Əvvəl-axır köçəsiyik, bilə-bilə yaşayırıq Featured

Fariz Süleymanoğlu,

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

SƏN BİLƏRƏM

 

Bu dərd, kədər sürüsünü

Dağ başına çən bilərəm.

Ara versə bircə günü,

Yorğun könlü şən bilərəm.

 

Yoxsulu kim alır vecə?

Hamı tapır pula, gücə.

Özümüzü toyuq-cücə,

Maaşı da dən bilərəm.

 

Gör nələrlə öyünmüşük,

Haqdan küsüb deyinmişik.

Ruhumuza geyinmişik

Bir libasdı tən bilərəm.

 

Xatirələr yarar keçər,

Nəmli gözlər arar keçər,

Külək saçım darar keçər,

Gözüm yumub, sən bilərəm!

 

 

BİLƏR

 

Kor olurmuş aşiq gözü,

Sevdiyini pəri bilər.

Varlı pulu gücün özü,

Kasıb əlin kiri bilər

 

Desən sözün düz, safını,

Boş görərsən ətrafını.

Arif odu, hər lafını

Danışdığı yeri bilər.

 

Əsli-nəsli düz balalar,

O sayğılı duz balalar,

Mələk üzlü qız balalar

İsmətini zəri bilər.

 

Yön ver, ağac yaş əyilər,

Sanma qaya, daş əyilər.

O xanıma baş əyilər,

Öz ərini piri bilər.

 

Qəm eyləmə, ülfətini,

Saf hissini, niyyətini,

Etdiyinin qiymətini

Yüzü bilməz, biri bilər.

 

Bir ümidi köz yaşadar,

Ruhu ülvi iz yaşadar,

Bir yazarı söz yaşadar,

Duyan onu diri bilər.

 

 

QƏRİBİM

 

Düyünlənib qaşları,

Donuxub baxışları,

Qaynayır göz yaşları,

Xəyaldadı Qəribim.

 

Alışır, sönən deyil,

Çəkinən, sinən deyil,

Dindirmə, dinən deyil,

Məlaldadı Qəribim.

 

Gah sözünü danlayır,

Səhv-düzünü danlayır,

Tək özünü danlayır,

Bir qaldadı Qəribim.

 

Dərdin bölən varmı heç?

Gözün silən varmı heç?

Bircə bilən varmı heç,

Nə haldadı Qəribim?!

 

Çəkib, görüb, anlayıb,

Üzün tutub, yanlayıb,

Tanrıya ünvanlayıb,

Sualdadı Qəribim.

 

Arınıb, durulubdu,

Usanıb, yorulubdu,

Tanrıya qırılıbdı,

Finaldadı Qəribim!

 

 

ULU TANRI

 

Neçə dildə tərif deyir,

Hərə bir cür dində Sənə.

Kömək, çörək, dilək üçün

Əl açılır gündə Sənə.

 

Sənsən ümid azar olsa.

İnsan dərddən bezar olsa.

Diz çökəcək azar olsa,

Ateist də çəndə Sənə.

 

Qürbət bilir yeri insan,

Baxır göyə - geri insan.

Doğulandan bəri insan

Ruh daşıyır təndə Sənə.

 

Kimi cavab dindən umar,

Kimi faldan, cindən umar,

Kimi mürşidindən umar,

Yol tapa bir yöndə Sənə.

 

Məmurların hara baxar,

Orda yanlış bilgimi var?!

Mümkün deyil, yoxsa çatar

Bunca fəryad, ün də Sənə.

 

Ey Yaradan, sinəm dolub,

Bu nə qəzəb, axı nolub?

"Alma yeyən" Adəm olub,

Neyləyib bu bəndə Sənə?!

 

 

ARASINDA

 

Doğma elim, bu işlərin,

Necə gəlim, arasında?

"Dinmə" deyən bu dişlərin

Dözmür dilim arasında.

 

Zalım üçün biz ufağıq,

Məzlum üçün qaya-dağıq,

Əhsən, vallah, hələ sağıq,

Bunca zülüm arasında.

 

Dərdə dözür, axtarıram,

Xeyrə yozur, axtarıram,

Neynim? Hüzur axtarıram

Qəm-nisgilim arasında.

 

Qəm göyərtdi susuz kərdin,

Nə ummuşdun, gör nə dərdin,

Yorğun könül, bunca dərdin

Necə gülüm arasında?!

 

Kədər, qüssə cəm yığılıb,

Gözlərinə qəm yığılıb.

Kirpiyinin nəm yığılıb,

Öpüb silim, arasında.

 

Arif insan ruhu bəzər,

Sorğulayar, anlar, çözər,

Haqqa doğru yolu gəzər

Dinlə bilim arasında.

 

Xatırlanan söz olacaq,

Saf ürəkdə iz olacaq

Bir tonqala köz olacaq

Bəlkə, külüm arasında?!

 

Qərib neçə dağ aşıbdı,

Taleylə çox savaşıbdı.

Bir ümiddən yapışıbdı,

Həyat, ölüm arasında.

 

 

YAŞAYIRIQ

 

Əkiləni biçəsiyik,

Yazılanı çəkəsiyik,

Əvvəl-axır köçəsiyik,

Bilə-bilə yaşayırıq.

 

Kimi qaçır top dalınca,

Kimisi caz, pop dalınca,

Kimi yalan, gop dalınca,

Belə-belə yaşayırıq.

 

İnanırıq saf, xam kimi,

Qırılırıq biz cam kimi.

Əriyirik bir şam kimi

Gilə-gilə, yaşayırıq.

 

Zülmə susan kor qazıya,

Haqqa hürən it, tazıya,

Çarəsizcə bu yazıya,

Gülə-gülə yaşayırıq.

 

Şəri xeyir yoza-yoza,

Ümid edib yaza-yaza,

Dırnaqlarla qaza-qaza,

Dələ-dələ yaşayırıq.

 

Dərdə sinə gərə-gərə,

Əkə-əkə, dərə-dərə,

Əzəl gündən görə-görə,

Gələ-gələ yaşayırıq.

 

Fırtınalar beynimizdə,

Nur qoymayıb eynimizdə,

Duz yükü var çiynimizdə,

Şələ-şələ, yaşayırıq.

 

Dağla qəzəb, hikkəmizi,

Vergi ilə “sikkəmizi”,

Dostlar ilə tikəmizi

Bölə-bölə yaşayırıq.

 

Açmır yolu-izi Tanrı,

Gözümüzdən sisi Tanrı,

Qul yaradıb bizi Tanrı,

Kölə-kölə yaşayırıq.

 

Baxma ki, şən görünürük,

Ellə palaz bürünürük,

Əksərimiz sürünürük,

Ölə-ölə yaşayırıq.

 

Duzsuzluqlar qəlbə dəyər,

Ümidsizlik qəddi əyər,

Yaşamaqsa bu da əgər,

Hələ.., hələ yaşayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.