“Ruhun pıçıltısı” Təranə Turan Rəhimli ilə Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam dəyərli izləyicilərimiz.

"Ədəbiyyat və İncəsənət" portalı poeziya ilə ruhu qidalananları həmişə sevindirir.

Bu dəfə də " Ruhun pıçıltısı" adlı rubrikamızın dəyərli şair qonağı var.

 

Beləliklə, yazıçı, ədəbiyyatşünas, Filologiya elmləri doktoru Təranə Turan Rəhimli öz şeirləri ilə bizləri poeziya dünyasına qonaq aparır.

 

 

ALLAH, BÖYÜMƏDİM,

 UŞAQ QOCALDIM

 

Dərd öz ordusuyla doldu içəri,

Körpəydim, qapının çölündə qaldım.

Payız yarpağı tək töküldü illər,

Allah, böyümədim, uşaq qocaldım.

 

Neçə ulduz söndü, neçə ay doğdu,

Buludlar günəşə vermədi aman.

Ehmalca yeriyib barmağı üstdə

Ömürdən gizlicə dolandı zaman.

 

Tək-tək uzaqlaşdı yaxınım, yadım,

Hər yolun sonundan ayrılıq baxdı.

Sarılıb dünyanı qucaqladıqca

Dünya qollarımdan sıyrılıb çıxdı.

 

Boğdum ürəyimdə tanış xiffəti,

Dirildi bir qədim həsrət  dərində.

Bir ağrı qol-budaq atıb böyüdü,

İçimə gömdüyüm eşqin yerində.

 

Dünyası öləni gendən tanıdım,

Hamının qəlbini gözündən gördüm.

Ağrıyana məlhəm olmaq istədim,

Minillik ağrımı içimə gömdüm.

 

Dualarım qanadından vuruldu,

Utanıb üstümə geri dönmədi.

Qürurumdan boğulduğum yerdəyəm,

Allah, sığındığım yeri görmədin.

                                    15.06.2026.

 

İNANDIĞIM DAHA BİR GERÇƏK ÖLDÜ...

 

Zülmətdə yox oldu sonuncu mələk,

Bağladım gözümü işığa, səsə.

Ömrümə bir düyün vurdu ki fələk,

Açıla bilmədim bir də heç kəsə.

 

Gözümdə böyütdüm qazanclarımı,

İtirdiklərimin yerin vermədi.

Güvənib qoynuna sığındığım dağ

Qarda çiçək açdım, yenə görmədi.

 

Qanı qurumadan bitişdi yaram,

Dirildim min dəfə, öldüm min dəfə.

Ümidlə çıxdığım hər təzə yolda

Vuruldum çatmadan yenə hədəfə.

 

Daha qanadlarım qalxmır uçmağa,

Qarğalar, quzğunlar tutub zirvəni.

Dünən inandığım bir gerçək öldü,

Kim inandıracaq bu günə  məni?

 

Bir qadın quruyub o pəncərədə,

Qəlbinin gözüylə Allaha baxmış...

İlahi, anladım  tək deyilmişəm,

Gördüm ki, kimsənin kimsəsi yoxmuş.

 

 

GÜCÜNDƏN YORULAN QADIN

 

Yatağına ulduz səpib,

Gecənin gözündən öpüb,

Buludu üstünə örtüb,

Gücünə sarılan qadın.

 

Beynində min sorğu-sual,

Susdur o  səsi, olsun lal, 

Gözləsin hamı, nəfəs al,

Gücündə qıvrılan qadın.

 

Gözündən yuxu tökülür,

Yol bitmir, dizin bükülür,

Yağış yağır, dan sökülür,

Gücündə  durulan, qadın.

 

Qürurundan yaralandın,

Öz içində daldalandın,

Neçə yerə parçalandın,

Gücündən qırılan qadın.

 

Barına yetən daş atdı,

Kin qusdu, nifrət boşaltdı,

Gör sənə nələr yaşatdı

Gücünə darılan, qadın.

 

Ümidlərin baltalandı,

Kim bilsin necə talandın,

Səbrindən nişan alındın,

Gücündən vurulan qadın.

 

Tərəzilər düzgün ölçməz,

Fələk haqq, nahaqqı seçməz.

Keçər dedikləri  keçməz,

Gücündə barınar, qadın.

 

Çölündə yarpaq tökümü,

İçində bir dağ çökümü.

Soyun, at bütün yükünü,

Gücündən yorulan qadın.

 

 

BAĞIŞLA, QIZIM 

 

Mən sənə demədim xurma bağına

Gedən yolun üstdə ilanlar yatır.

Demədim bir qapı açılanacan

Neçə ümidlərin əcəli çatır.

 

Qıymadım biləsən bura nə yerdir,

Dünyaya inanan bu gənc yaşında.

Qoymadım yük olsun körpə çiyninə

Bilmədiyin dərdlər ömrün başından.

 

Sənə öyrətmədim qara divlərin

Təkcə nağıllarda qalmadığnı. 

Saçından asılan gözəl qızların

O zindandan azad olmadığını.

 

Necə deyəydim ki, böyüyəcəksən,

Peşman edəcəklər böyüməyinə.

Haqqın yeyiləcək, döyüləcəksən,

Lal-kar baxacaqlar döyülməyinə.

 

Sənə gerçəkləri söyləmədim ki,

Bu ömür-gün dağ olmasın gözünə.

Gözlədim ruhundan utansın dünya,

Dəyişib yaraşsın mələk üzünə.

 

Mən sənə demədim, deyə bilmədim

Kürəyini qoru güvəndiyindən.

Ondan ilk zərbəni vuranda həyat

Qırıldın bu qədər düz bildiyindən.

 

Qıymadım fələyi tanıdam sənə,

Qəfildən üzləşdin tufanlı qışla.

Yığılıb dağ oldu qıymadıqlarım,

Yıxıldı üstünə, qızım, bağışla.

 

 

DÖNÜB ÇİYNİMİN ÜSTÜNDƏN

BAXANDA HƏYAT GÖRÜRƏM

 

Nənəmin "ağıl dəryası",

Babamın "noğul" qızıydım.

Anamın "sirr dağarcığı",

Atamın "oğul" qızıydım.

 

Güvənirdi evimizdə

Hamı mənə özü kimi,

İnanırdılar sözümə

Əsil kişi sözü kimi.

 

Böyüdürdü öz içimdə

Bu etibar, inam məni.

Hər gün bir az "kəşf edirdi"

Atam məni, anam məni.

 

Belə bir güvən üstündə

Ömür qurmağı öyrəndim.

Sözümə inandılar ki,

Sözdə durmağı öyrəndim.

 

İlmə-ilmə körpə qəlbə

İnamı nəqş elədilər.

Vaxtında Haqqı tanıdıb

Əqidə bəxş elədilər.

 

Doğru dürüst yaşamağı

Öyrəndim düz adamlardan.

Ömrü məşəl kimi yanan,

Ürəyi köz adamlardan.

 

Yarımçıqdan uzaq gəzdim,

Bütövlərə bel bağladım.

Riyakarla gülməkdənsə

Doğruyla birgə ağladım.

 

Arxada keçdiyim yollar,

Çığırlar çat-çat görürəm.

Dönüb çiynimin üstündən

Baxanda  HƏYAT görürəm.

 

 

EGE SAHİLİNDƏYƏM

 

Ege sahilindəyəm, Balkandan ŕüzgar əsir,

Dalğa-dalğa ruhumu alıb aparır dəniz.

Lap uzaqdan bir gəmi gözüylə məni kəsir,

"Kirpik qırpır" fənəri, çağırır səssiz-səssiz.

 

Ege sahilindəyəm, ulduzlar ətəyimdə,

Ayağımın altından qaçır şıltaq ləpələr.

Ay işığı sərilib adaların üstünə,

Dənizin laylasıyla mürgüləyir təpələr.

 

Ege sahilindəyəm, türkü var Rumelindən,

Selanikdən bu taya üzüb keçib dənizi.

Yenə düşdü yadıma Atatürkün xiffəti,

Tufan qopdu yenə, "Bir fırtına tutdu bizi".*

 

Ege sahilindəyəm, dünya ovuclarımda,

Üfüqlər qıpqırmızı, yavaşca sökülür dan.

Boşalır barmaqlarım, zaman axıb tökülür,

Gecə sıyrılıb çıxır Rodosun qucağından.

 

Ege sahilindəyəm, fikrim kim bilir harda,

Lövbər salıb xəyalım yaxın-uzaq sularda.

Araba təkərləri xışıldadır qumları,

Oyanır şəlaləsaç söyüdlər də bulvarda.

 

Ege sahilindəyəm, ömür nağıl kimidi,

Səhərin nəfəsində ilk sevgi qoxusu var.

Sübhə kimi yatmayıb şəhərin hay-küyündən,

Korpikləri yumulur, dənizin yuxusu var.

Ege sahilindəyəm... Ege sahilindəyəm...

 

* "Bir fırtına tutdu bizi" Atatürkün ən sevdiyi qədim Selanik türküsü idi.

 

 

ÇANAQQALA SAVAŞI

 

Türkün bəşəriyyəti silkələdi gur səsi,

Düşmənin bu sularda kəsildi son nəfəsi,

Osmanlı tarixinin qızıldan səhifəsi —

Dastanlara yazıldı Çanaqqala savaşı.

 

Millətin Vətən adlı bir sevdaya düşdüyü,

Dərd içində boğulub ümidi bölüşdüyü,

Silah yetməyən yerdə imanın döyüşdüyü --

Yaddaşlara qazıldı Çanaqqala savaşı.

 

"Allah, Allah" nidası batırdı  top səsini,

Qorxunc mədəniyyətin yırtıcı həvəsini.

Heyrətə saldı bütün ərşi, yer kürəsini,

Hər həmləsi söz oldu Çanaqqala savaşı.

 

Küllərindən göyərdi bu torpağın fidanı.

Zəfər yazdı tarixə 14 Türk komutanı,

Tökülüb Vətən oldu 400 min şəhid qanı,

İtirdikcə qazandı Çanaqqala savaşı.

 

Qadınlar silah alıb yetişdi ər hayına,

Sultaniyyə qalası daha möhkəm dayana.

Qürur heykəli oldu mis dövründən bu yana

Tarixlərə uzandı  Çanaqqala savaşı.

 

Qaldırdı Qoca Seyid ilahi bir qüvvətlə,

İki yüz yetmiş altı kilo mərmini  əllə.

Türkün böyük hünəri dolaşdı dildən-dilə,

Möcüzəyə yozuldu Çanaqqala savaşı.

 

Yüzbaşı Hakkı bəyin xəstə ürəyi dözdü,

Gecəni səhərəcən dənizə mina düzdü,

"Nüsrət" gəmisi ilə zəfərə doğru üzdü, 

İgidiylə söz oldu Çanaqqala savaşı.

 

Əsgərinin hər biri dəmir bilək, qurd ürək,

Döyüşürdü Haqq üçün Allahın ordusu tək ,

Əmr etmişdi komandan: "geriyə yol yox, ölmək! "

Bax belə zəfər çaldı Çanaqqala savaşı.

 

Damarlarda axan qan yurd sevgisiylə dolu,

Ənvər Paşa ordunun əyilməz polad qolu,

Albaydan Atatürkə  --  Mustafa Kamal yolu,

Əsrlərə səs saldı Çanaqqala savaşı.

 

Boğazının  suları içilməz Çanaqqala,

Xocalımdan, Şuşamdan seçilməz Çanaqqala

Qarabağın qardaşı keçilməz Çanaqqala,

Azadlığıma yoldur Çanaqqala savaşı.

 

 

YORULDUM, İNANMADILAR

 

Nağıl sevgilərdə qaldım,

Məni gerçək sanmadılar.

Elə yerdən yaralandım,

Yara bilib sarmadılar.

 

Ağrılar içimdə dağdı,

Zirvəsinə alov yağdı.

Hər dərdə körpəm tək baxdım,

Gəlməkdən usanmadılar.

 

Söz olub Haqqa deyildim,

Söz üçün ölüb dirildim.

Həyatı yanmaqda bildim,

Ondan mənə yanmadılar.

 

Tutundum qələm-silaha,

Yenə də pənah Allaha...

Gücümdən yoruldum daha,

Yoruldum, inanmadılar.

 

 

HÜNƏR ODUR...

 

Haqqa getməyən yolun

Bilinməz düzü, tərsi.

İnsan dərs almadıqca

Bitməz Allahın dərsi.

 

Ömür boyu tükənməz

Bu taleyin sınağı.

Qaya kimi dayanar

Yol üstündə qınağı.

 

Bəzən təbiətin də

Üzü dönər, sərt durar.

Yağışı döyəcləyər,

Dolusu qırmanc vurar.

 

Kəsər fələk ipini

Gözləmədiyin yerdə.

Bir az böyütmək üçün

Tanıdar səni dərdə.

 

Həyat -- sonsuz imtahan,

Hamı keçər birtəhər.

Qorxma, qatı zülmətin

İçindən doğar səhər.

 

Hünər odur gecəyə

Qəlbindən nur verəsən.

Dərdə baxıb Allahın

Böyüklüyün görəsən.

 

 

ANALAR

 

Gözləri çəkdiyi yolda

Düşüb qalmaqdı analıq.

Övladı gələn limana

Lövbər salmaqdı analıq.

 

Ürəyi daim təlaşda,

Simurq tək odda yanmaqda.

Balasının arxasında

Özünü bir dağ sanmaqda.

 

Çiyni hər yükün altında,

Həyat cəngində pəhləvan.

Övladını qorumaqçun

Fələyə də tutar divan.

 

Gözündə körpədir deyə

Üstündə əsib titrəyər.

Yoluna qurd-quş çıxanda

O, aslan olub kükrəyər.

 

Qoruyar soyuqdan, qardan,

Bir ömür yorulmaq bilməz.

Övladı gün görsün deyə

Analar gün üzü görməz.

 

 

DAŞ ÜSTÜNDƏ BİTƏN ÇİÇƏK

 

Daş üstündə bitən çiçək,

Qayada dəydin gözümə.

Mehdən xəfif, dağdan ağır,

Bənzətdim səni özümə.

 

Elə vaxt çıxdın qarşıma,

Ümidlərin solan vaxtı.

Ürəyimə qalaq-qalaq

Dərdin-qəmin dolan vaxtı.

 

Səni görüb xatırladım

Çoxdan unutduğum gücü,

Ömrün bitməz savaşında

Qiyamətə qalan öcü.

 

Daş üstündə bitən çiçək,

Necə göyərdin bilirəm.

Daş dili öyrətdi fələk,

Mən də o daşdan gəlirəm.

 

Bilsən nələr, nələr görüb

O çatladıb çıxdığın daş.

Nə gözlə baxıb dünyaya

O daş kimi baxdığın daş...

 

Səni göylər çəkir yaman,

Don vurub dolu döyəcək.

Arada bir yuxarı bax,

Baışın buluda dəyəcək.

 

Daş üstündə bitən çiçək,

Uzun yolu kəsə gəldin.

Hansı səs oyatdı səni,

Ömrü birnəfəsə gəldin?!

 

Daşdan çıxıb qışa düşdün,

Sevgi yağdır, basdır qarı.

Minillik daşın köksünü

Yarmağına dəysin barı,

Daş üstündə bitən çiçək.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.