Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” (edebiyyatveincesenet.az) portalının redaktoru, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının “Yol səni səslər” adlı kitabı rus dilində gün üzü görüb. Bu yeni kitab bir neçə xalqın ədəbi-mədəni köklərinin ruhi enerjisini bir araya gətirən, müxtəlif poeziya ənənələrini qovuşduran diqqətəlayiq ədəbi-mədəni layihə kimi xüsusi önəm daşıyır.
Kitab çağdaş türk və slavyan ədəbiyyat məkanında özünəxas ədəbi hadisə sayıla bilər. Bu, bir şeirlər toplusu olmaq etibarıyla müxtəlif duyğu-düşüncələri qovuşdurur, poeziyanın xalqları və bədii təfəkkürləri bir-birinə bağlayan mədəni körpü kimi çıxış edir.
Kitaba xüsusi dəyər qatan amillərdən biri də onun yaradıcı mühitidir.
Kitabın ön söz müəllifi Saxa-Yakutiya Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyevadır. Ədəbi ictimaiyyət tərəfindən sevilən və sayılan Xalq şairinin önsözü oxucunu Əkbər Qoşalı poeziya dünyasının dərinliklərinə aparır, onun poetik duyğularını, düşüncələrini və ayrı-ayrı şeirlərinin arxasında dayanan geniş mənəvi-mədəni dünyanı duymağa imkan verir. Beləliklə, Azərbaycan və Saxa poeziya ənənələrinin bir kitabda görüşməsi ədəbi bağların, qarşılıqlı anlaşmanın gözəl örnəyinə çevrilir.
Kitabın məsləhətçisi Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Şurasının deputatı Rkail Zəydulladır. Onun bu layihədə iştirakı Türk dünyasının ədəbi-mədəni irsinə bağlılığını daha da möhkəmləndirir və milli ədəbiyyatın hüdudlarını aşan, müxtəlif mədəniyyətləri bir araya gətirən bu layihəyə özəl anlam qatır.
Şeirlərə rus dilində ikinci həyat verən tərcüməçilər – Afaq Şıxlı və Nilufər Şıxlıdır.
Afaq xanım şair-tərcüməçi, həkim olmaqla yanaşı, Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvüdür və uzun illərdir ədəbi-tərcümə sahəsində peşəkar fəaliyyət göstərir. Nilufər Şıxlı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi, publisist, linqvist və psixoloqdur. Şıxlıların birgə əməyinin nəticəsində Əkbər Qoşalının poeziyasının məzmunu, ruhu və bədii özünəməxsusluğu rusdilli oxucuya düzgün çatdırılıb. Tərcümə prosesində əsərlərin milli çalarlarının və emosional dərinliyinin qorunmasına xüsusi diqqət yetirilib.
Beləliklə, müəlliflə rusdilli oxucu arasında yeni bir ədəbi ünsiyyət məkanı yaranır.
Əkbər Qoşalının poetikası həm dərin milli köklərə, həm də ümumbəşəri dəyərlərə söykənir. Onun poeziyasında yaddaş, Vətən, sevgi, zaman, insan taleyi və mənəvi dəyərlər kimi hər bir insanın qəlbinə yaxın mövzular öz poetik əksini tapır.
Kitabın ərsəyə gəlməsində mühüm rol oynayan qurumlardan biri də “ALTA” (Altı) özəl nəşriyyatıdır. Nəşriyyatın rəhbəri Saxa Yazıçılar Birliyinin məsul katibi, tanınmış şair Zinaida Arxipovadır.
Ədəbi mühitdə çalışan, yeni kitabların nəşrinə və müxtəlif xalqların nümayəndələri arasında yaradıcılıq bağlarının inkişafına dəstək verən insanların fəaliyyəti belə mədəni layihələrin həyata keçirilməsi baxımından böyük önəm kəsb edir.
Kitabın gün üzü görməsində Saxa (Yakutiya) Respublikası Dövlət Məclisinin deputatı Əliş Zabitoğlunun xüsusi dəstəyi olmuşdur. Əliş Zabitoğlu ədəbi və mədəni təşəbbüslərə daim dəstək göstərən həssas bir aydın kimi tanınır. Onun bu nəşrin ərsəyə gəlməsinə göstərdiyi dəstək xüsusi minnətdarlıq doğurur.
Beləliklə, “Yol səni səslər” kitabının səhifələrində bir neçə ədəbi məkandan dəyərli simalar görüşmüşldür. Kitabın müəllifi, tərcüməçiləri, önsöz müəllifi, məsləhətçisi, nəşriyyat rəhbəri və onun ərsəyə gəlməsinə dəstək göstərən insanlar Əkbər Qoşalının poeziyasının yeni oxucu auditoriyasına çatdırılması naminə vahid məqsəd ətrafında səmimiyyətlə birləşiblər.
Kitabın adı da bu baxımdan xüsusi məna kəsb edir. Burada “yol” şairin mənəvi və poetik səyahətinin obrazı olmaqdan daha çox, mədəniyyətlərin bir-birinə doğru hərəkətinin, insanların bir-birini anlamaq və duymaq istəyinin rəmzidir. Bir dildən digərinə, bir xalqdan digərinə, bir ürəkdən başqa bir ürəyə – müəllifdən oxucuya uzanan bir yol… Bu, ilk növbədə, bir dialoqa çağırışdır. Poeziyaya, yaddaşa, mədəniyyətə və ədəbiyyatı yaşadan o incə bağlar haqqında söhbətə dəvətdir. Bəlkə də bu kitabın ən böyük dəyəri məhz belə bir yola çevrilə bilməsindədir: şairi oxucu ilə, Azərbaycan dilini rus dili ilə, müxtəlif xalqları və mədəniyyətləri isə sənətin fövqəlbəşər, universal üslubu ilə bir-birinə qovuşduran ulu yol…
Sərhədləri aşmaq, uzaqları yaxın etmək, fərqli dillərdə danışan insanların könlündə eyni duyğunu oyatmaq. – Ədəbiyyatın ən böyük gücü də elə bunda deyilmi?..
Əkbər Qoşalının “Yol səni səslər” kitabı bu mənada yeni bir nəşr olaraq, Azərbaycan poeziyasının dünyaya uzanan daha bir körpüsüdür.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


