Tələbə yaradıcılığı - Aytac Quliyevanın essesi Featured

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi Aytac Quliyeva sizlərə “İnsan niyə özündən qaçır?” essesini təqdim edir.

 

AYTAC QULİYEVA

“İNSAN NİYƏ ÖZÜNDƏN QAÇIR?”

 

Heç özünüzlə baş başa qalmağa çalışmısınız?

Telefon, musiqi, insan-heç kim olmadan... Sadəcə özünüzlə.

İlk baxışda bu çox asan görünür. Axı insan ömrü boyu özü ilə, öz bədəni ilə yaşayır. Amma ruhu ilə yaşamır, hiss etmir. Biz doğrudanmı yaşayırıq?

Məncə, biz yaşamırıq. Sadəcə günləri bitiririk. Hər gün səhər oyanıb işə, universitetə gedib sonra evə gəlirik və gün bitir. Sonra eyni gün yenidən başlayır. Beləliklə, bir də görürsən ki aylar günləri əvəz edib. Və adam istər-istəməz özündən soruşur:

“Mən doğrudanmı yaşamışam, yoxsa sadəcə günlərin keçməsini izləmişəm?”

Ən maraqlısı da odur ki, insanlar artıq gözləməyi də bacarmırlar, gözləməkdən belə qaçırlar. Avtobus gecikir, telefonla oynayırıq, yemək gecikir, telefonla oynayırıq və s...

Sanki bir neçə dəqiqəlik boşluq belə bizə ağır gəlir. Qorxuruq, birdən öz içimdəki səsi eşidərəm, birdən həqiqətlərlə üzləşərəm deyə. Biz elə o sükutdan qorxuruq. Çünki uzun müddətdir içində gizlətdiklərini, vaxtında demədiyin sözləri, yarımçıq qalan hissləri, illərlə “keçər” deyib üstünü örtdüyün ağrıları...

Və bəlkə də....

Bağışlaya bilmədiyin özünü.

Bəlkə də insanın ən böyük yanılması elə budur. Düşünür ki qaçdığı şey keçmişdir, amma keçmişdən qaçmaq olmur. O yaşanıb və bitib. İnsan elə özündən qaçır. Bəlkə keçmişdəki özündən, bəlkə də bugünkü özündən.

Mənə elə gəlir ki, insan özünü bir anda itirmir. Hər gün özündən bir az da uzaqlaşır. Düşüncələrindən, göz yaşlarından, əsəbindən uzaqlaşır. Həmişə “güclü” görünməyə çalışır. Ağlasa hər kəs ona “o çox gücsüzdür”deyər. Halbuki göz yaşı zəifliyin yox, uzun müddətdir daşınan yükün ağırlığıdır.

Heç kim səbəbsiz ağlamır. Məncə insanın özünə qayıtması üçün uzun bir yol lazım deyil. Bunun üçün bir axşam belə kifayətdir. Özünlə baş-başa qaldığın bir axşam.

Tək qalanda ilk başda sıxılırsan. Əlin tez telefona gedəcək. Narahat olacaqsan. Çünki uzun müddət özündən qaçan biri üçün tək qalmaq qorxulu görünə bilər. Amma sonra anlayacaqsan ki boş olan otaq deyilmiş, boş qalan illərlər özünə baş çəkməyən sən imişsən. Aylarla, illərlə hər kəsə vaxt ayırıb özündən qaçan sən...

İnsan nə qədər qaçsa da, dünyanın o başına belə getsə də, özündən qaça bilməz. Ən böyük cəsarət, dünyanın qarşısında güclü görünmək deyil. Ən böyük cəsarət öz içini görməkdir. Gör nə qədər yaralanmısan, nə qədər yorulmusan, ”bitti” dediyin bütün savaşlar əslində içində bitməyibmiş. Bir dəfə olsun öz səsimizə qulaq asmışıq? Yox, insanlar nə deyər, nə düşünər deyə ömrümüzü hədər etmişik. Qoy o yaxşı olsun, qoy bu rahat olsun demişik. Amma bir dəfə dönüb özümüzdən soruşmamışıq: ”Mən yaxşıyam?”

Qorxuruq, özümüzə bu sualı verməkdən belə qorxuruq.

Bəlkə də insanın ən böyük qorxusu ölmək deyil. Heç vaxt özü kimi yaşamadan qocalmaqdır. Bir gün son dəfə hamımız güzgüyə baxacağıq. O gün üzümüzü tanıyacayıq, amma ruhumuz...

Ümid edirəm, ruhumuz bizə yad baxmaz...

İnsan ömrü boyu heç kimdən qaçmayıb. Ən uzun, ağrılı qaçış özümüzdən olub. Amma biz qəribəyik, dünyanın hər yerinə gedə bilərik, amma öz ruhumuza gedən yolu tapa bilmərik.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.