“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.
ARİF RƏHİMOV,
KRİMİNAL EZAMİYYƏT
Səhər yeməyinə yağ-pendir yedim, üstündən də şirin çay içdim. Yalnız bundan sonra mehmanxanadan yağışa çıxdım. Elə birinci tindəcə Asiflə rastlaşdım. O, dərhal diqqətimi çəkdi. Görünür, cavanlıqda boy-buxunlu adam olmuşdu, amma yaş və müharibə öz işini görmüşdü. Beli bükülmüş, başı-gözü ağarmışdı, lap müqəddəslərə oxşayırdı. Əynində qəribə bir palto vardı. Deyəsən, mənim diqqətimi çəkən də bu idi. Görünür, yaxın müharibə dövründə əynindəki şinel olmuşdu, sonralar astarını üzünə çevirmişdilər, qısa forma vermişdilər. Köhnə məzmun isə qalmışdı, günəş, yağış və zaman da öz izini salmışdı. Palto-şinelin bir mis düyməsi qalmışdı, o da parıldamırdı, qaralmışdı...
Qocanın göy gurultusunu andıran səsi vardı: “Taksi, taksi... Hara, hansı ünvana gedirsiz? Şəhər içində bütün istiqamətlərə cəmi 1 “Nizami”...” Ünvanı yadda saxlamışdım, dedim. Qoca bir anlıq dayandı, hətta mənə elə gəldi ki, rəngi bozardı…
- Sizin orda nə işiniz var?
Yersiz sualdan diksindim və kəskin cavab verdim:
- Yaxşı, sənə nə var?
- Heç, heç, qardaş oğlu. Sadəcə olaraq, soruşdum. Buyurun, buyurun...
Yaxın keçmişdə “QAZ 24” olmuş, indi “pikap”a çevrilmiş köhnə avtomobilə əyləşdik, deyəsən, xeyli getdik. Mən təkərlərin səsindən başqa bir şey eşitmirdim. Tavanı da yağış döyəcləyirdi. Taksi dayananda mən “Nizami[1]” yox, “Məmməd[2]” verdim. Yəqin qocanın yadında yaxşı adam kimi qalmaq istəyirdim. Amma “göy gurultusu” yenidən eşidildi:
-2 “Məmməd”...
Qocanın həyasızlığı məni hövsələdən çıxardı, mən də guruldadım:
- Sən nə təhər adamsan?! Axı özün dedin ki, bütün istiqamətlərə cəmi 1 “Nizami”. Bəlkə elə bilirsən mən xam-zadam?!
- Yox, nə danışırsız?! Sadəcə olaraq, mən düşündüm ki, siz yaxşı adamsız. Yol da uzaqdır, mənə də 2 “Məmməd” lazımdır...
Bilmirəm mənə nə olmuşdu, sakitcə çıxarıb 1 “Məmməd” də verdim. Amma verəndə diqqət etdim, ortadan cırılmışdı, sonra “skoç”la yapışdırılmışdı. Tutqun fonda həmən seçilirdi.
Gəldiyim ev yoldan otuz-qırx metr aralı, kiçik baxçanın içində idi. Qoca sürücüyə bənzəmirdi, görünür bir vaxtlar görkəmli olmuşdu. Amma zaman, günəş və yağış öz işini görmüşdü. Evin yalnız kölgəsi qalmışdı, o da qaralmışdı. Mən köhnə taxta qapını açdım və baxçaya keçdim. Payız və baxımsızlıq dərhal hiss olunurdu: xəzan yarpaqları, qızılgül kolları və ağacların altında çürüyən almalar...
Şəms - yazdığı esselər kimi incə və gözəl məxluq... Ona maksimum qırx yaş vermək olardı, amma hiss olunurdu ki, bu, yaşın yox, həyatın yüküdür. O, məni şairə xas bir sadəlik və səmimiliklə qarşıladı. Qonaq otağı sahibənin ilhamı kimi ucsuz-bucaqsız idi… Amma burda kitab şkafından, köhnə divandan və bizim oturduğumuz stoldan başqa bir şey yox idi. Bəzi yerlərdə divarlar daha təmizdi, görünür nə vaxtsa burda mebel olmuşdu.
Mən sahibə ilə xeyli söhbət etdim. O, yazdığı kimi axıcı danışırdı, elə bil adamı əlindən tutub dalınca aparırdı... “Mən səyahət etməyi sevirəm, Təbrizə, Türkiyəyə getmək istəyirəm… Gördüklərim məni sevindirir, heyrətləndirir. Düşünürəm ki, gözəllik və məhəbbət həmişə qalib gəlir. Yazda güllər açılır, quşlar yuva qurur, yayda sünbüllər dən tutur... Payızda təbiət qızılı-qırmızılı bir tabloya çevrilir... Mən gözəlliyi görürəm, sevirəm və kağıza köçürmək istəyirəm… Mənə elə gəlir ki, şeir, poeziya bir musiqidir, sözlərin ahəngi ilə yaranan bir musiqidir. Nəsr, proza isə, həyatın rəsmidir, sözlərin rəngi ilə çəkilən bir rəsm əsəridir”...
Otağın qapısı astadan döyüldü. Müsahibim üzr istədi və məni tərk elədi. Otaq da elə bil ki, boşaldı… Amma xanım üzündə dünya boyda təbəssümlə qayıtdı. Elə bil cavanlaşmışdı, ona maksimum otuz yaş vermək olardı.
- Siz belə gedə bilməzsiz... Siz bizdə şirin qoğalla çay içməlisiz...
Bu zaman otağa 10-11 yaşlarında qızcığaz daxil oldu. Şəmsin uşaqlığı idi, baş barmağını da ağzından çıxarmırdı. İri, qara gözlərini mənə zilləmişdi. Şəms kiçik, köhnə pul kisəsini açdı və 2 “Məmməd” çıxardı. Pulu qızcığaza verəndə diqqət etdim, biri “skoç”la yapışdırılmışdı. Şübhə ola bilməzdi, bu, mənim taksiyə verdiyim “Məmməd” idi.
- Qızım, zəhmət olmasa, Əhmədin mağazasına get, 1 “Məmməd”ə həmişə aldığımız çaydan al, qalanına da şirin qoğallar versin. Mənim adımdan de ki, təzə olsun...
Sonra isə mənə müraciət etdi:
- Çayımız təzə qurtarıb, almaq yadımdan çıxıb...
Qızcığaz qapıdan çıxdı. Amma qapı örtülməmiş onun çığırtısı eşidildi. Sonra xırıltılı kişi səsi gəldi, əsəbi halda nə isə deyirdi. Şəms üzr istədi və məni yenidən tərk etdi. Əsəbi kişi səsi yenidən eşidildi...
Şairə üzündə təbəssümlə geri döndü. Amma bu təbəssüm o təbəssümdən deyildi. Bu dəfə ona minimum qırx yaş vermək olardı...
- Mən üzr istəyirəm, çay dəsgahımız təxirə salınır. Əhməd deyir ki, bizim aldığımız çay qurtarıb, qoğallar da boyatdır...
Sonra isə əlavə etdi:
- Bizim evimiz böyük evdir. Mən onu kirayə verməli oluram. Odur ki, söz-söhbət yaranır...
Mən əmin idim ki, balaca Şəms hələ evdən çıxmayıb və Əhmədin mağazasına çаtмаyıb. Amma dinmədim, sakitcə xudafizləşdim və sabah yenə gələcəyimi deyib çıxdım. Yolda xatırladım ki, Şəmsin soyadını soruşmadım.
Tini dönən kimi həmişəki hücuma məruz qaldım: “Taksi, taksi,.. Şəhər içində bütün istiqamətlərə cəmi 1 “Nizami”...” Məni gülmək tutdu. Ancaq bundan sonra qoca quldur məni tanıdı, qulaqlarının dibinə kimi gülümsədi.
- Buyurun, qardaş oğlu, mən sizi mehmanxanaya kimi pulsuz apararam.
- Pulsuz lazım deyil, 1 “Nizami”ni alarsan. Sabah mən yenə bura gələcəyəm. Saat 10-da mehmanxananın qabağında olarsan.
- Baş üstə.
- Qulaq as, qoca quldur, deyəsən, sən Şəms xanımı tanıyırsan?!
- Mən xanımın atası Şərifin kiçik qardaşıyam. Rəhmətlik tanınmış müəllim, yaxşı adam idi.
- Amma xanım, deyəsən, kasıb yaşayır?
Müsahibimin üzü sərtləşdi, bir az da tündləşdi.
- Bəli, kasıb yaşayır, amma ac qalmır...
Mən mehmanxanadan baş redaktora zəng vurdum: “Şəmslə görüşdüm. Şeri 1 “Şirvan”[3]dan aşağı danışmaq belə istəmir”- dedim. Cavab qısa oldu: “Dərhal razılaş, avamın biri avam...”
Axşam yeməyinə yeməkxanaya düşdüm. Təzə oturmuşdum ki, naməlum bir subyekt stola yaxınlaşdı. Qırmızı ətli sifəti, domba gözləri vardı. Ona qırxdan çox yaş vermək olardı. Üzünü tər-təmiz qırxdırmışdı, təmiz, amma zövqsüz geyinmişdi. “Allahverdi Verdiyev” deyib boğazını arıtladı, dəvət gözləmədən özünü qarşıdakı stula saldı. O, mənimlə elə görüşdü ki, elə bil yüz ilin tanışıdır. Dəvətsiz-zadsız stula çökdü və iki pivə sifariş etdi. Mən heç etiraz edə bilmədim. Yorulmuşdum, dincəlmək və düşünmək istəyirdim. Müsahibim dil boğaza qoymurdu, deyəsən arvadından, onun atasından, dahi olmasından danışırdı...
Allahverdi milyon çıxarırmış kimi cibindən 2 “Məmməd” çıxardı və stolun üstünə atdı. Mən diqqət etdim, əskinasın biri təzə idi. O biri isə ortadan cırılmışdı, sonra “skoç”la yapışdırılmışdı. Bu, mənim “Məmməd”im idi...
Səhərisi gün saat 10-da qoca quldur qoca taksi ilə mehmanxananın qabağında idi. Şəmsin evinə çatanda mən ondan gözləməyi xahiş etdim.
Şairə xanım dünənkinə nisbətən daha zərif görünürdü, rəngi də qaçmışdı. Məni görüb ayağa qalxdı və rəngi bir az da ağardı, stoldan tutdu. Mən nə baş verdiyini dərhal anladım və irəli atıldım. Onu yıxılmağa qoymadım və köhnə divanda oturtdum. Sonra həyətə çıxdım və məni gözləyən qoca quldura bağırdım:
- Həkim, təcili həkim...
15-20 dəqiqədən sonra ağ saçlı, qara plaşlı həkim qapıda göründü. Mən bir neçə sözlə kim olduğumu və onu niyə çağırdığımı izah etdim. Həkim divanın yanında oturdu, Şəmsin nəbzini tutdu və qapıda müntəzir duran qocaya müraciətlə dedi:
- Asif, zəhmət olmasa, bizə get. Qızıma de ki, bir banka təzə süd və bir stəkan qaymaq versin.
Sonra həkim üzünü mənə çevirdi və izahat verdi:
- Qorxulu bir şey yoxdur, o, yaxşıdır, sadəcə olaraq, acından bayılıb. Xanım Verdiyeva gözəl insandır, etibarlı dostları da çoxdur. Mən də onun atası rəhmətlik Şərif müəllimin dostuyam. Amma Şəms əmisindən başqa heç kimin köməyini qəbul etmir. Asif indi onun atasını əvəz edir, qızı kimi çox istəyir.
Məni isə ayrı şey düşündürürdü:
- Xanım Verdiyeva? Şəms Allahverdinin...
- Bəli, arvadıdır. Şəms bu əyyaşa ərə getdikdən sonra hər şeyini, var-dövlətini, ad-sanını, hətta gəncliyini və gözəlliyini də itirdi. Deyirlər Allahverdi hətta əmisinin verdiyi pulları da ondan alır...
İsti süd və qaymaq Şəmsi özünə, rəngini üzünə gətirdi. O, stula əyləşdi və ilk növbədə üzr istədi. Dedi ki, ürəyi xəstədir və tez-tez onu narahat edir. Həkim tələsdiyini söyləyib getdi. Biz yenidən şairə xanımla tək qaldıq. Mən onu sevindirmək istədim və şeri 1 “Şirvan”dan müqavilə təklif etdim. O, ürəkdən sevindi, gülümsədi. Hətta ayağa durub əlimi sıxdı, mənə təşəkkür etdi. Mən elə ayaq üstə ona 10 “Şirvan” avans verdim. Şəmsin əlləri əsirdi, gözləri ürəyindən nəm çəkirdi...
Sonra Asif kişi məni mehmanxanaya gətirdi. Mənə elə gəlirdi ki, redaksiyanın tapşırığını yerinə yetirmişəm və artıq yola hazırlaşa bilərəm. Amma sən saydığını say...
Qatar axşam çıxırdı, odur ki, mən nahardan sonra şəhəri gəzməyi qərara aldım. Qoca quldur yerində idi: “Taksi, taksi”,.. Sonra məni tanıdı, qulaqlarına kimi gülümsədi. Amma mən onun təbəssümündə kədər gördüm və onu ilk dəfə görürəmmiş kimi diqqətlə nəzərdən keçirdim. Asif həmin Asif, palto həmin palto idi. Yox, deyəsən, dəyişiklik vardı, həmin axırıncı mis düymə yoxa çıxmışdı...
Mən şəhəri gəzməkdə davam etdim və mərkəzdən xeyli kənara getdim. Qaranlıq dalanların birindən səs-küy eşitdim. Maraqlandım, yaxınlaşdım. Camaat yığılmışdı, nəyəsə, ya kiməsə baxırdı. Maraq mənə güc gəldi, irəli keçdim. Məlum Allahverdi Verdiyev səkiyə sərilmişdi. Adamlar deyirdi ki, onu elə indilərdə tapıblar. “Təcili yardım”a zəng ediblər, amma gec olub. Allahverdinin cəsədinə baxanda hiss olunurdu ki, həm də güc tətbiq olunub. Üst-başı toz içində, cırıq-cırıqdı, boğazında barmaq izləri vаrdı. Görünür, Verdiyev möhkəm çarpışmışdı, yumruqları sıxılmışdı. Mən də onun yumruqlarına baxdım və birinin açıldığını gördüm. Nə isə yumuru bir şey dığırlanıb ayağımın yanına düşdü. Mən cəld tapdaladım və bir xeyli belə dayandım. Sonra isə əyilib gizlincə götürdüm və cibimə qoydum.
Mehmanxanada da hamı bu hadisədən danışırdı. Hətta deyirdilər ki, onu quldurlar öldürüb. Guyа nahar vaxtı Verdiyevin 10 “Şirvan”ı varmış və o, pulu cibindən çıxarıb hamıya göstərirmiş. Amma öləndən sonra pul onun üstündən tapılmamışdı.
Mən axşam saat doqquzda Bakı qatarına mindim. Kupedə tək idim. Qatar tərpənəndən sonra mis düyməni cibimdən çıxardım, diqqətlə baxdım və açıq pəncərədən kolluğa atdım. Və qəti əmin oldum ki, redaksiyanın tapşırığını tam yerinə yetirmişəm.
“Ədəbiyyat və incəsənət”
(12.06.2026)


