Rubrikanı aparır:
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında sizlər üçün seçdiyimiz növbəti məktub Cavidan Hacıyevdən gəlib. O, iki şeirini göndərib. “Gedər” heca vəznində yazılmış, gözümüz öyrəşən şeirlərdəndir. “Dərd dostu” isə bir qədər mənzum şeiri xatırladır, bir qədər sərbəst şeirdir, bir qədər də essedir sanki. Yəni gözümüz alışmayan bir tərzin şeiridir.
Xoş mütaliələr.
GEDƏR
Yerlə göy qovuşduğu uzaqda gözləyən var.
Dərdə qafiyə tapıb, birinə şeir yazar.
Sanar ki, sevgisindən dözməyib göylər ağlar:
Yağışdan sevgi umar -- yağışsa yağar gedər.
Yağmayıb neyləyəcək? Yağıb neyləyəcək ki?
Üç-dörd damcı sudadır dərdin çarəsi sanki.
Ayağını qanadan, torpağın üstündəki
Tikandan bir tac hörüb, başına taxar gedər.
Göylərdəmi gizlidir bu həsrətin niyəsi?
Ay təki çox uzaqdı dərdinin qafiyəsi.
Görən bütün ayların eynidir hekayəsi? -
Gecələr göyə çıxar... Sonraysa çıxar gedər.
Bu bəxti bilmək olmur - hərənin öz bəxti var:
Kimini şeir edər, kimə şeir yazdırar.
Bəxtimizdə sevgi var, bəxtimizdə həsrət var.
Bəxtimizdə ömür var — sormadan axar gedər.
DƏRD DOSTU
Gecə yarı suyu açdım... bir dost kimi dərdləşək.
İntəhası biz tərəfdə gecə vaxtı su gəlmir.
Lap gəlsəydi, axı suya biz yuxunu demişik.
Bu dərd ki var, yuxu deyil - suya dedin ya demədin - əl çəkmir.
Bu dərd ki var, kino kimi, hamı özü öz dərdini çəkməli.
Bu dərd ki var, çox qəlizdi. Çəkdin - bitdi? Elə deyil, qadası.
Bu dərd ki var bir çox dostdan sadiq olur - dərdlə ömür sürməli.
Bu dərd ki var, kaş ki dönüb qorxulu bir yuxu ola -- su gəlmir, intəhası.
Dərd əslində bəla deyil - gəlsə bir gün, hamı çəkər birtəhər.
Üstəlik dərd elnən gəlsə, deyərlər, toy-bayramdı.
Yaddan dərdlər gəlir gəlsin, gecə gündüz nə qədər.
Dərdin dərdi ordadır ki, su kəsənlər, dərdverənlər - bəzən doğma adamdır.
Bəzən dəcəl, bəzən şıltaq həmin uşaq oyaq olur başımda.
O uşaqtək, elə sənə dərdlərimi deyərdim ki, ay ana.
Ancaq saçım xatırladır: indi mənim dərd ovudan yaşımdı.
Bizlər səndə dərd görmədik -- mən də qıymam balama.
Bizlər səndə dərd görmədik, sizə sualmı gəldi?
Mən dərdlərə heca tapıb, bəlkə şeir yazaram.
Vərəqlə dərdləşən nə çox, bəlkə elə bu dünyanın ən dərdlisi - vərəqdi?
Nəysə, gecə su gəlməyir, bəlkə vərəq taparam.
“Ədəbiyyat və incəsənət”
(27.06.2026)


