Redaksiyanın poçtundan – Tural Əlizadənin “Əlifba”sı Featured

“Ədəbiyyat və incəsənət” portalının “Redaksiyanın poçtundan” rubrikasında Tural Əlizadənin “Əlifba” şeirini diqqətinizə çatdırırıq. Bəri başdan deyək ki, qeyri-adi bir şeirdir.

 

 

TURAL ƏLİZADƏ

ƏLİFBA

Haqq aşığı Dədə Ələsgərin pak-mübarək ruhuna ithaf olunur

 

İbtidada A – Allahdır,

Be – Baqidir, daim yaşar.

Ce – Cabbardır, məcbur edər,

Həyat qədərlə örtüşər.

 

Çe – Çalab dünyanı qurar,

De – Dəyyandır, savab verər.

E – eşidər, cavab verər,

Qul muradına yetişər.

 

Ə – Əfüv əfv edər, keçər,

Fe – Fəttah qapılar açar.

Ge – gözəldir, gövhər saçar,

Şöləsindən göz qamaşar.

 

He – Həlimdir, şəfqətlidir,

Xe – Xaliqdir, xilqətlidir.

İ – izzətli, taqətlidir;

Sığınan yoxuşlar aşar.

 

Je – jaləylə eşdə gərək,

Ke – Kərimdir, xərcdə gərək.

Qe – Qəvidir, gücdə gərək;

Əmr etsə, insan daşlaşar.

 

Le – Lətif, görünməz, qaib,

Me – Malikdir, mülkə sahib.                                                                             

Ne – nurdan bizə üfləyib,

Odur ki, eşqimiz coşar.

 

O – hər vaxt oyaqdır məgər,

Ö – öfkəli, sahibvüqar.

Pe – padişah, pərvərdigar;

Saymayan müşkülə düşər.

 

Re – Rəhmandır, rəhmi çoxdur,

Se – Səbur səbirdən toxdur.

Şe – Şəriksiz, tayı yoxdur,

Di gəl, azğınlar şirk qoşar.

 

Te – Təvvab; tövbə et barı!

U – ucadır görklü tanrı!

Ü – ülvidir, həm də arı;

Napaklar yolundan çaşar.

 

Ve – Vəhhab ehsanı boldur,

Ye – Yezdan yavəri-quldur.

Ze – Zahirün ələl-külldür,

Turalsa aciz bir bəşər.

 

 

 

LÜĞƏTÇƏ

 

 

Arı (əski türkcə) – pak, təmiz

Baqi (ərəbcə) – əbədi

Cabbar (ərəbcə) – məcbur edən

Çalab (əski türkcə) – yaradan, Tanrı

Dəyyan (ərəbcə) – əməllərin qarşılığını verən, mükafatlandıran

Ehsan (ərəbcə) – yaxşılıq, lütf

Eş (türkcə) – bənzər

Əfüv (ərəbcə) – əfv edən, bağışlayan

Fəttah (ərəbcə) – xeyir qapılarını açan

Görklü (əski türkcə) – gözəl, görkəmli

Xilqət (ərəbcə) – yaradılış

İzzət (ərəbcə) – güc, qüdrət

Jalə (farsca) – şeh

Kərim (ərəbcə) – səxavətli

Qəvi (ərəbcə) – qüvvətli

Lətif/qaib (ərəbcə) – gözəgörünməz

Malik (ərəbcə) – hökmdar, mülkün sahibi

Məgər (farsca) – yalnız

Öfkəli (türkcə) – qəzəbli

Səbur (ərəbcə) – çox səbirli

Şirk (ərəbcə) – şərik

Təvvab (ərəbcə) – tövbələri qəbul edən

Ülvi (ərəbcə) – uca

Vəhhab (ərəbcə) – bol nemətlər verən, paylayan, hədiyyə edən

Vüqar (ərəbcə) – əzəmət, ucalıq

Yavəri-qul (farsca) – qulun yardımçısı

Yezdan (farsca) – yaradan, Tanrı

Zahirün ələl-küll (ərəbcə) – hər kəsdən/şeydən üstün, xəbərdar; qalib

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.