Şuşa kitabxanasının budəfəki qonağı Mina Rəşid oldu

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İyunun 11-də Şuşa Şəhər Mərkəzi Kitabxanasında uşaq yazıçısı Mina Rəşidlə oxucuların görüşü keçirilib.

 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Gülzarə Abbasova hamını salamlayaraq əvvəlcə oxuculara Mina xanımla bağlı məlumat verdi. Bildirdi ki, o Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Atası Birinci Qarabağ Müharibəsində mülki şəhid olub, iki qardaşı qazidir. Mana xanın anasını da 1998-ci ildə Bərdə şəhərində sığındıqları dəmir vaqonda itirib. Həyatı mübarizələrlə dolu olan müəllif sonradan ali təhsil alıb, 31 yaşında BDU-u bitirib. AYB və AJB-nin üzvü, Prezident mükafatçısıdır.

 

Gülsarə xanım daha sonra deyib: “İstəyirik ki, bu günkü görüşdə daha çox Mina xanımın şeirlərini dinləyək və gənclərimiz də ona öz suallarını ünvanlasınlar...”

Mina xanım öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra doğma Vətənə, şəhidlərimizə və azad Qarabağa həsr etdiyi şeirlərindən söylədi.

 Xüsusilə gənc, tələbə qızların iştirak etdiyi tədbirdə müəllifə müxtəlif suallar ünvanlandı. Orucəliyeva İlkanə, Həsənova Zeynəb, Səfərbəyova Diana, Hüseynzadə Zəhra və başqalarının suallarına Mina xanım səmimi cavab verərək, gənclərə məktəblə, kitabla, mütaliə ilə bağlı elə öz həyatından təsirli epizodlar danışdı.

Tədbirin sonunda müəllif son illərdə çap edilmiş “Adam istəsə bənövşə olar” və “Əziz Peyğəmbərimiz” adlı kitablarından kitabxanaya hədiyyə etdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.26)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.