“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
İyulun 5-də "Çeşmə" Ədəbi Məclisinin növbəti toplantısı Dədə Ələsgərin adını daşıyan məkanda keçirilib. Tədbir tanınmış şair, publisist Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni çapdan çıxmış "Sənsiz keçən ömür" kitabının təqdimatına həsr olunub.
Toplantını "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, çıxışında tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsinin poeziyaya olan sevginin göstəricisi olduğunu vurğulayıb, yubilyarı təbrik edərək ona həsr etdiyi qəzəli səsləndirib.
Tədbirdə ilk çıxış edən bu yaxınlarda 80 illik yubileyini qeyd etmiş, iki cildlik "Divan"ının təqdimatı keçirilən şair-qəzəlxan və bəstəkar Hüseyn Sözlü olub. O, Aşıq Ələsgərin yaradıcılığından bəhs edib, tədbirin Dədə Ələsgərin adını daşıyan məkanda keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib və Vahid Çəmənliyə həsr etdiyi şeirini təqdim edib.
Daha sonra "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, şair və təcnis ustası Adil Cəfakeş çıxış edərək yubilyara ithaf etdiyi şeiri və digər yaradıclıq nümunələrini səsləndirib.
"Qoşma" Ədəbi Məclisinin Poeziya bölməsinin rəhbəri Əzizə Ağahüseynqızı isə çıxışında ədəbi məclislərin gənc qələm sahiblərinin formalaşmasındakı rolundan danışıb. O, vaxtilə fəaliyyət göstərmiş "Qurbani" Ədəbi Məclisinin öz yaradıcılıq yolunda mühüm əhəmiyyət daşıdığını vurğulayıb və şeirlərini təqdim edib.
Toplantıda AYB üzvləri İldırım Əlişoğlu Qəhramanov və Xaqani Abbasəli Öztürk, Lənkərandan gələn şair-qəzəlxan Əhməd Haqsevər, ilk dəfə məclisdə iştirak edən Rövşən Xaləddinoğlu və Qulu Xaləddinoğlu, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi-şair Qafqaz Eyvazov, eləcə də şair Xəyyam Avşar çıxış edərək şeirlərini səsləndiriblər.
Eyni zamanda, iştirakçılar Vahid Çəmənlinin sözlərinə Hüseyn Sözlünün bəstələdiyi lirik mahnını dinləyiblər.
Tədbirin sonunda Lilpar Cəmşidqızı "Çeşmə" Ədəbi Məclisinin fəaliyyətinə bir aylıq fasilə veriləcəyini, növbəti toplantının sentyabr ayında keçiriləcəyini bildirib. O, tədbirin təşkilinə göstərilən dəstəyə görə "Şahənşah" restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə təşəkkürünü ifadə edib.
Toplantı xatirə şəkillərinin çəkilməsi və növbəti görüş ümidi ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)


