Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.
Mütaliəni sevənlər üçün gözəl material təqdim edəcəyik.
Mütaliə bizə zaman səyyahı olmağa imkan verir. Mütaliə bizə zamanın və məkanın sərhədini keçməyə şərait yaradır.
Sizə "təqdimat"dakı qonağımızı təqdim edirik.
Zeynəb Cəmaləddin 31 oktyabr 1962-ci ildə Quba şəhərində anadan olub. Təhsilinə Quba şəhər 4 saylı orta məktəbdə başlayıb və sonra ailəsi Bakıya köçdüyü üçün Bakıdakı 196 saylı orta məktəbdə davam edərək 1980-ci ildə onillik təhsilini, 1984-cü ildə Bakı Neft Texnikumunu bitirib. Hövsan qəsəbəsində yerləşən “NORD” Elmi-Tədqiqat İnstitunda çertyojçu-konstruktor, Bakı Elekrtik Avtomatları zavodunda mühəndis-texnoloq, Respublika TƏS-da aparıcı mühasib vəzifəsində çalışıb.
M.Y.Lermontovun, A.S.Puşkinin, S.Yeseninin, çağdaş şotland şairi Graham Riçard Smitin şeirlərindən bir sıra tərcümələr edib. Həmçinin, ingilis şairi V.Şekspirin “Sonet 30”-u, Eldar Ryazanovun “У природы нет плохой погоды”, R.Həmzətovun “Журавли” şeirini, dağıstanlı şair, Rusiya YB-nin üzvü olub, Bakıda yaşayan Патимат Штанчаеваnın “Bilmirdim” “Dağıstan” şeirlərinin rus dilinə tərcüməsini Azərbaycan dilinə çevirib.
“Payız qoxulu nəğmələrim”, “Ruhumun zərrələri” və akademik Yusuf Məmmədəliyevə həsr olunmuş elmi-bioqrafik epopeya - “Elm səmasının ali üfüqü” kitablarının müəllifidir.
SONET 30
Vilyam Şekspir
Tərcümə: Zeynəb Cəmaləddin
Qəlbimin lal, şirin, fikirlərindən,
Keçmış xatırələr gəlir yan-yana.
Ağlayıb, ah çəkir ürək dərindən,
Əskik xəyallara, itmiş zamana.
Qabarmış sularda bata bilərdim,
Sonsuz gecələrdə dostlardan iraq.
Təzə göz yaşıyla yuyulur dərdim,
Borcumu verirəm gözlərdən uzaq.
Yenə üzülürəm sinəmdə sancı,
Kədərdən-kədərə sürüklənərək.
Zərər-ziyanımı mən damcı-damcı,
Təkrar ödəyirəm, ödənməmiş tək.
Səni düşününcə yox olur qəmim,
Hesablar qapanır, əziz həmdəmim.
YELKƏN
Müəllif: Mixail Lermontov.
Tərcümə: Zeynəb Cəmaləddin.
Masmavi dənizin sis-dumanında,
Bir yelkən ağarır, tənha, müztərib...
Nə arar bu qərib yolun sonunda,
Öz döğma yurdunda nə qoyub gəlib?
Oynayır dalğalar, sovrulur külək,
İnləyir küləklə əyilən dor da.
Heyhat! Axtarmayır səadət, dilək,
Nə də səadətdən qaçmır kənar da.
Göydən qızıl günəş zər səpir ona,
Dənizdə parlayır lacivərd zolaq.
Üsyankar ruhunun qəsdi fırtına,
Sanki dincliyini onda tapacaq...
DUA
Müəllif: Mixail Lermontov.
Tərcümə Zeynəb Cəmaləddin.
Düşəndə çətinə, ömür yolunda,
Qəlbimi sıxlaşan kədər yurd edir.
Bir dua möcüzə... tutur qolumdan,
Keçir ürəyimdən, dilim vird edir.
Səadət duyuram könül səsində,
Sözlər cana gələn bir nəvadadır.
Sanki nəfəs alır,
hər nəfəsində,
Müqəddəs gözəllik ehtivadadır.
Bir yük yuvarlanır, ruhun köçündən,
Şübhələr yol alıb, uzaq gedincə...
Gözlərim yaş tökür, inanc içində,
Sanki itib çəkim, yüngüləm necə...
Yüngüləm necə...
DİLƏNÇI
Müəllif: M. Lermontov.
Tərcümə: Zeynəb Cəmaləddin.
Müqəddəs bir məkan önündə əzgin,
Durmuşdu əl açmış xəstə dilənçi.
O qədər arıqdı, o qədər üzgün,
Aclıq, susuzluqdan yoxdu dirənci.
Bir parça çörəkdi son umacağı,
Gözündən kədər-qəm, ələm daşırdı.
Birisi, ümidin nazilən çağı,
Ovçuna daş qoyub, onu şaşırdı.
... Mən sənə yalvardım, məhəbbət üçün,
Boğurdu iztirab, acı göz yaşı.
Ülvi hislərimi aldadıb, neçin
Sən verdin ürək yox, soyuq bir daşı...
KƏDƏR VƏ QƏZƏBİN XƏYALƏTİ TƏK...
Müəllif: Mixail Lermontov
Tərcümə: Zeynəb Cəmaləddin.
Kədər və qəzəbin xəyaləti tək,
Sən mənim ruhumu qucub sarmısan.
Oh! Söylə! Mümkünmü sən onu gerçək,
Biryolluq alasan, buna varmısan?
Əbədi məbəddir ruhum sənə, bil,
Surətin ordadır, uca Tanrı tək.
Nicatı mən əsla, göylərdən deyil,
Ondan gözləyirəm: bu əl, o ətək.
SƏMANIN NƏFƏSİ PAYIZ QOXURDU...
Müəllif: Aleksandr Puşkin.
Tərcümə: Zeynəb Cəmaləddin.
Səmanın nəfəsi payız qoxurdu,
Daha parlaq günəş az-az çıxırdı.
Gündüzlər qısalıb, daralırdı gün,
Əsrarlı örtüyü çıxarıb bütün,
Meşələr kədərlə sərirdi yerə...
Çökdükcə çöllərə nəmli sis-duman,
Qazlar köç etdiyi haraylı karvan,
Can atır cənuba... qalxıb göylərə.
Yekrəng əbasını geyinmiş zaman,
Noyabr qapını kəsdirmiş haman.
KÜLLƏRİNDƏN UCALACAQ DAĞISTAN
Müəllif: Patimat Ştançayeva
Tərcümə: Zeynəb Cəmaləddin
...Bu günlər də yaşanacaq, keçəcək,
Al günəşdən güc alacaq Dağıstan.
Doğma yurdu quracağıq yenidən,
Küllərindən ucalacaq Dağıstan...
BİLMİRDİM
Müəllif: Patimat Ştançayeva
Tərcümə: Zeynəb Cəmaləddin
Bilmirdim sevginin sonu var imiş,
Mümkünmüş aləmi çaşdıra bilmək.
Vəfalı qonaq tək gələn sevginin
Ömrünü xəyanət bitirir, demək.
Gecələr çiməndə Ay işığında,
Nə bilək, qaplayar Ayı buludlar.
Odlu dodağıyla yel öpən anda,
Kim deyə bilərdi ürək buz olar?!
Bizi qucaqlayan ülvi məhəbbət,
Çəkilib yox olar, itər beləcə.
Bənövşə ətirli sevgi gülşəni
Qışın gəlməsiylə tanınmaz, necə.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)


