhz İsa adlı bir yazıçının simasında baş verməliydi? Bu, əlbəttə ki,  təsadüfi deyildi və ümumən dünyada təsadüf deyilən bir şey yoxdur. Sözün insan sifətində təcəllası – Həzrəti İsa birinci minillyin başlanğıcında zühur eləmişdi. İndi ikinci minilliyin sonu, üçüncücün başlanğıcı idi və Sözün yeni təcəllası yeni İsa ilə başlayırdı.

Elmi fakt: Muğanna “İdeal” romanında Sözün semantik yöndən  təhrif, fonetik yöndən deformasiya olunaraq sözə enməsi tarixindən sadəcə yazıçı kimi yox, həm də bir linqvist alim, bir tarixçi, bir türkoloq, bir ideoloq kimi yazır. “İdeal” Muğannanın sadəcə romanı yox, həm də linqvistikası, tarixşünaslığı, türkologiyası, ideologiyasıdır! Muğannanın ideologiyası “İdeal”ogiyadır! Və ən başlıcası, Muğanna öz SafAğ elmini sufi-hürufi, bir sözlə, klassik təsəvvüfə söykənərək yaradır, yəni Nəiminin birbaşa varisi və yeni tarixi şəraitdə davamçısı kimi  çıxış eləyir.

Elə düşünməyin ki, bütün bu sözləri kimisə Muğannanın “peyğəmbər”liyinə inandırmaq üçün yazıram. Əsla, əsla və yenə də əsla! Sözüm Muğanna həqiqətinə artıq inananlaradır! İstəyirəm ki, bir-birimizin simasında həmfikir, ideya mütttəfiqi tapaq, düşüncəmizdə daha ardıcıl və qətiyyətli olaq! İnananlar onsuz da inanır - onların həqiqəti eşitməyə qulaqları, deməyə dilləri, görməyə gözləri var. İnanmayanlar isə onsuz da inanmayacaqlar, nədən ki, “kar, lal və kordurlar (Qurani-Kərim, “Bəqərə”, 18)  Onların həqiqəti eşitməyə qulaqları, deməyə dilləri, görməyə gözləri yoxdur. Allah bizi cəhalətdən qorusun! Cəhalət ən qorxulu düşməndir, özəlliklə də cahil oxumuş, diplomlu biridirsə!

Sözün Muğannadakı təcəllasının öncəkilərin hər üçündən bir önəmli fərqi var. Öncəkilərdə Söz  ya din (Həzrəti İsa və Həzrəti Məhəmməd) ya da dini mistika (Fəzlullah Nəimi) kimi təcəlla edirdi. Muğanna isə daha çox elmin təmsilçisi kimi çıxış eləyir və özünün daşıyıcısı olduğu elmə SafAğ adı verir. Quran və digər qutsal kitablara söykənmələr  hürufilikdə olduğu kimi, SafAğ elmində də qalır, lakin o daha çağdaş  və bir qədər tənqidi çalar qazanır. Muğanna səmavi kitabları inkar eləmir, amma onları əsl, orijinal qutsal mətnlərin məqsədyönlü surətdə təhrif edilmiş variantları sayır. Quranı toxunulmaz həqiqət sayan və ona özünəməxsus batini-ezoterik təfsir verən Nəimi bu yöndən peyğəmbərlərlə yazıçı arasında körpü rolu oynayır:

Peyğəmbərlərə, özəlliklə də, Həzrəti Məhəmmədə  görə, qutsal mətnin bircə hərfinə belə toxunula bilməz! Onun hər bir hərfi Allahın özü tərəfindən lövhi-məhfuzda (hifz olunan lövhədə) qorunur; bizim oxuduğumuz Quran əslində lövhi-məhfuzda qorunan orijinalın surətidir;

Nəimiyə də görə, qutsal mətnlər toxunulmazdır, amma cəhalətin aradan qalxması üçün onların dərin batini qatlarına nüfuz eləmək, onları yenidən mənalandırmaq lazımdır!

Muğannaya görə, mətnlərə artıq toxunulub, onlar ciddi surətdə təhrif olunub, indi bu təhrifləri aradan qaldırmaq, əsl, orijinal mətnləri bərpa eləməyin vaxtıdır! “İdeal” məhz tərif olunmuş qutsal mətnlərin bərpası arzusu, iddiası ilə qələmə alınmışdı! O iyirminci yüzildə – “nyu eyc” zamanında meydana çıxan, bütün dinləri özündə qapsayan interdinin Kitabıdır! “İdeal” interdinin – muğannaçılığın manifestidir! 

Quran!

“Cavidannamə”!

“İdeal”!

Bu üç kitab biri digərinin davamıdır. Əgər Quran olmasaydı, “Cavidannamə”, “Cavidannamə” olmasaydı, “İdeal” olmazdı. Bu kitabların hər üçü insana ölməzlik vəd eləyir və bu məqamda birləşirlər! Təsadüfi deyil ki, “İdeal”dan sonra Muğanna “Əbədiyyət”i – ölməzlik haqqında romanı qələmə aldı.

Muğanna və “İdeal” olayından sonra Sözün dirilməsi – intibah zamanı deyilmi? Bəlkə, Söz artıq dirilib, biz – çağdaş miranşahlar bunun fərqində deyilik?! Muğannanın “Məhşər” romanı sözü yerlə yeksan eləyən düşüncə məhşəri deyilmi? “İdeal” romanı sözün dağıntıları arasından baş qaldıran  Söz deyilmi? Təəssüf ki, bunu anlamırıq! Turgenyev “Atalar və oğullar” romanında yazırdı ki, oğullar var, şərait yoxdur”. Rus yazıçısı demək istəyridi ki, yəni Yevgeni Bazarov kimi gənclər var, onlara şərait yaradan atalar yoxdur. Bizdə isə indi ata var, oğul yoxdur, mürşid var, mürid yoxdur, kitab var, oxuyub anlayan, Söz var,  dinləyən yoxdur! Mən “Kufə əhli” şeirlər kitabının müəllifi Barat Vüsal və “Odərlər” romanının müəllifi Şəmil Sadıq istisna olmaqla bugünkü yazarlar arasında kiminsə Muğannanın adını çəkdiyini eşitmirəm! Görkəmli yazıçını  əbədiyyət evinə yola salmağımızdan vur-tut 12 il keçir. Amma özümüzü elə aparırıq ki, guya aramızda belə bir fenomen olmayıb! Söhbət ondan getmir ki, onu sevənlər, oxuyanlar, yad edənlər yoxdur. Var, əlbəttə, var! Söhbət onun lazım olduğu qədər dərindən dərk olunması, layiq olduğu dərəcədə yad edilməsindən gedir!

 

***
 

Quran və digər qutsal kitablar varkən, “Cavidannamə” və ya “İdeal”a nə ehtiyac var deyə soruşa bilərsiniz! Dahilərin dahisi olsa belə, insan Allahdan yaxşımı yazacaq? Sonucda özünün dörd yerə şaqqalanmasına gətirib çıxaran bu risaləni yazmağa Nəimini nə vadar eləmişdi? Bəs, Muğanna qırx ildən bəri dartışmalara nədən olan, sonucda onu inzivaya çəkilməyə, ömrünün axırıncı  25-30 ilini tənhalıq içində keçirməyə vadar eləyən romanı yazmaqla hansı hədəfi nişan almışdı?

Əksər qövm, xalq, millətlər həmişə istəyib ki, öz peyğəmbəri, öz kitabı, öz şəriəti, öz dini, hətta öz Allahı olsun. Allahı özəlləşdirmək! Dərinə getsək, bu, Sözün yox, sözün mövqeyidir! Bu, ilahini insani, insanini milli ölçülərə sığışdırmaq, ümməti millətlə əvəzləmək deməkdir.  Allahın nə özü, nə Sözünün isə milli, irqi, coğrafi hüdudu yoxdur: “Doğu da, batı da Allahındır. Hansı tərəfə yönəlsəniz, Allah ordadır” (Qurani-Kərim, “Bəqərə”, 115) Quran ərəbin yox, Allahın kitabıdır, islam ərəbin yox, Allahın dinidir.

Türk qövmü bu üzdən “Kitabi-Dədə Qorqud”u Quran, Qorqud Atanı Rəsulullala anoloji müstəvidə qavrayır və dastan belə başlayırdı: “Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata deyirlər, bir ər qopdu”. Bu başlanğıc  sətiraltı qatda ərəbin (bəli, bəli, Allahın yox, məhz ərəbin!) peyğəmbərinə qarşı öz milli peyğəmbərini, ərəbin kitabına qarşı öz milli kitabını qoymaq idi. Yenə də təsadüfi deyil ki, dastanın müqəddiməsi Allah və Tanrının paralelləşdirilməsi ilə başalyır:

 

Allah, allah deməyincə işlər önməz!

Qadir Tanrı verməyincə, ər bayımaz!

 

Türkün müdrik ataları islam və tanrıçılıq arasında balansı gözəyir, bu və ya digər tərəfin xeyrinə ifrat və təhrifə yol vermək istəmirdilər, yəni Allahı qəbul edir, amma Tanrıya da təpik atmırdılar. Min ildən artıqdır ki, türklər öz övladlarına Allahverdi adıyla yanaşı, Tanrıverdi adını da qoyur. Bu üzdən türklər İslamın qəbulundan sonra yeni qutsal kitab yaratmadılar, özlərinin artıq mövcud kitabına əl gəzdirərək onu islama uyğunlaşdırdılar. Dastan türkçülüyün və islamın (zahirən də olsa) sintezinə çevrildi. “Gizli Dədə Qorqud” kitabının müəlllifi Kamal Abdullanın dediyi kimi Dədə Qorqudun bir peyğəmbər kimi əsas missiyası bu sintezi mümkün qədər ağrısız həyata keçirmək idi. Təkcə qılınc gücünə deyil, həm də Dədə Qorqud müdrikliyi ilə aşılanmış  qızıl orta mövqeyinə görə türklər təxminən min il ərzində islam dünyasına ədalətli hakim oldular və bu gün də Ərdoğan Türkiyəsi başda olmaqla hakimlik eləyirlər.

Nəiminin “Cavidannamə”si fars xalqının öz qutsal kitabını yaratmaq cəhdinin ifadəsiydi. Bu kitab Quranın özünəməxsus batini təfsiri olmaqla yanaşı,  fars etnik şüuraltısının təhrikiylə İslamın müqəddəs kitabına cavab  kimi yazılmışdı. Bu, ərəbin Sözünə qarşı farsın Sözü idi! Təsadüfi deyil ki, Nəimi deşfirə elədiyi hərflər sisteminə ərəb əlifbasının 28 hərfi ilə yanaşı fars əlifbasının 4 hərfini də daxil eləyir, bununla da qutsal əlifbanın son akkordlarını fars  pərdəsi üstündə vururdu. Türklərdən fərqli olaraq farslar üçün radikalizm səciyyəvidir və bu özəllik “Cavidannamə”dən də yan keçməyib. İslam rənginə bürünmüş radikalizm bu gün İran İslam Respublikasının daxili və xarici siyasətində də aydın görünür. Və Trampla Netahyahu İranı artıq dörd yox, beş-altı yerə şaqqalamaq təhdidi ilə çıxış eləyirlər. İnşallah, İranı da Nəiminin aqibəti gözləməz!

Muğannanın “İdeal”ı, Azərbaycan xalqının qutsal kitab yaratmaq cəhdinin ifadəsidir. Təsadüfi deyil ki, müəllif insanlığın ana dilini türk dilinə bağlayır və ona Odər (Azər) adı verir. Yazıçının fikrincə, İran şahı Daranın da, dəri dili, yəni orta farscanın  da, yunan xalqını formalaşdıran üç etnik komponentin biri olan dorilərin də adları Odər sözünün təhrif olunmuş formalarıdır: Dara – Odər, dəri – Odər, dori – Odər... Təhrif iki əsas yolla olub: sözlərdə hecaların yeri dəyişib; hecalarda səslərin yeri dəyişib.  Sözün təhrifi mənaların, mənaların təhrifi isə düşüncənin pozulmasına nədən olub. Biz indi təhrif olunmuş sözlər, təhrif olumuş mənalar, tərhrif olunmuş düşüncələr  dünyasında yaşayırıq. Bunlar Hamletin dediyi “sözlər, sözlər, sözlər”, çağdaş dünya isə təhriflər dünyasıdır! Sən demə, tarix boyu türkün başlıca rəqibləri – yunanlar və farslar onun deformasiya olunmuş, özünü unutmuş, manqurtlaşmış formalarından başqa bir şey deyilmiş. Əgər Kramer “tarix şumerdən başlayır” deyirdisə, şumerləri də türk sayan (şum ərləri) Muğanna tarix türkdən başlayır deyir. O türkçülük məsələsində o qədər irəli gedir ki, hətta Həzrəti Məhəmmədin ərəb deyil, türk olmasına dair fərziyyə irəli sürür. Sonucda, “İdeal” müəllifi kitab da, peyğəmbər də türkünküdür fikrini irəli sürür.

Lakin “İdeal” Azərbaycan ictimai şüurunda qutsal kitabla bağlı yeganə fakt deyil. İyirminci yüzilin ikinci yarısında bizdə Kitabla bağlı bir neçə belə müjdələmə olub:

Anar xalqımızı “Kitabi-Dədə Qorqud”un kinodastan versiyası (1975) ilə müjdələdi; bu, Kitabın əski türk variantı - tezisdir; bu, özünə qayıt demək idi;

Asif Əfəndiyev xalqımızı Platon və Hegel fəlsəfəsinə əsaslanan “Mütləqə inam” kitabı (1979) ilə müjdələdi; bu, Kitabın antik yunan və klassik alman variantı – antitezisdir; bu, mütləq həqiqətinə qayıt demək idi;

Muğanna xalqımızı hürufiliyə söykənən “İdeal”lla (1985) müjdələdi; bu, Kitabın əski türk,  antik yunan və orta çağ fars variantlarının məcmusu  və sintezidir; bu, dilinə, Sözünə qayıt demək idi;

nəhayət, Vasim Məmmədəliyev və Ziya Bünyadov xalqımızı Qurani-Kərimin Azərbaycan dilinə çevirməsiylə (1992) müjdələdilər; bu, Kitabın ilahi variantı, həm tezis, həm antitezis, həm də sintez – hər şey idi; bu, dinə, imana, Allaha qayıt demək idi.

Anar “Dədə Qorqud” bağlı təklifini eləyəndə yaradıcılığa başlamasından təxminən 15 il keçirdi!

Asif Əfəndiyev bu təklifi eləyəndə yaradıcılığa başlamasından təxminən 25 il keçirdi!

İsa Muğanna bu təklifi eləyəndə yaradıcılığa başlamasından təxminən 35 il keçirdi!

Özgürlüyümüzün bərpasından təxminən 36 il keçsə də,  özgürlük dönəmi yazarlarımızdan hələki yeni təklif gəlməyib!

Üçü insanın, biri Allahın özünün olmaqla indi əlimizdə dörd Kitab var –  “Kitabi-Dədə Qorqud”, “Mütləqə inam”, “İdeal” və Qurani-Kərim! Və yaxud: Qorqud Atanın Kitabı; Asif Atanın Kitabı; Muğannanın Kitabı; Allahın Kitabı! Bir sual yaranır – niyə görəsən, bütün bu müjdələmələr hamısı iyirminci yüzilin sonundakı 15-20 il ərzində (1975-1992) baş verdi? Görəsən, bunlar öncələrdə və ya sonralarda ola bilməzdimi? Nədənki minillik sona çatır, Allah və zaman xalqdan hesabat istəyirdi. Qarabağ olayları hərbi-siyasi, bu kitablar isə mənəvi-intellektual planda bizim  Allah və zaman qarşısında ikiminillik hesabatımız idi!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2026)

                      

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.