Səma Muğanna – “Məhkəmə” Featured

“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıçısı İsa Muğannanın nəvəsi Səma Muğannanın ərsəyə gətirdiyi bir yazısını oxucularının ixtiyarına verir. Yazının janrı qarışıqdır, bədii, sənədli, avtobioqrafik...

 

SƏMA MUĞANNA,

“MƏHKƏMƏ”

 

Bu yazını Qibləgahım İsa Muğannaya ithaf edirəm. Bu yazının içində mənim də həyat hekayəmdən bir parça var...

 

“Salam... Bu gün mənimlə birgə məhkəmə qarşısına çıxacağıq. Bilirəm, indi düşünürsən ki, mənim neçə yaşım var? Mən balaca bir qızcığazam. Haqq-ədalət uğrunda daima mübarizə aparan o balaca qızcığaz. Yolum bir az uzundur, ona görə anamın mənə hədiyyə etdiyi şərfi də özümlə götürəcəyəm. O da gələcək, amma bu gün məni ağır imtahan gözləyir...”

 

Bu sözləri deyən balaca qızcığazın adı Aysundur.  Onun yaşı az olsa da, düşüncəsi 30, 40 yaşındadır.  Bu o demək deyil ki, onun düşüncələri batmış gəmi, yaxud suda boğulan insan qədərdir. Yox, qətiyyən. Sadəcə insanlar onu anlamırlar...

 O qız yazıçıdır. Çoxları onu tanımır, amma tanıyanlar da onu çox sevir. O qızın ruhunda çiçəklər açsa da, incidənlər də çoxdur. Nə deyim.. Onun qələmi bu gün məhkəmə qarşısında savaş açacaqdı...

 Balaca Aysun qaçırdı. Yollar olduqca qaranlıq idi. Qarşısında kələ-kötür, qabarıq yollar, acımasız atılan qəhqələr və daha nələr. O qaçdıqca qaçırdı. Balaca ayaqlarının addımları o qədər böyük idi ki, günahkarlar belə qalib gələ bilməzdilər.

Mən qələmimi sevirəm.. Bu gün neçə insan mənə baxacaqdı. Az qaldı, lap az qaldı, çatacam...

  Aysunun nəfəsi artıq dayanırdı. Yolda dayanıb dərindən nəfəs aldı. Əlindəki şərfə baxdı. Yerə diz çöküb onu bərk-bərk qoxladı, içinə çəkdi. Dərindən bir hönkürtü çəkib, ayağa qalxıb qaçdı. Gözlərini tez-tez qırpıb açıb qarşısındakı qara qapıya tərəf irəlilədi. Qapını yavaşca tıqqıldatdı. Artıq taqəti qalmamışdı. Qapını heç kəs açmadı. Bu dəfə əli ilə qapıya vurdu. Qara paltarlı bir qadın qapını açıb dedi:

-Demək, o sənsən. Keç. Gözlə, şahidlər də gəldiyində başlayacaq.

-Siz.. Siz kimsiniz?

-Sən çox sual vermə. 20 yaşında yazıq bir qızcığaz.. Özünü yazıçı adlandırır. Keç otur!

  Aysun ayaqları əsərək içəri keçdi. Masanın arxasındakı stulu yanına çəkib oturdu. Başını qaldırmasa da, ətrafı gözləri ilə diqqətlə izləyirdi. Hakim ayağa qalxıb, Aysuna səsləndi:

-Aysun..

  Aysun ayağa qalxıb, başını aşağı əydi. Balaca əllərini ovuclarının içində birləşdirib, göz yaşlarını içində boğurdu.

-Əyləş. Demək, sən yazıçısan. Adını yazıçı qoymusan. Sən necə yazıçı ola bilərsən? Yazılarını oxuduq. Göylər, mistika.. Nə bilim nə.. Hələ deyəsən, kitabların da var...

-Bəli.

-Neçə yaşın var?

- 20

-Pəh! 20 yaşındakı qızlar çoxdan ailə qurub, uşaq sahibi olurlar, imtahana hazırlaşırlar. Sən isə özünü yazıçı elan edirsən. Qızım, ayıbdır, ayıb! Sən get hələ dərsini oxu. Yazıçı o şəxsdir ki, qəlbinə yox, ağlına təslim olar və hər zaman onu dinləyər! Sən isə sadəcə qəlbinlə nələrsə yaratmağını düşünürsən. Sən kimsən ki, bu düşüncələrə sahib olursan?!

  Aysun diqqətlə hakimi dinləyirdi. Başını aşağı dikib öz-özünə dodaqaltı pıçıldayırdı: “mən onlara özümü sübut edəcəm”  bu cümləni hər dəfə təkrar edirdi. Onun üçün hər şeydən önəmli tək qələmi və anasının ona verdiyi qırmızı rəngli şərf idi. Düzdür, Aysunun ən sevdiyi rəng göy idi, amma bu onun anasının ən dəyərli hədiyyəsi idi.

-Ay qız, sən özünü istedadlı hesab edirsən? Hələ bir yazmaq qabiliyyətin olsun ki, yaza biləsən!- kənardan bir şəxs ayağa qalxıb Aysuna qışqırdı.

  Aysun çevrilib həmin şəxsə baxdı. Gözlərində elə dəhşətli bir nifrət vardı ki, bu an hər şey onun gözündə kor olmuş insanın qaranlığına bənzəyirdi. Ayağa qalxıb diqqətlə onun üzünə baxdı:

-       Mən sizi tanımıram, amma bir dəqiqə. Sizi tanımağıma heç ehtiyac da yoxdur. Siz özünüzü çox yaxşı tanıtdınız.

-       Sən kimsən ki, mənimlə belə danışırsan, qız?

-       Bu da bu qızın tərbiyyəsi.

   Aysun başını aşağı salıb, ovuclarında sıxdığı əllərinə baxdı. Əllərinin içi qıpqırmızı idi. Başını yenidən qaldırıb dedi:

-       Kor bir insanın gözləri görmür, elə deyilmi? Bəlkə də yalnız o insanın nurlu gözlərini örtən ağ işıqdır. Əslində, isə o qaranlıqdadır. Sizin bizi kimi insanları salmaq istədiyiniz qaranlıqda! Alçaltmaq çox asandır, bu hissi yaşamaqsa olduqca acı!  O qaranlıq da gecə kimi gözəl deyil, sadəcə bir kömürdür. Siz də baxın, həmin kömürsünüz! O qədər qara ki, baxdıqca insanım ruhunu çirkləndirir. Ancaq heç narahat olmayın, sizin mənim ruhumu çirkləndirməyinizə və qələmimi əlimdən almağınıza icazə verməyəcəm!

-       Sənin qələmini almaq mənim üçün çox asandır. Bütün hər yerdə qadağa qoya bilərəm! -hakim kinayə ilə dedi.

-       Qələmimi qorumaq mənim əlimdədir. Hər kəs şahiddir ki, mən çalışacam!

 Ətraf sükuta qərq oldu. Hamı diqqətlə Aysuna baxdı. Aysunun bədəni tir-tir əsdi. O qapını bərk vurub içəridən çıxdı. Boynundakı qırmızı şərfi açıb, ovuclarında sıxdı. Məhkəmənin dəhlizlərində elə bərk ağlayaraq qaçırdı ki, çılpaq ayaqlarını hər dəfə yerə basdıqca ağrısı göynəyirdi. Qaçdıqca təngnəfəs halda deyirdi:

  Mənim qələmimi sındırmaq istəyənlər bu gün bu fani dünyada yaşayanlardır. Mən özümü heç vaxt istedadlı adlandırmadım, heç vaxt özümü sevmədim, özümlə daima tənqidlər içində yaşadım, böyüdüm və hələ də yaşamağa davam edirəm. Ancaq bu digər insanların haqqı deyil ki, məni “istedadsız” adlandırsınlar. Mənim bir vaxtlar çox xəyalım olub, düzdür, mən onların hamısını gerçəkləşdirməmişəm, amma bir gün o xəyalların gerçəkləşcəyinə adım kimi əminəm. Bu  tozlu məhkəmə otaqları, içinizdəki çirkli palçıqlar sizin olsun, ey insanlar! Hərçənd ki, sizi insan adlandırmağım belə günahdır, amma iblis adı belə sizin kölgənizdən qaçıb gizlənər, inanın!

  Pilləkənləri qaçaraq aşağı düşdü və böyük, qədimi binaya diqqətlə baxdı. Əlini boynundakı şərfə toxundurdu. Anasının şərfi hələ də boğazında idi. Çox qəribədir, bu gün hava olduqca isti idi, hətta günəş belə bu balaca, zərif qızcığazın kiçik, cılız bədənini yandıracaqdı. Ancaq bu gün balaca qızcığaz bu böyük binanın qarşısında dayanıb dedi:

-Bir qəbir daşları belə olmayacaq insanlar məni qələmimlə təhdid edir. Edin! Mən bacardığımca qaçacam, amma sizdən, qələmimdən yox.

  Aysunun artıq taqəti qalmamışdı. Dərindən nəfəs alıb, irəliyə bir addım atdı. Birdən ayağına bükülmüş bir kağız parçası dəydi. O, yerdəki kağız parçasını götürdü, əslində, qəzet imiş. Rəngi saralmış, sarı rəngli qəzet parçası. Qəzetin üzərində bu yazılmışdı:

Gənc yazıçı Aysunun “Məhkəmə” adlı yazısı oxucular tərəfindən çox sevildi. Qızımızı təbrik edir, ona tükənməz uğurlar arzu edirik!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.