Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
“Mənimki də iş deyil ki...
Tək işim var — səni sevmək,
Səni hər gün bir az daha,
Bir az daha fikirləşmək...”
Rəşid Nəsirzadə
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Hər bir istedadlı gənclə tanışlıq, mənim kimi, hər birimizdə də ədəbiyyatımızın gələcəyi ilə bağlı böyük ümidlər oyadır. Rəşid Nəsirzadə də belə ümidverici gənclərimizdən biridir...
Rəşid Nəsirzadə 30 yanvar 2003-cü ildə anadan olub.
2020-ci ildə Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbi bitirib, həmin il Qərbi Kaspi Universitetinin Tarix (tədris ingilis dilində) ixtisasına qəbul olunub. 2024-cü ildə bakalavr təhsilini başa vurub. Hazırda İstanbul Beykənt Universitetinin magistratura pilləsinin II kurs tələbəsidir və “Finans” ixtisası üzrə təhsil alır.
Ədəbiyyat sahəsində də fəaliyyət göstərən müəllif 2023-cü ildə Mücrü Nəşriyyatının təşkil etdiyi gənclər arasında ümumrespublika hekayə müsabiqəsində V yerə layiq görülərək diplomla təltif olunub. 2024-cü ildə Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən V Məmməd Araz adına Poeziya Müsabiqəsində uğurlu iştirakına görə diplom alıb.
Poeziya müsabiqəsində təqdim olunan şeirlərinin bir qismi müəllifin yeni çap olunmuş “Və İstanbul kimisən...” adlı kitabında yer alıb. Aşağıda təqdim olunan şeirlər də həmin kitabdandır.
YENƏ SƏNSİZ QALMIŞAM
Yenə sənsiz qalmışam,
Sən olan bu şəhərdə.
Bir az dərd, qəm almışam,
Şən olan bu şəhərdə.
Yenə Bakı küləyi,
Səpələyir kədəri.
Öz dərdini azaldıb,
Sənsizlikdən pay verir.
Sən olmayan günümə,
Sönmüş ümid gətirir.
Yenə səhər oyanıb,
Əl-üzümü yumadan,
Qanadaraq yaramı,
İlk səni düşünmüşəm.
Baxaraq şəkillərə,
Yamanca üşümüşəm.
Yenə sənli xəyalım,
Saçlarındək uzundur.
Sanma ki, unutmuşam,
Dəmlikdəki çay belə,
Xatirəntək soyuqdur.
Yenə sənsiz qalmışam,
Sən olan bu şəhərdə.
Hər kəsi sən sanmışam,
Güvənmirəm kimsəyə.
AYRI-AYRI ŞƏHƏRLƏRDƏ
Ayrı-ayrı şəhərlərdə,
Eyni hissin əsiriyik.
Bəlkə qızmar yay günəşi,
Bəlkə sərin əsintiyik.
Əsir yenə o əllərin,
Hərdən mesaj yollayanda.
Mən oyağam, sən yatmısan —
Bax, fərqlidir saatlar da.
Mənimki də iş deyil ki...
Tək işim var — səni sevmək,
Səni hər gün bir az daha,
Bir az daha fikirləşmək...
Kaş, öyrənsəm, hansı ölkə,
Hansı şəhər bizə çıxır...
Sənə gələn o yollara
Duyğularım dağılıbdır.
Ayrı-ayrı şəhərlərdə
Yaşayırıq yaşamadan.
İnsanlarla tanış olub,
İkimizi tanımadan.
FEVRAL AYI
Fevral ayı - ayların ən qısası,
Fevral kimi qısa oldu bu ömrün.
Nə ayazı daddı könlün doyunca,
Nə yaz gördü “tale" adlı o gülün.
Fevral ayı - bir ayrılıq sonrası,
“Sonra keçər, sonra bitər”, dedilər.
Bilmədilər, ruhumdasan hələ də,
Vaxtı gələr, qəlbdə itər, dedilər.
Deyilənlər yalanıydı, elə bil,
Yoxsa, niyə unutmuyam mən səni?
Həqiqətə alışmaq çox asankən,
Təsəlliyə inanmaqmış çətini.
Fevral ayı - darıxmağın baharı,
Yağsın yağış damla-damla küçəyə.
Soyuq olmaz, qəm bürünüb üstümə,
Yanır indi duyğularım “sən” deyə.
Yoxluğunda təqvim belə dəyişmir,
Həmin ayın ikisində qalıbdır.
Zaman özü batmış gəmi kimidir,
Ötən günə bir də geri qayıtmır.
Fevral ayı - sevinməyin qısası,
Əvəzləndi gülüşlərim kədərlə.
Gün tutulub, işıq saçmır sabaha,
Dostlaşıbdır misralarım gecəylə.
Fevral ayı - ayların ən qısası,
Fevral kimi qısa oldu bu ömrün.
Nə ayazı daddı könlün doyunca,
Nə yaz gördü “tale” adlı o gülün…
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


