Xoşbəxtdir yazdıqlarıyla, yaradıcılığıyla Featured

Vaqif Yusifoğlu,

filologiya elmləri doktoru

“Ədəbiyyat və incəsənət”

 

İlhamə MəhəmmədqızıSumqayıtda – bu şəhərin adını daşıyan qəzetdə çalışır. Eyni zamanda “Ədəbiyyat və incəsənət” portalının da Sumqayıt təmsilçisidir. “Zərdabi” mükafatı laureatıdır. Əlli yeddi illik ömrünün qırx ilini bütün varlığı ilə bağlandığı jurnalistikaya həsr edib. Bədii və publisistik yazıları təkcə respublika mətbuatında deyil, bir sıra xarici ölkə mediasında çap olunub.

 

 Onun şairliyi, nasirliyi də var – “Xatırla məni”, “Dərdə açma qapını”, “Söz dünyası”, “Ömrün naxışları”, “Hikmət dünyası”, “Zirvəyə doğru” və s. kitabların müəllifidir. Onun jurnalistlik fəaliyyətini, bədii yaradıcılığını vaxtilə və indinin özündə layiqincə qiymətləndiriblər. Görkəmli ədəbiyyatşünas-akademik Kamal Talıbzadə yazıb ki: “İlhamə Məhəmmədqızı özünəməxsus yaradıcılığı ilə oxucu qəlbinə yol tapa bilmişdir. Yazılarındakı təvazökarlıq, təmkin təbiətinə xas əlamətlərdəndir və onun ədəbi mühitdə sevilib-seçilən sənətkarlardan olacağına şübhə etmirəm”. Professor Mürsəl Həkimov: Daim yazıb-yaratmaq eşqiylə çırpınan ürəyində sənətə sonsuz məhəbbəti var. İlhamə Məhəmmədqızının mənsur şeirləri uğurlu yaradıcılığından xəbər verir. Gözəl şairəmiz Nurəngiz Gün görün nə yazıb: “Üzü, gözləri, bütövlükdə çöhrəsi gözəl sənətkarın – İlhamənin elə yaradıcılığı da gözəldir. İçi üzə yazılıb”. Şair İbrahim İlyaslı: “İlhamə xanım mənsub olduğu nəslin jurnalistləri sırasında respublika mətbuatında öz sözünü deyən, düz sözünü deyən, imzasını təsdiq etmiş peşəkar kimi çıxış edir. Görünür, İlhamə xanımın ədəbi yaradıcılıqla da məşğul olması səbəbindəndir ki, onun publisistikasında bədii meyllər daha güclüdür”. Misalların sayını yenə artıra bilərəm. Amma gəlin, bu təriflərdən sonra onun yaradıcılığına da nəzər salaq.

İlhamə Məhəmmədqızını jurnalistlik fəaliyyətinə görə peşəkar adlandırmaq olar. O, “Sintez”, “Kauçuk”, “168 saat”, “Borçalı”, “Qafqazpress”, “Azad Azərbaycan” qəzetlərində, “Azərbaycan dünyası”, “İTMağazine”, “Formula uspexa” jurnallarında çalışıb, ictimai və mədəni həyatın müxtəlif sahələri ilə bağlı məqalələr çap etdirib, öz sənətinin zirvəsini fəth edən insanlar haqqında portret yazılar qələmə alıb, tanınmış elm, incəsənət, tibb xadimləri ilə maraqlı müsahibələr aparıb. Yazılarında ən başlıca məziyyət həqiqət hissidir.

Onun “Vətən müharibəsi qəhrəmanı” igid şəhidimiz Anar Şükürovun anası ilə bağlı yazısını kövrəlmədən oxumaq olmur. Ana görün nə söyləyir: “Hər dəfə qapı açılanda boylanıram ki, bəlkə gələn Anardır. Elə bilirəm ki, döyüşdədir, gələcək. Ürəyimdə təskinlik tapıram ki, övladım Vətən uğrunda həlak olub. Mənə deyirdi ki, bir ovuc torpaq uğrunda ölmək şərəfdir”.

Onun yazılarının əksəriyyəti Sumqayıtla bağlıdır. İlhamə xanım Sumqayıtda yaşayıb-yaradan sənət adamlarının taleyinə işıq salır, onların keçdikləri ömür yolunu canlandırır və hər bir sənət adamının özünəməxsus dünyasından söz açır. Məsələn, onun “Sənət sevgili insan” yazısı yazıçı Ağəddin Mansurzadəyə həsr edilib. O Ağəddin Mansurzadə ki, onun bütün həyatı Sumqayıtla bağlı idi. Sumqayıtın ədəbi-mədəni həyatının canlanmasında A.Mansurzadənin rolu az olmayıb. “Əsərlərində insan psixologiyasının mürəkkəb qatları, xüsusiyyətləri ustalıqla şərh edilir.

Əxlaq, mənəviyyat məslələri Ağəddin Mansurzadənin bütün əsərlərində öz əksini tapır”.

İlhamə xanımın jurnalistlik fəaliyyətində onun müsahibələrinin də xüsusi yeri var. Müsahibə jurnalistikada ayrıca bir formadır. Onu hazırlamaq o qədər də asan deyil. Jurnalistin məharəti bu formada özünü göstərə bilər. İlhamə xanımın müsahibələri əsasən yaxşı tanıdığı sənət adamları ilə bağlıdır. Tanınmış şair-bəstəkar Xanım İsmayıl qızı, yazıçı-rejissor Ağalar İdrisoğlu və tənqidçi Vaqif Yusifli ilə aparılan müsahibələrin diqqət çəkən cəhətləri nədən ibarətdir? İlk növbədə, jurnalist xanım onları – bu tanımışları yetərincə duya bilir. Onların sənət taleyini izləyə bilir. Məsələn, Xanım İsmayıl qızına belə bir sual verilir: “Cəmiyyətdə bəzən yalançılıq, paxıllıq, riyakarlıq, ikiüzlülüklə qarşılaşanda o anda hansı hissləri keçirirsiniz?” Cavabı bu olur:

“Mən cəmiyyətdəki yaxşı və pis nə varsa, hamısını normal qəbul edirəm. Dolu, mənəviyyatı zəngin, savadlı, özündən razı yox, özünə arxayın insan həmişə təvazökar olur. Amma mənəviyyatca yoxsul insana gəldikdə ağır xəstəliyə tutulmuş insanı necə həyata qaytarmaq olardı?”

İlhamə Məhəmmədqızı axtarışçı jurnalistlərdəndir. O qədər də tanınmayan, lakin tanıdılmağa layiq bəstəçilər, müğənnilər, müəllimlər, tibb işçiləri var ki, onlardan söz açmaq, ictimaiyyətə təqdim etmək vacibdir, zəruridir. Məsələn, keramist-rəssam Nəsibə Şükürovanı tanıyanlar var, amma məhdud dairədə… “Nəsibənin sənət dünyası” yazısında bu keramika ustasının sənət yolu haqqında bitkin təsəvvür əldə edirik. Yaxud “Bir səsin sehrində” yazısında vokal ifaçısı və bu sahədə də pedaqoji fəaliyyətlə məşğul olan Afət Zeynalova ilə bizi tanış edir. Onun yazılarında Sumqayıtda yaşayan, öz sənətinin loğmanı olan tibb işçiləri də hərarətlə vəsf edilir. Sehri Fərəc oğlu Babayevi, Nigar Nizami qızı İsayevanı, Ofelya Rzabala qızı Rzayevanı bəlkə də elə Sumqayıtda tanıyırlar, amma İlhamə xanım onları bütün Azərbaycana tanıdır.

İlhamə Məhəmmədqızının şeirləri, hekayələri, povestləri və mənsur şeirləri ilə tanış oldum. Bu bədii yazılar heç də ötəri həvəsdən, “baxın, mən də şeir yazıram” fikrindən uzaqdır. Hiss olunur ki, onun şeirləri də, hekayələri də təbii ilhamından bəhrələnir, yəni içində bir od varsa və bu od şeirə çevrilirsə, niyə o odun pərvanəsi olmayasan?

Onun şeirlərini mövzuca iki şaxəyə ayırmaq olar: “Vətən” deyən şeirlər və lirik şeirlər. Azərbaycanı – Vətənə həsr etdiyi şeirlərindən bəzi misralar, bəndlər var ki, bunlar təzə səslənir: “Qərib eldə sorağımız Vətəndi”, “Lay-lay deyən qucağımız Vətəndi” və s. “Şuşa həsrəti” şeiri bizim o illərdə ağrısını çəkdiyimiz, hətta ümidini üzdüyümüz Şuşaya həsrətimizi ifadə edir. İlhamə xanımın şəhidlik mövzusunda xeyli şeirləri var. “Ana fəryadı”, “Şəhidin Allahdan son istəyi”, “Balam gəlmədi”, “Yaralı əsgər” və s. Bu şeirlərdə biz oğul dağı görən anaların fəryadını eşidirik.

 

Analar dəryadı, analar dağıdı,

İndi göz yaşımdı mənimçün çörək.

Ananın qəlbində balası sağdı,

Odur ki, deyirlər balam gəlmədi.

Analar ah çəksə, dünya qocalar,

Hələ soruşurlar balam gəlmədi?

 

“Şəhidin vəsiyyəti” şeirində isə şəhidin özü dilə gəlir:

 

Tabutu açmayın dəfn eləyəndə,

Saralmış yanağı, solmuş üzümü,

Sinəmdə yer açmış yara izini,

Yumulmuş gözümü anam görməsin!

 

İlhamə Məhəmmədqızının lirik şeirlərini (daha çox sevgi, məhəbbət mövzusundadır) səciyyələndirirəm. Bu şeirləri payız lirikası adlandırmaq olar. Lirik şeirlərdə daha çox ayrılıqdan, ötən illərin unudulmaz xatirələrindən söz açılır. Nə qədər kədər, qüssə olsa belə, ayrılıqdan söz düşsə də, onun lirik qəhrəmanı yenə eşqin qüdrətinə, bütün ayrılıqların bitəcəyinə inamı azalmır:

 

Üz tutub gedək biz üzü sevdaya,

Olsun son nəfəsi zülmət gecənin.

Keçək sınaqlardan hər an inadla,

Xatirə dil açsın, eşq tükənməsin.

 

Bu dünyada çox şeylər tükənir. Amma tükənməyən bircə hiss var: MƏHƏBBƏT.

İlhamə xanım sevgi duyğularını mənsur şeirlərində də davam etdirir. Onun mənsur şeirlərini lirik şeirlərindən qətiyyən ayırmaq olmaz. “Bil ki, mənəm” mənsur şeirində o, sevən qadını – nigarançılıq içində yaşayan qadını susmuş bir çiçəyə bənzədir: “Nigaran bir gül görsən, bil ki, mənəm. Dilsiz, lal, ümidsiz, gümansız bir gül. Bülbülünün təranəsi susmuş bir çiçək. Heç olmasa, könül səsimi duymadın. Durnaların qanadında olaydım. Soyuğuna dözməyib uçaydım kaş. Uca-uca dağların başına qalxaydım. Ayın yalqızlıq qəminə, tənhalıq dərdinə şərik olaydım. Geniş göy, təmiz səma uzadaydı ömrümü.” İlhamə Məhəmmədqızının hekayələrini və iki povestini də oxudum, bunlar da lirik nəsir nümunələridir.

İlhamə Məhəmmədqızının jurnalistlik fəaliyyəti və bədii yaradıcılığı barədə söhbətimi burada bitirirəm. Öz xoşbəxtliyini yazılarında, yaradıcılığında axtaran bu xanıma uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.