“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Sübhan Vüqaroğlunun şeirləri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Sübhan VÜQAROĞLU
SALAM
Salam, sevdiyim mənim,
Hər gün özgə evindən xəyalıma gələnim.
Salam, nişan barmağı
Xəyalımda boş qalan...
Salam, ən doğru səhvim,
Salam, ən şirin yalan,
Salam, arzularımı viran edib gedənim.
Yenə adını tutdum,
“Unudacam,” – demişdim.
Bacarmadım,
Olmadı...
Günümə bax bir mənim –
Unutmağı unutdum.
Halımdan bixəbərsən,
İlk yazdığım şeirdən
Bir gün əvvəl gedənim...
Mən ki çox dəyişmişəm,
Amma yenə sevirəm...
Sən yenə bəxtəvərsən,
Mənsə xoşbəxt deyiləm.
Özüm öz məzarımı
Qələmimlə qazıram...
Sənsizliyin əlində
Bir az püxtələşmişəm
Bu dərdi böyütməyə
Sən gedəndən hazıram.
Xəbərin yoxdur axı,
Sən hardan biləsən ki –
Bir sevgi şeiridir
Hər şair darıxmağı...
Guya heç darıxmıram,
Yadıma da düşmürsən.
Hər gün şeir yazıram –
Bu dərdi böyütməyə
Sən gedəndən hazıram...
ŞAİR OTAĞI
Bir şair otağı görmüsənmi sən?!
Dindirib, daşıyla danışmaq olur.
Uzanıb, tavandan fikir götürmək,
Divardan qafiyə soruşmaq olur.
Bir şair otağı görmüsənmi sən?!
Sükut aşiq olur saat səsinə.
Bir ömür tarixi durur qapıda,
Payız keşikçidir pəncərəsinə.
Bir şair otağı belədir, gülüm,
Arzular masada söz halındadır.
Durub, işığını yandırsan belə,
Şüası bir qadın timsalındadır.
Bir şair otağı belədir, belə,
Məhəbbət şəklini yaradan otaq.
Şairin özünü yola salsa da,
Sözünü hər zaman yaşadan otaq.
MƏNİ SORUŞMA
Yəqin, puç oldusa muradlarımız,
Fələyin özgə bir təmənnası var.
Eyni olmadısa soyadlarımız,
Məni soruşmağın nə mənası var?
Getmisən, birə-beş çoxalıb yaram,
Səni sənsizliklə ucaldıram mən...
Hər gecə bir dəfə səndən yazıram,
Beş dəfə külqabı boşaldıram mən.
Qalmışam keçmişin mənzərəsində,
Vücudun ağlımda bütləşib qalıb.
Bəxtin mümkünsüzlər məntəqəsində
İki bəxtəvər gənc cütləşib qalıb.
Qismət belə oldu – sındım, əyildim,
Dünya dərdlərinə həndəvər oldum.
Sevincim az idi, bədbəxt deyildim,
Dərdim böyük oldu – bəxtəvər oldum.
Yəqin, puç oldusa muradlarımız,
Fələyin özgə bir təmənnası var.
Eyni olmadısa soyadlarımız,
Məni soruşmağın nə mənası var?
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)


