“Bu nə qışdır? Bu nə yazdır? Bu nə qismət? Bu nə hal?” - Hidayətullah Cəbbari Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Xan təxəllüsü ilə yazan güneyli soydaşımız, şair Hidayətullah Cəbbari 1360-cı ildə Həştrud şəhristanının Məndərdulağı kəndində anadan olmuşdur.

 

O, ibtidai təhsilinin beşinci sinfini doğulduğu kənddə başa vurduqdan sonra təhsilini Mərağa şəhərində davam etdirmişdir. Daha sonra Binab Azad Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunaraq bakalavr təhsili almışdır.

Hazırda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən şairin bir sıra şeirləri "Sancaq" qəzetində çap olunmuşdur.

Onun yaradıcılıq nümunələrini oxucularıma təqdim edirəm.

 

 

I

Günbəgün çoxalır saçımın ağı,

Bəlkə də az qalır ağ günə çıxam.

Yoxsa yox yeridi bu tində durub,

Yenidən diqqətlə özumə baxam.

 

Uduzmaq insana qədim peşədi,

Nə yasa deməkdir, nədəki olay.

Görurəm gələcək gizlicə bir gün,

Özumə bir qucaq oxuyam lay-lay.

 

Sənsiz qanad çalır, çırpınır vallah,

Elə bil yaralı quşdu ürayim.

Döyüşdür mən təkəm, qoşun qatbaqat,

Sinəmə ox kimi düşdü ürəyim.

 

Yaşayış nağılı hər nədə olsa,

İnsanı görurəm bir çiçək kimi.

Yəqin bil qol-budaq açsada bir gün,

Qocalıq bürüyər hörümçək kimi.

 

Ölümdir, itimdir, hər nədir ancaq,

Hayatın danılmaz olaylarıdı.

Yaşayış gül kimi olsa da insan,

Qırx beş gün ömründən qalan arıdı.

 

Bir fincan şeirlə, bir gözəl baxış

Şair olanların mükafatıymış.

Sınadım dünyanın hər nə var-yoxun,

Gördum ki, hamısı zarafatıymış.

 

 

II

Alagözlü baxışından gələcəkdir gözə tanrı,

Axı olmazki verə bir belə diqqət gözə tanrı.

 

İki günlük qara ömrün hamısı həsrətə getdi,

Nə hesabdı, nə kitabdı, nə veribdir bizə tanrı.

 

Bu talan olmuş ürəkdən neçə ildirki keçən yox,

Həyatın içkisi yandırdı bizi ver məzə tanrı.

 

Qonağa hürmət üçün dost dediyin bəlkə şuardır!?

Kim görübdir ki bəşərlə oturub diz-dizə tanrı?

 

Diyəsən kəndimizin milləti də şeytana oymuş,

Kəndxuda mənbəri minmiş, sıxılıb dəhlizə tanrı.

 

Yahalıb bəlkə veribsən bəşərə dil və düşüncə,

Ol səbəbdəndi qalıbsan bizilə göz-gözə tanrı.

 

Nə sözündən qaça bildin, nə adamda inam oldu,

Hər yetən tanrıdı, xandı, nə qalıbsan üzə tanrı!!

 

Yenə fikrin bu gecə hey məni məndən yələnir,

Ol maral tək baxışın gözlərimə surmələnir.

 

Xəstəlik qondu mənə sanki qonur qar meşəyə,

Yenə bu kimdiki səssiz damarımda sülənir.

 

Keçdi günlər adını səsləməyim oldu günah,

Nədir illət, yada düşcək ürəyim silkələnir.

 

Bu şəhərdən şəhər olmaz dahı sənsiz maralım,

Sanıram ki, küçələrdən başıma kül ələnir.

 

Bu nə qışdır? Bu nə yazdır? Bu nə qismət? Bu nə hal?

Aylarım illərimə boş boşuna düymələnir.

 

Yediyim öz ətim oldu, gecə gündüz sənsiz,

Dişlərim öz ətimə öz qanıma hey bələnir.

 

Sən gedən yollara Xan indi olub yolçu kimi,

Bir nəfər vardı içimdə, səni məndən dilənir.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.