Fəxr edirəm ki, qələmimlə dövlətimə xidmət edirəm – Turqut Ansari danışdı Featured

Fatimə Məmmədova,

 "Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Vətənə, dövlətə xidmət sadəcə cəbhədə olmur. Elmdə, təhsildə, mədəniyyətdə, incəsəntdə, yaradıcılıqda və bu kimi bütün digər sahələrdə Azərbaycan naminə edilən hər icraat, atılan hər addım elə vətənə xidmət etməkdir. Bu gün isə mövzu gənc yazıçı, jurnalist, publisist və şair Turqut Ansarinin müəllifi olduğu "Qalibiyyət Dastanı" kitabıdır.

 

“Qalibiyyət Dastan”ının əsas məğzi isə məhz ölkəmizin şanlı zəfəri və ardınca əldə edilən siyasi və hərbi müəllifi uğurlardır. Bu kitab müəllifin 44 günlük Vətən Müharibəsinə, Azərbaycan dövlətinin qələbəsinə həsr etdiyi pulisistik üslubda olan əsərdir. Kitabda Qarabağın qədim tarixi köklərindən, onun etnoqrafiyasından, Qarabağa olan torpaq iddialarının necbi uğurlardır. Kitabın mahiyyəti ilə əlaqədar olaraq müəllif Turqut Ansari suallarımızı cavablandırıb

 

-Qarabağ haqqında yazmaq böyük məsuliyyətdir. Gənc yaşda bu məsuliyyəti üzərinizə götürməyə sizi nə vadar etdi?

 

-Təəsüflər olsun ki, Qarabağ mövzusu uzun illər xalqımızın, dövlətimizin qanayan yarası olmuşdur. Bunun paralelində təbii olaraq ədəbiyyatımızda da Qarabağa olan nisgil, bu mövzu ilə bağlı dərd-qüssə öz əksini tapmışdır. Hətta mən qeyd edə bilərəm ki, nəinki yazıçı və şairlərimizin yaradıcılığında, eləcə də xalq ədəbiyyatında da işğal prosesinin ağrı-acısı təsvir edilmişdir. Bəli, belə bir mövzuda publisistik bir əsər yazmaq olduqca ciddi, məsuliyyətli, lakin bir o qədər də şərəflidir. Yazıçı, şair, publisist, jurnalist kimi nələrsə yazmaq, yaratmaq mənim üçün çətin deyil, amma bu qürurlu hissi təkcə sözlərlə ifadə etmək mümkünsüzdür, ya da hesab edirəm ki, bunun üçün də ayrıca bir kitab yazmaq lazımdır.

Mən “Qalibiyyət Dastanı”-nı yazarkən düşündüm ki, bu təkcə tarixi faktlara əsaslanan, zəfərimizdən bəhs edən bir kitab olmayacaq, bu publisistika nümunəsi həm də mənim qələmimlə dövlətimə xidmətimin təzahürü olacaq. Mən fəxr edirəm ki, qələmimlə dövlətimə xidmət edirəm. Xüsusilə də gənc yaşda belə bir kitab yazmaq, hesab edirəm ki, mənim gənclik illərimin ən cazibədar naxışlarının birincisi, genişmiqyaslı yaradıcılıq fəaliyyətimin başlanğıcıdır. Məni belə bir mövzuda kitab yazmağa sövq edən isə daxilimdəki sönməz vətən eşqi və üsyankarlığı oldu. Çünki, mən düşündüm ki, bu cür ilahi bir eşq, yaradıcılıq tanrı tərəfindən mənə bəxş edilibsə, mən bunu vətənimin, dövlətimin zəfərini vəsf etməyə sərf etməliyəm və çox şadam ki, bunu icra etmişəm.

 

-Tarixi hadisləri bədii dillə təqdim edərkən emosiyalarla faktlar arasında tarazlığı necə qorudunuz?

 

 

-Sual kifayət qədər lazımlı hissəyə toxundu. İlkin məqamda onu qeyd edim ki, bu kitab publisitik bir əsərdir və mütləq tarixi faktlara söykənməklə yanaşı, yaradıcılığımın poetik tərəfləri də burada aydın şəkildə müşahidə olunur. Emosiyalarla faktları tarazlı şəkildə ifadə etmək  mənim üçün o qədər də çətin olmadı. Çünki, mən bu kitabı yazarkən, qalib bir ölkənin jurnalisti kimi bütün faktları araşdırdım, qalib bir ölkənin şairi kimi şeriləri yazdım və qalib bir ölkənin yazıçısı kimi bu əsəri ərsəyə gətirdim. Hesab edirəm ki, belə bir mövzuda emosiyanal olmaq mənim haqqımdır və bu mənim mənəviyyatımın tələbatı və vətən sevgisinin coşqusu kimi şərh edilməlidir. Mən hər zaman qeyd edirəm ki, müstəqillik, qalibiyyət hər xalqa nəsib olmur. Bu ali hisləri ifadə edərkən emosiyanal olmamaq mümkün deyil və olmamalıdır da. Lakin təbii ki, bu faktların göz ardı edilməsi demək deyil, əksinə kitab tam şəkildə faktlara əsaslanıb. Çünki, bu əsəsri yazarkən mənim məqsədlərimdən biri də məhz tarixi həqiqətləri göz önünə sərmək idi.

 

-Müharibəni yaşamayan yeni nəsil üçün Qarabağ zəfərinin dəyərini anlatmaq sizcə niyə vacibdir? Sizcə kitablar bu yaddaşı qorumaqda sosial mediadan daha təsirli ola bilərmi?

 

-Öncəliklə bunu qeyd edim ki, dövlətimizə, xalqımıza, bundan sonrakı nəsillərə davamlı sülh və əmin-amanlıq içərisində yaşamağı arzu edirəm. Hərbdə qalib olan Müzəffər Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyev cənabları sülhdə də qalib olaraq Cənubi Qafqaz kimi strateji əhəmiyyətli bir regionda yeni reallıq yaratdı. Bütün bunalrı yazmaq isə, hesab edirəm ki, mənim üçün mənəvi vətəndaşlıq borcu olmaqla yanaşı, jurnalist, yazıçı, publisit və şair kimi isə vəzifə öhdəliyi idi. Əlavə olaraq onu da qeyd edim ki, kitablar nəinki indi, bütün dövrlərdə xalqın silinməz yaddaşı rolunu oynayıblar. Bu gün istənilən və yarana biləcək olan ən kiçik texniki problemdə qısa və ya uzun müddətli olmasından asılı olmayaraq bütün texno alətlər öz fəaliyyətini dayandıra bilər. Təkcə elektrik kəsintisi belə bunun üçün ən bariz nümunə ola bilər.

Tarixi bilməyin niyə vacib olmasına gəldikdə isə, mən tam əminliklə deyirəm ki, ölkəsinin, vətəninin tarixini bilməyən insan öz tarixini və özünü bilmir, belə biri isə heç kimə, heç özünə də lazım deyil. Bunu anlatmaq, yazmaq, ərsəyə gətirmək bir vəzifədirsə, onu öyrənmək, yaddaşlara həkk etmək də birinci dərəcəli vətəndaşlıq borcudur. O ki qaldı sosial şəbəkələr məsələsinə, bəli, bu gün bütün bu vasitələr bizim həyatımızın ayrılmaz parçasıdır. Zənn edirəm ki, heç bir insan öz gününü müasir texnovasitələr olmadan təsəvvür edə bilməz. Sosial şəbəkələrdə informasiyaların daha sürətlə yayılması və daha geniş auditoriyanı əhatə etməsi danılmaz fakt olduğu kimi, eyni zamanda çox ciddi dezinformasiya mənbəyi olduğu da inkaredilməzdir. Sosial şəbəkələrdə də bu kimi məsələləri işıqlandırmaq, paylaşmaq çox müsbət haldır və mütləq ki, olmalıdır da. Dövrün bütün tələblərinə uyğunlaşmaq, sahəyə innovasiyalar tətbiq etmək gərəkdir, vacibdir, mütləqdir. Lakin fikrimcə qələmin mürəkkəbini axıdaraq yazmaq, o kitabı sonsuz sevgi, zövq və qürurla bir müəllif kimi ələ almaq milyonlarla izləyici sayından daha üstündür və daha ciddi işdir.

 

- Turqut bəy, kitabınızın akademik çəkisini, publisistikadakı yerini necə izah edərdiniz?

 

-“Qalibiyyət Dastanı” kitabı bütün məsələlərdə tarixi faktlara, araşdırmalara əsaslanan, özündə poetik və publisistik çalarları əks etdirən ciddi bir əsərdir. Kitaba ilkin və əsaslı akademik dəyər isə, dəyərli ustadım, əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU jurnalistika fakultəsinin dekanı Professor Vüqar Zifəroğlu tərəfindən verilib. 106 illik tarixə sahib olan Bakı Dövlət Universitetinin məhz “Zəfər Tarixi” lektoriyasında “Qalibiyyət Dastanı” kitabımın professor-müəllim heyəti ilə birlikdə təqdimat mərasiminin keçirilməsi, Azərbaycan jurnalistikasında qələmi ilə seçilən pedoqoqların kitaba xüsusi diqqətlə yanaşaraq onun əhəmiyyətini vurğulaması böyük sevinc hissidir. Əlavə olaraq bu barədə çoxsaylı media subyektlərində ətraflı məlumatlar da dərc olunub, təqdimat mərasimi ilə bağlı paylaşımlar edilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.