“Xatirən də yavaş-yavaş ölürmüş...” – Arzu Hüseyn Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

"Ədəbiyyat və İncəsənət" portalı isti, soyuq bilmədən, istirahəti sevmədən öz rubrikaları Sizi yenə salamlayır, əziz izləyicilərimiz.

" Ruhun pıçıltısı" rubrikası bu dəfə Arzu Hüseyn poeziyasını pıçıltı ilə Sizə çatdıracaq.

 

ARZU HÜSEYN

ŞEİRLƏR

 

Dünənimdə elə həmin adamsan,

Məhv elədin ikimizi gül kimi!

Bilirəm ki, mənim üçün haçansa

Tökəcəksən göz yaşını sel kimi.

 

Mən yenə də sevinmirəm o qəmə,

Ürəyinə daş dəyməsin sabah da.

Baxmayaraq acımadın sən mənə,

Demədin ki, qəlb sındırmaq günahdı.

 

Şeirlərim ağladıqca sevindin,

Dedin: "Mənəm o ocağın tüstüsü."

Yazdıqlarım şeirlər tək dərindi,

İçimdəki inadların bəstisi.

 

Nə günəşəm, nə küləyəm, nə yağış,

Havadadır duyğularım, hisslərim.

Məndən səni soruşdular dost-tanış,

Usanmadan, dayanmadan pislədim.

 

Lənətlərim parçalandı min tikə,

Əsəblərim söyüşlərdə bağırdı.

Az qalırdım hönkürərək diz çökəm,

Hamı bildi sənsiz necə ağırdı...

 

Necə aciz, necə yorğun, yaralı...

Görən gördü, cəhənnəm ol, get indi!

Qulağına gəlib çatdımı barı,

"Yaxşı oldu bu axmağa" dedinmi?

 

Dünənimdə elə həmin adamsan,

Məhv elədin ikimizi gül kimi!

Bilirəm ki, mənim üçün haçansa

Tökəcəksən göz yaşını sel kimi…

 

 

***

 

Gözün aydın, nəfəsini dər rahat,

Əllərimdən sığal görməz saçların.

Ürəyini süfrə kimi sər rahat

Ayağına, bədəninə acların.

 

Elə sər ki, özün də dad bir tikə,

Doya-doya gözünə sürt qanını!

Mən qarışqa, sən asudə çəyirtkə —

Nə bilirsən fəsillərin qarını?

 

Qəzəbliyəm dünənimə, özümə,

Qəzəbliyəm, nə gizlədim, nə danım...

Lənət olsun astarına, üzünə,

Tüpürmüşəm gərdişinə zamanın!

 

Ayazıyıb fikirlərim nə vaxtdır,

Kimdir məni xəyallarda saxlayan?

Amma qəlbim böyüməyən uşaqdır —

Ümidləri daşa dəysə, ağlayan...

 

Kim mənimtək yollarına gül sərər?

Ver haqqını sevginə möhtacların!

Gəlişinə qucaq açmaz pəncərəm,

Yuxulamaz sığalımdan saçların.

 

Məhəbbətin közərdikcə sinəmdə —

Fillər kimi ölümünü bilirmiş*...

Sən içimdə hər gün bir az öləndə

Xatirən də yavaş-yavaş ölürmüş...

 

Gözün aydın, nəfəsini dər rahat,

Əllərimdən sığal görməz saçların.

Ürəyini süfrə kimi sər rahat

Ayağına, bədəninə acların.

 

 

***

 

Daha həyatında nə yağışam, nə külək,

Daha üzərinə bir damcı düşməz məndən.

Başının üzərindən gecə-gündüz əsərək,

Öpmərəm gözlərindən...

 

Daha həyatında nə ağacam, nə yarpaq,

Daha gün işığından qorumaz kölgəm səni.

Daha əvvəlki kimi, uşaqtək ağlayaraq —

Səsləmərəm mən səni…

 

Daha dodaqlarından qopmaram bir ad kimi,

Daha nə zəng edərəm, aramaram mən səni.

Görüşsək də yanından ötərəm bir yad kimi,

Tanımaram mən səni…

 

Daha həyatında nə səmayam, nə torpaq,

Ayağını möhkəm bas, başına yağmaz qarım.

Sənin üçün köksümdə bir sərçə uçmayacaq,

Sənin üçün bir çiçək bitirməz səhralarım...

 

 

***

 

 

 

Ölsəm, heykəl olacam,

Hələ sağam, gör məni.

Qucağım istidir, gəl –

Soyutmamış gor məni.

Neynirəm sonra gəlsən?

Bəlkə sonra olmadı.

Bəlkə görüşmək üçün

Bir də zaman qalmadı.

 

Deyəcək sözlərini boxça elə,

Gəldiyin yolları baxça elə…

 

Ölsəm, heykəl olacam,

Hələ sağam, sev məni.

Gecənin bir yarısı

Aparmamış div məni,

Gizlətməmiş qəsrində əjdahalar –

Sən gizlət məni,

Vaxt yoxdur,

Heykəl edəcək həsrət məni…

 

Pay tut şirinliyindən,

İçimə çəkim şirin iyindən…

 

Ölsəm, heykəl olacam,

Hələ sağam, tap məni.

Anam-atam öpməyib,

Sən sarıl, sən öp məni.

Ağlayım uşaq kimi, kirit, anam ol,

Dostum ol, yarım ol, sonam ol.

 

Heç nə istəmirəm ki, bircə doğma qucaq...

Aldat məni,

De ki, yaxşı olacaq…

 

 

***

 

Bahar gələ bu dağın da başına,

Bir əsirlik qarı axa, sel ola.

Ağacın da, budağın da başına,

Yarpaq ola, çiçək ola, gül ola.

 

Pəncərəmin palçığını, tozunu,

Anam silə, mən qurudam, nə olar.

Bir də baxam, dönülməyən səfərdən,

Atam dönə, ev eşiyim şən ola.

 

Bahar gələ bu dağın da başına,

Sarı günəş, al üfüqü yəhərlər.

Yaşıllanan qayasına, daşına ,

Şeir yazam, nəğmə qoşam səhərlər.

 

Bahar gələ, qəlbim ola yaza tən,

Dünya-aləm gülüstana bürünə.

Buz ürəyim çiçək aça təzədən,

Yaşanmayan baharların yerinə…

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.