Tələbə yaradıcılığı – “Lənətli taxt” hekayəsi Featured

Gültəkin Məmmədova,

Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbəsi

“Ədəbiyyat və incəsənət”

 

Nənəm çox cavan yaşda ailə həyatı qurmuş və çox çiləli evlilik yaşamışdı. Uzun illər övladı olmamış, hər kəs problemi onda görmüşdü. Elə ki ayrılıq nöqtəsinə belə gəlib çıxdıqları an möcüzə olmuş, nənəm hamilə qalmışdı. Hər kəs baxıb bir söz deyirdi: biri “qız”, biri “oğlan”. Həmin vaxtlarda indiki müasir avadanlıqlardan olmadığı üçün qarının formasına, yeyilən yeməyin növünə görə uşaq cinsiyyətini bilirmişlər. Babam isə hər zaman: “Kim nə deyir desin, bu qədər gözlədikdən sonra ancaq igid bir oğlum olacaq”, — deyib dururdu. Və elə də olur, oğlu olur, yəni mənim atam. Hər kəs sevinir, qurbanlar kəsilir. Nənəm və babam atama çox bağlı yaşayırlar, lakin nənəm atama çox başqa cür bağlı imiş. Onu göz bəbəyi kimi qoruyub böyüdür və əllərindən gələni artıqlamasıyla edirmişlər.

Lakin orta məktəbi bitirdikdən sonra atam universitetə qəbul olur və şəhərə getməyə məcbur qalır. Nənəm isə buna razı olmur və özünün də onunla gedəcəyini deyir. Birtəhər onu razı salırlar. İlk aylarda nənəm atamdan ayrıldığı üçün xəstələnib yatağa düşür, sonda yavaş-yavaş alışır. Hər həftə şəhərə oğlunu görməyə gedir və ya oğlu kəndə anasını görməyə gəlirdi. Belə-belə zaman keçir, universitet bitir və həmin dövrdə atam anam ilə rastlaşır. Bir-birini sevirlər və evlilik qərarına gəlirlər. Atam kəndə qayıdan kimi nənəm və babama bunu deyir. Sevinirlər, lakin nənəm bir yanda həm gülür, həm ağlayırmış. Çünki anam kənddə yaşamayacağını, evlənsələr belə şəhərdə yaşamaq istədiyini deyir, atam da razılaşır. Nənəm isə “universitet bitdi, oğluma qovuşacağam” xəyalı quranda bu söhbət yaranır. Atam anasına anamı çox sevdiyini və onsuz yaşaya bilməyəcəyini izah edir. Nənəm məcburən razılıq verir və onlar evlənirlər. Hər həftə nənəm eyni münvalla şəhərə - oğlunu və gəlinini görməyə gəlir, ancaq könlü hər zaman gəlininə kin duyur. Oğlunu ondan ayırdığını düşünür və artıq gəlini də buna dözə bilmir. Bir gün o “anan hər həftə gəlməsin” deyir. Bunu isə nənəm eşidir.

Bundan sonra nənəm artıq ayda bir dəfə, vaxt keçdikcə ildə bir-iki dəfə və zamanla illər içində bir-iki dəfə gəlib oğlunu görür. Buna dözə bilməyən nənəm oğlunun həsrəti ilə dəli kimi olur.

Bir gün nənəm atama uşaq vaxtı ən sevdiyi, almaq üçün üç gün gəzdikləri kreslonu verməyi düşünür və kreslonu şəhərə gətirir.

Atam o özüyellənən kreslonu uşaqlıqda çox xoşladığını, üzərində oturub həvəslə dala-qabağa yelləndiyini danışırdı. Atam kresloya hər oturduqda sanki zaman geri dönürdü; o, hər yelləndikcə nənəmin uşaqlıqda ona oxuduğu laylaları, kənd evinin qoxusunu və o zamankı qayğısız günlərini xatırlayırdı.

Amma bu dəfə kreslo yelləndikcə ürəyində qəribə bir ağırlıq, izah edə bilmədiyi bir sıxıntı hiss edirdi, sanki hər yelləniş onu qaçılmaz bir sona daha da yaxınlaşdırırdı. Bir ay belə getdi. Sonra isə bir az problemlər yaşanmağa başladı: anamla arasında problem, işdə problem... Anam isə “kreslo bu evə gələndən artıq heç nəyin yolunda olmadığını” deyir. Atam isə: “Bəsdir daha! Şəhərdə qalaq dedin, razı oldum. Anan az gəlsin dedin, razı oldum. Kəndə getməyək dedin, razı oldum. İndi isə anam uşaqlıqda sevdiyim əşyamı gətirib deyə bilmirsən nə edəsən", — deyib anamla dalaşdı.

Anam: "Sən heç nə anlamırsan. Dərdim ananın gəlməsi və ya nəsə verməsi deyil, mənə olan nifrətidir, düşmən kimi görməsidir", — deyib məni də götürüb evdən çıxdı və xalamgilə getdik. Qapıdan çıxarkən sonuncu dəfə atama tərəf baxdı, içində bir səs "getmə" deyirdi, sanki o an geri dönsə hər şey düzələcəkdi. Amma qüruru və içindəki inciklik bu səsi boğdu, o, taleyin hazırladığı acı sürprizdən xəbərsiz addımlarını xalamgilə tərəf sürətləndirdi.

Gecə yarısı idi, zəng gəldi. Qonşumuz idi, evdə yanğın çıxdığını dedi. Anam apar-topar taksi çağırıb evə getdi. O çatanda isə artıq çox gec idi. Yanğınsöndürənlər yanğını söndürmüşdü. Anam qışqıraraq içəri girməyə çalışdı. Onu tutaraq “Gözləyin, sakitləşin”, — deyərək heyrət və həyəcanla nəsə danışır, anamı isə içəri qoymurdular. Yanğınsöndürənlərdən biri gələrək: “İstəmərik bu anı görüb pis olasınız. Bizim heyətdən bunu görənlər belə özünə gələ bilmir” — dedi. Anam hər şeyə rəğmən: 'Mənim yoldaşımdır, mənim evimdir, görmək istəyirəm”, — deyərək içəri girdi. Evdə sadəcə bir otağın yandığını və atamın nənəmin ona verdiyi kresloda yanmış vəziyyətdə olduğunu gördü. Möcüzə ondaydı ki kreslo necə vardısa, elə də qalmışdı. Anam orada görüntüdən huşunu itirdi. Bunu eşidən nənəm isə yerindəcə həyatını itirdi, babam isə infarkt oldu.

 

***

Anam ayıldıqdan sonra dəfn mərasimi reallaşır. Bir müddət anam evə getmir. Həmin ərəfə içində isə yuxularını qarışdırır, qan-tərin içində qışqıraraq atamın adını çəkib oyanır. Özündə peşmanlıq duyur. “Nə olur olsun, getməməli idim, onu tək qoymamalı idim”, — deyərək depressiyaya girir və özünü toparladıqdan sonra isə gedir.

Atam nə biləydi ki, onu uşaqlıqda özünü taxtda oturan şahzadə kimi hiss etdirib xoşbəxt edən bu kreslo, onu böyüklükdə məhv edəcək olan taxt olacaq. Anam nə bilə bilərdi ki, o evi tərk edərkən, əslində sevdiyini son kəs görürdü.

Həmin kreslonu isə anam köhnə mallar alıb restavrasiya edən sənətkar bir şəxsə verir — nifrət ilə. Sevdiyinin ölüm səbəbi kimi görür o kreslonu.

Bir həftə sonra isə anama zəng gəlir:

— Salam, Zeynəb xanım, sizsiz?
— Bəli, buyurun.
— Mən sizdən bir kreslo almışdım, yəqin yadınızdadır.
— Bəli, buyurun. Əgər geri vermək istəyirsinizsə, lazım deyil. Həyatımı məhv etdi o kreslo. Atın getsin və ya kiməsə verin.
— Yox, yox, geri vermək üçün deyil. Sizə bir şey göstərmək istəyirik, bu gün sexə gələ bilərsiz? — deyir.

Anam etiraz edir, lakin işçi anamın mütləq bunu görməli olduğunu söyləyir və anam ora gedir. Olanlar isə orada başlayır. Kreslonu restavrasiya etmək üçün üzərindəki parçanı sökürlər və baxırlar: kreslonun üzərində olan qanlı yazılar, kağız parçalarını görüb şok olurlar və hadisədən xəbərləri olduğu üçün anamı çağırırlar. Anam o anı gördüyü an dizləri üzərinə çökür. Nənəm oğlu ona dönsün deyə, anamı tərk etsin deyə onun ən sevdiyi əşyaya cadu etdirib və onu evimizə soxubmuş. Atamla anamın arasının pis olmasını, işlərin tərs getməsini istəmişdi ki, atam nənəmə geri qayıtsın.

Anam həmin an inanırdı ki, ailələrinin başına gələn bütün bu faciələrin başlanğıcı həmin cadu olmuşdu. Bir otaq yanarkən kreslonun üstündə atam kül olarkən kresloya heç nə olmamasının səbəbi bu imiş. Lakin onu da bilirdi ki, heç bir sehr və ya cadu Allahın izni olmadan insana təsir edə bilməz. Həyat da, ölüm də yalnız Allahın hökmü ilədir. Nənəmin ən böyük səhvi isə Allahın haram buyurduğu bir əmələ üz tutması və Ondan başqasından kömək umması idi.

Daha bir faciə və faciənin səbəbi isə Allahın günah buyurduğu bir şeyə sığınıb Allahı unutmaq idi. Allahın yaratdığı bir varlığı Allahın izni ilə deyil də, onun yaratdığı digər varlığın əli ilə almaq idi. Allah da oğlunu ona qaytarmadı, ondan aldı.

 Qurani-Kərimdə Bəqərə surəsi, 102-ci ayə — sehr öyrənənlərin axirətdə payı olmayacağı bildirilir və bu əməl pislənir. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) belə buyurur ki, cadu yeddi öldürücü əməldən biridir, ondan çəkinin. Nənəm isə öz iradəsinə zəif düşdü və haqq yolunu da, o yolda oğlunu da itirdi. Siz siz olun, Allaha şərik qoşmayın. Yaradan və var olan Allahdır. Siz ondan istəyin, sizin haqqınızda xeyir olanı zatən o sizə verəcək.

Ən böyük faciə təkcə bir ailənin dağılması deyildi. Ən böyük faciə Allahın haram buyurduğu bir əmələ üz tutmaq və Ondan başqasından kömək ummaq idi. Çünki insanın taleyi də, həyatı da, ölümü də yalnız Allahın əlindədir.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.