Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şairKamran Namiq oğlu Rzayev 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. İki yaşından etibarən Bakıda yaşayıb və burada böyüyüb.
2005-ci ildə Xətai rayonu, UPD qəsəbəsində yerləşən 58 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2010-cu ildə ailəsinin Mərdəkana köçməsi ilə əlaqədar olaraq təhsilini H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə davam etdirib. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinə qəbul olunub, lakin 2018-ci ildə ali təhsilini yarımçıq saxlayıb, hədəflərini dəyişib.
Onun poeziya ilə tanışlığı da məhz həmin illərə təsadüf edir. 2017–2018-ci illərdən etibarən şeir yazmağa başlayıb. Şeirə olan marağı isə böyük Azərbaycan şairi Mikayıl Müşfiqin yaradıcılığına duyduğu sevgi ilə formalaşıb. Bu səbəbdən Kamran Rzayev özünə ustad olaraq məhz Müşfiqi qəbul edib və yaradıcılığında onun təsirini hiss etdiyini bildirir.
KamranRzayevinpoeziyası orijinaldır, özünəməxsusdur. Və əminliklə deyirəm ki, onun şeirlərini bəyənəcəksiniz
Bilirsən necə olur darıxmaq dəli kimi?
Yaşamaq darıxaraq dirikən ölü kimi?
Bilirsən sətir-sətir darıxmağın dadını?
Darıxmağa rəng qatıb, şeir qoymaq adını?
Gəlməyən biri üçün darıxmaq nə, bilirsən?
Bir Quranlıq söz dedim, nədi sözün, gəlirsən?
Razılaşın ki, fərqlidir, gözəldir.
Bugünkü şeir və şair bolluğunda gənclər üçün tanınmağın, diqqət çəkməyin tək yolu istedadını orijinal formada ortaya qoymaq bacarığıdır.
KAMRAN RAZAYEV,
“DARIXMAQ”
Sən bilirsən darıxmaq nə rəngdədir, nə dadır ..?
Bilirsən harda olur?
Hardan gəlib?
Hardadır?
Bilirsən darıxmağın vətənini yurdunu ..?
Darıxmağın əslini,
özəyini,
sortunu..?
Darıxmağı görmüsən, nə şəkil, nə formadır..?
Bilmirsən bu darıxmaq nə yaşda, nə boydadır..?
Görmüsən darıxmağın əlini ayağını..?
sabahları uyuyan, gecəkən oyağını..?
Bilirsən necə olur darıxmaq dəli kimi..?
Yaşamaq darıxaraq dirikən ölü kimi..?
bilirsən sətir-sətir darıxmağın dadını..?
Darıxmağa rəng qatıb, şeir qoymaq adını..?
Gəlməyən biri üçün darıxmaq nə, bilirsən..?
Bir Quranlıq söz dedim, nədi sözün, gəlirsən..?
PAYIZ QOXULU ƏCƏL
Qapımı külək döyür,
Pəncərəmi yağışlar,
Bir payız qəfil ölsəm,
Qurban sənə, bağışla.
Göz yaşının əcələ
Xeyri yoxdur, bilirsən.
Qaça bilmir ayaqlar,
Yerindəcə ölürsən.
Əcəl uşaq ki deyil,
Göz yaşına inanmır.
Axı nə söyləyəsən,
Zəhrimar, söz də qanmır.
Həm də ki, qurban sənə,
Dəyərmi yalvarmağa?
Bu xaraba dünyada
Bir gün artıq qalmağa?
Hə, xaraba demişkən,
Bağışla bu söz üçün.
Bu dünya qəzəbindən,
Bilirsən, yanır içim.
Bu xaraba qalmışın
Bir sənsən xoş tərəfi.
Eşq dolu bir çift gözün
Gözümə tuş tərəfi.
Mənim ölüm deyil ki,
Qorxum sənsən, bircə sən.
Ölüb, yenidən doğsam,
Məni gəl tap bir də sən.
Lap ayrı bir bədəndə
Doğulsa belə ruhum.
Eşq dolu gözlərini
Milyon üzdən bulurum.
Mənsizlik düşüncəsi
Almasın səni əsir.
Şairə ilham gəlib,
Şeir üçün tələsir.
MİKAYIL MÜŞFİQİN ƏZİZ XATİRƏSİNƏ
Müşfiqsiz qalıbdır indi o bağlar,
O bağlarda gəzir özgə ayaqlar,
Həmən o bağ, həmən süfrə, həmən yer,
Bir Müşfiq yox, bir də həmən qonaqlar.
O qızçün şeirlər yazılmır daha,
Həmənki qonaqlar yığılmır daha,
Həmənki o bağdan əsər qalmayıb,
Müşfiqin sədası duyulmur daha.
Nə vaxtdır o bağda qalammır Müşfiq,
Fələkdən kamını alammır Müşfiq,
Həsrətin çəkdiyi həmənki qızın,
Yenidən qonşusu olammır Müşfiq.
Daha uzaq düşüb Müşfiq o bağdan,
Nə o qız, nə Müşfiq doydu o bağdan,
Daha nə Müşfiq var, nə də ki o qız,
Heyif o sevgidən. Heyif o bağdan.
Yenə o bağ olaydı,
Yenə o çağ olaydı,
Kaş onda doğulaydım,
Müşfiq də sağ olaydı.
Kaş özündən soraydım,
Özündən öyrənəydim.
Şeiriyyatı, qəzəli.
Kağızdan oxumazdım,
Öz dilindən duyardım
Sevilməyi, sevməyi.
Məkanın cənnət olsun,
Şeiriyyatda müəllim,
Ustadım olan insan.
Səni sevənlər üçün
Hələ də tazə gəncsən,
Hələ də o bağdasan.
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


