“Acığım gəlir gecənin susqunluğundan!” - İsa Zeyni Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Təqdimatımız bu dəfə də Güney Azərbaycana köklənibdir. İsa Zeyni 1982-ci ildə Xiyov (Meşginşəhr) şəhərində anadan olub. Uşaqlıq illərindən şeirə və ədəbiyyata böyük maraq göstərib, bədii yaradıcılıqla məşğul olub. Müxtəlif ədəbi dərgilərdə və toplularda şeirləri dərc edilib.

2025-ci ildə Zaman Paşazadə ilə birlikdə tərcümə etdiyi “Alt şifri şeir” adlı kitabı işıq üzü görüb

 

 

Qəfil Qadın

 

Sən

Həyatını ssenarilərə deyil,

ssenariləri həyatına keçirdin..!

 

Güzgülərdə gözəlliyinin gündəminə dalıb,  kürtaj etdin ürəyini.

 

Və Kör kameralar önündə boşuna dəyişdin həyatını

E... E... Ey qaldırımların qəfil qadını!

 

Əski romanlardan xortlamış

 hansı uğursuz xarakter,

və yanlış anlayışlarda qabıq qoyacaq hansı ikihecalı sözcüksən?!

 

Bunca vitrinləşmədə;

bütün saxlancalar basılır,

bir anda

 Əndamına çökür qələbəlik!

 

Eniş

yoxuş,

hadisə,

həyəcan...!!!

 

Amma sən!

Sərhədləri pozulmuş bir iqlim!

Matadorlar kəməndinə tuş olmuş ləhləyən bir ov!

Və gözəlliyi tikanlı yataqlarda suluqlayan bir ehtiyac!

 

Həyatının şifrəsini duydular.

Adını nə isə... qoydular!

 

Para-para paralandın...

 

E... E... Ey qadın!!!

 

 

GizlinPaç

 

Gizlin paç oynayırıq

sən,

mən,

birdə ki Tanrı!

 

Öncə Tanrı yumdu gözlərini,

və biz sevişdik...

gizlicə!

 

Sonra sən yumdun gözlərini,

Tanrı ilə mən savaşdıq...

gizlicə!

 

Amma mən

heç zaman yummayacağam

gözlərimi...

 

Bu gün uzaqlarda mürgüləyirəm qurbətimi...

Yalqız və kədərli.

 

Tam uzun gecələr ürəyimə hoparkən,

bac alır gözlərimdən.

Və kefli bir şaxta dartınır fəsillərimə.

 

Mən isə,

kal duyğuları tamsınıb,

bayat xatirələri udqunuram.

 

Yalnız

özümü əprimiş yollara acıqlanıram...

 

Oooy!

Ucuzluğumdakı ömür laxtası!

Necə keçindin məni bu susqunluqda?!

 

Yoxsa alnımın pozğun yazısıdır oxunan?

Yoxsa pəltəkdir boğazımdakı bu çığırtı?

Yoxsa qara qarğışdır

o qızın saçlarını sovuran?!

 

Ah... o qız!

Bir görüş ertəsi vuruldum.

Kəndimi kəndinə bağladım,

duydum yaramazlığı utandım.

 

Sonra seyrək baxışlarından sıyrılaraq

adaxlandım ayrılığa.

 

İndi isə;

Acığım gəlir gecənin susqunluğundan!

Acığım gəlir bütün çıxmaz küçələrdən!

Acığım gəlir həyətimizdə döyüşən iki yad beçədən!

Acığım gəlir...

Acığım gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.