Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

 

4-CÜ DƏRC

 

Özümüzü maskaların arasında gizlətməyə meyilliyik

 

Dördüncü hissə

 Samir yavaş sürətlə yol alırdı. Hava sakit və aydın idi, amma onun beynində fırtına qopurdu. Baş verən hadisələr yenidən düşüncələrini zəbt etmiş, onu qəzəbin dərinliyinə sürükləmişdi. Onun qəzəbli baxışları hərdən sükanın qarşısında kiçik güzgüyə yönəlir, bəzən isə yolun mərkəzinə sancılırdı. Hər nə qədər özünü sakitləşdirməyə çalışsa da, daxili mübarizəsi onu əldən salırdı.

 Birdən, sanki ağlına bir güllə çaxdı. Bütün düşüncələri qaranlıq bir tor kimi gözlərini bürüdü. Samir artıq nə maşını, nə yolu, nə də qarşıda olanları görürdü. Onun ürəyi daha da sürətlə döyünməyə başladı. Bu qaranlıq yalnız bir neçə saniyə davam etsə də, qəflətən sükut pozuldu – bir zərbə və ətrafda əks-səda verən, qırılan şüşə səsləri. Sükanın titrəyişi və ani sarsıntı Samiri reallığa qaytardı. O, qəzadan öncə, əyləci sıxıb maşını saxlamaq istəsə də artıq çox gec idi. Qarşıdan gələn avtomobillə ciddi toqquşma baş vermişdi. Samir qapını açıb maşından düşdü. Ətrafına baxdıqca ürəyi daha da sıxılırdı. Onun maşını ciddi zərər görməmişdi. Özü də yüngül zədələrlə qurtulmuşdu. Digər avtomobil isə tamamilə əzilərək yararsız hala düşmüşdü.

 Digər maşının içərisində isə sükan arasında sıxışmış bir oğlan görünürdü. O, hərəkət edirdi. Ağır yaralandığı aydın görünürdü.

 Samir qəzəbli düşüncələrinin onu necə faciəli bir nəticəyə gətirib çıxardığını dərk etdi. Əlləri əsə-əsə telefonunu götürüb, Təcili Yardıma zəng etdi.

 Zaman sanki dayanmışdı. Hər saniyə bir əbədi an kimi hiss olunurdu. Yoldan keçən digər maşınlar qəzaya tamaşa edir, bəziləri isə kömək etməyə çalışırdılar. Həmin insanların gözlərindəki dəhşət, maşının altındakı qırılmış şüşələr və yaralı oğlanın zəif nəfəsi Samirin ruhuna bir dağ çəkirdi. O, artıq özünü yox, yalnız yaralı oğlanı düşünürdü. Qəzəbi və unutqanlığı ilə həm özünün, həm də bir başqasının həyatını təhlükəyə atdığını dərk edirdi. Bu an onun həyatında dönüş nöqtəsi olmalı idi – bəlkə də o, daha heç vaxt düşüncələrini belə xaotik buraxmayacaq və hərəkətlərini daha məsuliyyətlə idarə edəcəkdi. Amma indi tək bir şey vacib idi – o oğlanın həyatda qalması...

 Birdən Lalənin sözünü kəsdim:

 - Siz bütün bunları necə öyrəndiniz? Axı siz onlarla deyildiniz?

   - Bütün olanları mənə Elçinin yoldaşı, Gülşən danışdı. Axşam Samiri gözləyirdim, amma o, hələ də gəlməmişdi. Zəng etdim, ancaq telefonu bağlı idi. Səhərə yaxın, Gülşən mənə zəng edib baş verənləri bir-bir izah etdi. Məlum oldu ki, bunları ona da yoldaşı danışıb. Hər nə qədər aramızda soyuqluq olsa da, axı Samir mənim həyat yoldaşımdır. 

   Onun mənə qarşı etdiklərinə görə peşmanlıq hissi keçirdiyini bildirdi. Bu sözlər qəlbimdə sönmüş sevgi qığılcımlarının yenidən alovlanma ehtimalını gücləndirirdi. Elçin qardaşdan onun harada olduğunu öyrəndim. Birlikdə səhər onun yanına getdik. Polislər onu saxlayıb və bölməyə aparıblar. Qəza zamanı vurulan şəxs isə, təəssüf ki, Təcili Yardım maşınında dünyasını dəyişmişdi.

   Polis bölməsində Elçin, polis əməkdaşlarından biri ilə söhbət etməyə başladı. Mən isə kənarda dayanıb diqqətlə qulaq asırdım. Elçin narahat bir səslə soruşdu:

   - Ona bu qəza ilə bağlı nə qədər cəza düşəcək?

   Söhbətdən öyrəndim ki, qarşısındakı Polkovnik Nihad Kərimli idi. O, sakit, lakin aydın şəkildə izah etdi:

   - Azərbaycanda yol qəzası nəticəsində ölüm halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən qiymətləndirilir. Cəza müddəti qəzanın səbəbindən və ağırlaşdırıcı hallardan asılıdır. Məsələn, Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, əgər nəqliyyat qaydalarının pozulması ehtiyatsızlıqdan ölümə səbəb olubsa, sürücüyə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Amma əgər sürücü sərxoş vəziyyətdə olubsa və ya digər  hallar varsa, bu cəza daha da ağırlaşa bilər.

   Polkovnikin dedikləri içimdə böyük bir yük kimi oturdu. Beynimdə çox suallar vardı.

   “Samir, bu yükü necə daşıyacaqsan? Bütün bunlar bizim başımıza necə gəldi?”

   Samiri orada nələrin gözlədiyini düşünmək ürəyimi parçalayırdı. Mən ailəmi geri qazanmaq istəyirdim, amma bunun üçün ən azından Samirin azadlıqdan məhrum edilmə müddətini azaltmağa kömək etməliydim. Bir çıxış yolu tapmağa çalışırdım, amma öz-özümə “Mən nə edə bilərəm?” sualını verəndə cavabsız qalırdım. Buna baxmayaraq, Elçin qardaşdan kömək istədim. O da tanış-bilişdən soraqlanıb bir vəkil tapdı. Vəkil Samirə kömək edəcəyinə söz verdi.

   Məhkəmədən əvvəl Samirlə görüşmək istədim. İçimdə bir ümid, bir arzu vardı. Onu görəndə möhkəm qucaqlamaq, boynuna sarılmaq istəyirdim. Amma Samirin gözlərində kin və nifrəti görəndə ümidlərim puç oldu. Sanki baxışları ilə “Günahkar sənsən” deyirdi. Qollarımı qaldırıb ona tərəf uzatdım, amma o, sərt bir hərəkətlə əlimi aşağı saldı. Əli ilə qarşıdakı stulu işarə edərək oturmağımı istədi. Mən astaca stula əyləşdim. O isə üzbəüz oturaraq soyuq baxışlarla məni süzdü.

   - Sənin burada nə işin var?

   - Necə yəni nə işim var, Samir? Mən bura sənin üçün gəlmişəm! Sənin başına bir şey gələcəyindən necə qorxduğumu bir bilsən…

   Mən nə qədər yumşaq və xoş danışmağa çalışsam, onu inandırmağa çabalasam da, Samirin gözlərindəki qəzəb bir an belə yumşalmırdı.

   - Lalə, mənə ürəyin ağrımasın! Sənin mərhəmətinə ehtiyacım yoxdur, – deyə möhkəmdən qışqıraraq sözünə davam etdi:

   - Yox ol, gözlərimin önündən! Hə, bir də işləmək məsələsini yaddan çıxardığımı düşünmə. Elə bilmə ki, mən burdayamsa sən azad və sərbəst olacaqsan!

   Onun bu sözləri məni sanki yerə çırpdı. Səsi bir an içində otağı bürüdü. Ətrafdakı hər kəs baxışlarını bizə dikmişdi.

   Qışqırıq səsini eşidən Elçin qardaş da, görüş otağına girdi. Mənim düşdüyüm vəziyyət, üzümə hopmuş utanc hissi, göz yaşlarımı saxlamağa imkan vermədi. Əlimlə üzümü tutub ağlaya-ağlaya otağı tərk etdim...

 

***

 

Lalənin dediklərinə o qədər diqqətimi yönəltmişdim ki, seansın vaxtının bitdiyini yalnız qapının döyülməsi ilə anladım. Sanki o an olduğum zamandan qopub reallığa qayıtdım. Lalə də qapının döyülməsindən, seansın sona çatdığını anlayıb “Davamını gələn seans danışaram” deyərək ayağa qalxdı. O, sakit addımlarla qapıya tərəf yönəldi, sağollaşdı.

Mən isə yenə düşüncələr içində ilişib qaldım. Görəsən, Lalənin yerində olsaydım, mən nə edərdim? Samirin o davranışlarına necə reaksiya verərdim? Əgər mənim həyat yoldaşım, mənim sənətimə dəyər verməsəydi, hansı qərarı verərdim?

Bu suallar beynimdə dolanıb dayanmırdı. Bir anlıq özümü silkələdim.

“Ay Humay, özünə gəl! Niyə bu qədər düşüncələrə dalırsan?” Amma nə qədər çalışsam da, həm indi, həm də Lalənin illər əvvəl yaşadıqları ilə bağlı danışdıqları fikrimdən çıxmırdı.

 

(Sabah sizlərə 5-ci hissə tədim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.