“Tarixlərə yazıldı bizim qəhrəman Şamo” - Rumiyyə Orucova Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Növbəti təqdimatım: Rumiyyə Orucova (ədəbi təxəllüsü Rumi Səid)  24 oktyabr 1988-ci ildə anadan olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunu bitirmişdir, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Ailəlidir, 2 övladı var.

 

Ədəbiyyata uşaq yaşlarından – 10 yaşından şeirlər yazmaqla başlamışdır. Çoxsaylı şeirlərin müəllifidir. Yaradıcılığında Vətən sevgisi, həyat eşqi, qadın gücü və məhəbbət mövzuları əsas yer tutur. 8 aprel 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyində Kitabçılar klubunun təşkilatçılığı ilə keçirilmiş "Şeirini təqdim et, imzanı tanıt" müsabiqəsində iştirak etmişdir. Hazırda öz şeir kitabı üzərində çalışır.

Şairin yaradıcılığında Vətən mövzusu xüsusi bir yerə malikdir. II Qarabağ müharibəsinə həsr olunmuş "Şuşam", "Laçın", "Əsgər anası", "Bir müəllimə cavab", "Zəfər bayrağı" kimi dəyərli şeirləri vardır. Bu Vətən və qəhrəmanlıq ruhlu əsərlər içərisində "Şamo" şeiri xüsusi və seçilən yer tutur.

 

ŞAMO

 

Çalışdığım məktəbin şagirdi, II Qarabağ müharibəsi şəhidi Məhərrəmov Şamoya həsr edilib

 

Şuşaya irəliləyir,

Azərbaycan ordusu.

Yoxdur bir azca belə,

Gözdə ölüm qorxusu.

 

Nə tank, nə top, nə barıt,

Nə zirehli texnika.

Ürəklərdə çox güclü,

Vətən eşqi, duyğusu.

 

Bir əsgər var burada,

Bir az cılız, bədənsiz.

Hamıdan öndə gedir,

Olacaqdan xəbərsiz.

 

Qırır erməniləri,

Vətən qisasın alır.

Bəzən elə bu anda,

Sanki xəyala dalır.

 

Anası, bacıları,

Durur gözü önündə.

Ömrünün ən son çağı,

Ömrünün son günündə.

 

Dırmaşır qayalara,

Çox cəld, çox da sürətli.

Bəlkə də, o hamıdan,

Cürətlidir, cürətli.

 

Düşmənlər yuxarıdan,

Güllələri yağdırır.

Bu güllələrdən biri,

Bədəninə sancılır.

 

Birdən yadına düşür,

Nə demişdi gələrkən?

Düşünmürdü həyatı,

Belə bitər çox erkən.

"Anam ağlayar deyə

qorxuram" - demişdi o.

Onu ağlatmamağa,

Axı söz vermişdi o...

 

Bu düşüncə içində,

Onu qan aparırdı.

Elə bil bədənində,

Fırtına qoparırdı.

 

 Yavaş-yavaş yumurdu,

O məsum gözlərini.

Tuta bilmədi axı,

Verdiyi sözlərini.

 

…Günlər gəlib keçirdi,

Xəbər gəlmirdi ondan.

Ana narahat idi,

Ana yaman nigaran.

 

Bir zəngin səsiylə o,

Lap diksindi yerindən.

Birdən ağır ah çıxdı,

Qəlbinin dərinindən.

 

Bu xəbəri eşidən,

Atanın əli əsdi.

Sanki bir anda kimsə,

Nəfəsini də kəsdi.

Oğlu şəhid olmuşdu...

 

Qarabağ Azərbaycandır,

Şuşa bizimdir, Şamo.

Bu qələbə, bu uğur,

Sizin, sizindir, Şamo.

 

Ömrü Vətən yolunda,

Şam kimi əritdi o.

Yaddaşlara yazıldı,

Bizim qəhrəman Şamo.

 

Tarixlərə yazıldı,

Bizim qəhrəman Şamo.

Qəlbimizə qazıldı,

Bizim qəhrəman Şamo.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.