Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Növbəti təqdimat. Bu dəfə Nəzrin Qəmbərova. Bu günlərdə ilk kitabı çapdan çıxdı və Nəzrin bu barədə belə dedi: “Kitabımı hazırladığım zaman sevdiklərimin yanımda olduğunu və dəstəyini görmək məni həm sevindirdi, həm də həyəcanlandırdı”.
-Nəzrin, ədəbiyyat yoluna 15 yaşında məhz uşaq ədəbiyyatı ilə qədəm qoydun. İlk kitabın olan "Sevimli Meşə Məcərası"nı yazmaq ideyası necə yarandı? Bu hekayənin arxasında hansı ilham dayanır?
-Mən uşaqları çox sevirəm və onların maraqla oxuya biləcəyi, eyni zamanda gözəl dəyərlər öyrənəcəyi bir hekayə yazmaq istəyirdim. "Sevimli Meşə Məcərası" ideyası da məhz bu arzudan yarandı. İstədim ki, uşaqlar kitabı oxuyarkən həm əylənsin, həm də dostluq, xeyirxahlıq və birlik kimi dəyərləri öyrənsinlər.
-Kitabın üz qabığında və səhifələrində meşənin sevimli heyvanlarını görürük. Bu personajları yaradarkən öz uşaqlıq xatirələrindən və ya ətrafındakı hansısa obrazlardan ilham almısanmı?
-Xeyir ətrafdakı hansısa obrazdan ilham almamışam, mənim bir neçə heyvanım olub, ona görədə bu kitabda da heyvanlara üstünlük verməyə çalışdım.
-İlk kitabını oxuculara təqdim etmək hissi necədir? Yazı masasından nəşrə qədər olan bu yolda səni ən çox təəccübləndirən və ya həyəcanlandıran nə oldu?
-Çox həyəcanlı bir hissdir mənim üçün. Kitabım hazırladığımı zaman sevdiklərimin yanımda olduğunu və dəstəyini görmək məni həm sevindirdi həm də həyəcanlandırdı.
-Hekayəni yazarkən və ya personajların xarakterini qurarkən çətinlik çəkdiyin məqamlar oldumu? Yazı prosesi sənin üçün necə keçir – daha çox ilhamı gözləyirsən, yoxsa intizamlı şəkildə hər gün yazırsan?
-Xeyir çətinlik çəkdiyim heç bir məqam olmadı. İntizamlı şəkildə yazıram.
-Gənc yaşda yazıb-yaratmaq həm də böyük bir məsuliyyətdir. Gündəlik həyatın (təhsil, digər məşğuliyyətlər) ilə yaradıcılığı necə əlaqələndirirsən?
-Vaxtımı düzgün planlaşdırmağa çalışıram. Gündəlik işlərimdən sonra yaradıcılığıma vaxt ayırıram. Mənim üçün yazmaq sadəcə məşğuliyyət deyil, həm də özümü ifadə etməyin ən gözəl yollarından biridir.
-"Sevimli Meşə Məcərası" sənin ilk kitabındır, amma əminik ki, son olmayacaq. Gələcəkdə yenə uşaq ədəbiyyatı ilə davam etmək fikrindəsən, yoxsa başqa janrlarda da (məsələn, povest, şeir və ya fantastika) qələmini sınamaq istərdin?
-Bəli uşaq ədəbiyyatı ilə davam edəcəm və fantastika üzrə də kitab yazmaq istəyirəm
-Səninlə eyni yolu getmək istəyən, amma ilk addımı atmağa çəkinən digər gənc qələm dostlarına, yaşıdlarına nə məsləhət görərdin?
-Onlara deyərdim ki, özlərinə inansınlar və ilk addımı atmaqdan qorxmasınlar. Hər böyük uğur kiçik bir başlanğıcdan başlayır. Çox oxusunlar, daim öyrənsinlər və yazmaqdan heç vaxt vaz keçməsinlər. Ən əsası isə ürəklərinin səsini dinləsinlər və xəyallarının arxasınca getsinlər. Çünki insan düşündükcə vardır.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)


