NƏSR SAATI – Coşqun Xəliloğlunun hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Nəsr saatında sizlərə AYB-nin üzvü Coşqun Xəliloğlunun “Qaranlığı yaran işıq” adlı hekayəsi təqdim edilir.

 

Coşqun XƏLİLOĞLU

QARANLIĞI YARAN İŞIQ

(HEKAYƏ)

 

Yeddinci sinifdə oxuyarkən bizi ikinci növbəyə keçirdilər. Dərslərimiz axşam saat 7-nin yarısı qurtarırdı. Noyabr ayının əvvəlindən başlayaraq günlər qısaldığından dərsdən çıxanda hava qaralırdı. Kəndin dar küçələrinə çökən qatı qaranlıq hər addımda adamı bir az da təlaşa salırdı.  O vaxtlar kəndarası yollarda   işıqlanma olmadığından müəllimlər və əksər uşaqlar  elektrik fənəri götürürdülər. Kənd yeri idi və heç kəsin valideyni övladını götürmək üçün məktəbə gəlmirdi. Qonşumuz Mahirin 5 oğlu var idi, bütün uşaqlarının da fənərı var idi. Bir gün mənimlə eyni sinifdə oxuyan Həsən dedi ki, atam mənə təzə fənər alıb, bunu 3 manata satıram –  əlindəki fənərı mənə göstərdi. O vaxt sadə fənərlərin qiyməti 5-6 manat idi. Mənim də o qədər pulum yox idi.  Atam yol idarəsində  fəhlə işləyirdi. Bəzən aylarla maaş almırdı. Alanda da qəpik-quruş...  Altı uşaqlı ailəmizin çörəyinə güclə çatırdı. Mahir kommunxozda mühasib işləyirdi. Mehriban adam idi, həm də yaşlıların dediyinə görə gözüaçıq idi. Kəndimizdə ilk dəfə maşın alanlardan biri o olmuşdu. Uşaqlarına da yaxşı baxırdı, onların geyim-keçimləri də bizim paltarlarımızdan fərqlənirdi. Pambıq yığımından qazandığım puldan  2 manat qalmışdı.

  2 manata satarsan? – Həsəndən soruşdum.

  Qonşuyuq da, sataram, –  gülümsünərək cavab verdi.

Fənəri ilk dəfə əlimə alanda, onun işığını yandırıb-söndürəndə elə sevinirdim ki... Sanki balaca dünyama kiçik bir günəş doğmuşdu. Məktəbdən qayıdanda fəxrlə fənərimlə yolumu işıqlandırırdım.

 Sevincli günlərim cəmi bir  həftə çəkdi.  Fənərin işığı əvvəlcə  öləzidi, az sonra  isə tamamilə söndü.

  Dilxor oldum. Fənər  2 ədəd batareya elementi  ilə işləyirdi. Nədənsə, o vaxtlar element əvəzinə “daş” deyirdilər. Batareya daşları mağazalarda tapılmazdı. Onu yalnız kolxoz bazarından pişikgöz Nadirdən tapmaq  olardı.

  Bazar günü atamdan icazə alıb rayon mərkəzinə getmək üçün səhər tezdən ferma  yoluna çıxdım. Məndən başqa orada 3-4 nəfər də gözləyirdi. Bazara havayı yalnız Ağasəfin QAZ-53 markalı yük avtomobilinin   kuzovunda getmək olardı. Rəhmətlik çox yaxşı  kişiydi.  Camaatdan pul almazdı. Amma zarafatı xoşlayırdı. Məni görcək:

  Səlimin oğlu,  böyüyəndə kim olacaqsan? – soruşdu.

– Müəllim,  – cavab verdim.

– Müəllim olanda mənim nəvələrimə “5” verərsən. İndi isə qalx maşına. Görünür,  o biri sərnişinlər Ağasəfin əvvəlki ,,müştəriləri” idi. Ona görə də onlarla salamlaşmaqla kifayətləndi.

 Bazarda cavan bir oğlandan Nadiri soruşdum,  onun  yerini mənə göstərdi. Həqiqətən, gözləri pişik gözünə oxşayırdı. Qıpqırmızı, orta yaşlı, eniylə uzunu fərqlənməyən adam idi. Elə bil arxasında əyləşdiyi piştaxtanın bir parçasıydı.

1 manat verib iki ədəd silindrik formalı batareya  daşı aldım və dərhal Ağasəfin maşınına  gecikməmək üçün süd zavoduna tərəf sürətlə addımlamağa başladım. Vaxtında çatmışdım.  Beş dəqiqədən sonra QAZ-53 kəndimizə doğru hərəkətə başladı.  Üzərində qiyməti 17 qəpik olan  batareya daşını 50 qəpiyə alsam da çox sevinirdim. Çünki bəzi hallarda onu tapmaq müşkülə çevrilirdi.

Günortadan xeyli keçmiş evimizə çatdım. Tez-tələsik  daşları fənərə yerləşdirdim. Düyməni basdım, fənər yanmadı. Daşların yerinin dəyişdim, fənəri silkələdim, xeyri olmadı. Daşları çıxardım, üzərindəki yazılara baxdım.  Sən demə, yararlılıq müddəti düz il yarım  keçibmiş. Qanım bərk qaraldı. Yenə axşam dərsdən qayıdanda qonşu qızların fənərlərinin işığına möhtac olacağımı heç düşünmək belə istəmirdim.

Ağlıma bir fikir gəldi. Pişikgöz Nadiri ifşa eləməliyəm. Möhtəkirlik  etdiyinə, alıcıları, o cümlədən məni aldatdığına görə tənqidi bir məqalə yazdım və rayon qəzetinə göndərdim.  Doğrusu, nədənsə  bu haqda valideynlərimə  heç nə demədim. Rayon qəzetində  iki dəfə  məqaləm dərc olunmuşdu. Biri pambıq yığımında  məktəblilərin iştirakı haqqında, ikincisi də  məktəbdə keçririlən iməcilik haqqında idi. İnanırdım ki, bu məqaləm də çıxacaq.  Amma məqaləm dərc olunmadı. Təxminin iki həftə sonra poçtalyon evimizə Rayon İcraiyyə Komitəsinin Daxili İşlər şöbəsi rəisinin xüsusi formalı blankda yazılmış məktubunu gətirdi. Mənim adıma ünvanlanmış məktub təxminən aşağıdakı məzmunda idi.

“...Kolxoz bazarında rayon zəhmətkeş deputatları və fəalların iştirakı ilə reyd keçirilmişdir. Lakin Sizin  məktubunuzda göstərilən faktlar aşkar edilməmişdir. Məktubu yazarkən diqqətli olmağınızı və faktlara istinad etməyinizi  xahiş edirik...”

Atamı  məktubla tanış etdim, o mənə acıqlanmasa da narahat olmağa başladı.

– Bala, nahaq yazmısan. Başımız ağrıyar. Allah onlara işimizi salmasın.  Cəhənnəm olsun 1 manat da. Bu ay maaşımı alanda sənə təzə, yaxşı bir fənər alaram.

Mən bir az utanaraq, bir az sıxılaraq: 

– Yaxşı, ata. – dedim. Amma mənim də daxilimdə bir narahatlıq hissi baş qaldırdı.

Növbəti bazar günü nahara az qalmış çöl darvazamız döyüldü.  Atam  dedi ki, get qapını aç, bax, gör kimdir.

– Darvazanın önündə kənddə “uçastkovı” Rüstəmov kimi tanınan milis kapitanıyla və  qonşu kənddən olan serjant Əlövsətlə qarşılaşdım. Görüşüb onları içəri dəvət etdim. Salamımı alsalar da  heç nə demədən içəri girdilər. Atam “çağrılmamış qonaqları” görüb eyvandan aşağı endi və onlara tərəf gəlməyə başladı.

– Xoş gəlmisiniz. Qalxıb bir stəkan çay için, – atam əlinin işarəsiylə onlara eyvana qalxmaq üçün yol göstərdi.

– Sağ ol, yoldaş Səlimov, – Rüstəmov rəsmi görkəm alaraq: – göstəriş var, məlumat daxil olub, sizin həyətinizdə axtarış aparmalıyıq.

 – Nə danışırsınız? Nə yoxlama, nə axtarış, mən fəhlə babayam. Çörəyimi alnımın təriylə qazanıram.

 – Bizə də çörəyi havayı vermirlər. – O əlindəki möhürlü sənədi çıxarıb atama göstərdi və tez də  qovluğa qoydu.

Anam, bacı və  qardaşlarım da milisləri görüb həyəcanla eyvana toplaşmışdılar. Sanki hamımız donmuşduq. Birinci dəfə idi ki, həyətimizə milislər gəlirdilər  və bilirdik ki, bu heç də yaxşı əlamət deyil.

Milislər həyətdə bir az gəzişdikdən sonra akt tərtib etmək üçün köhnə masanın arxasında əyləşdilər.

Rüstəmov:

– Səlim kişi, həyətinizdə qeyri-qanuni yolla əldə etdiyiniz,  heç bir sənədi olmayan çoxlu miqdarda əşyalar, materiallar var.

Atam cavab vermək istədi. Rüstəmov ona danışmağa imkan vermədi:

       – Yaxşı, sənədlər varsa gətir, mən də akt yazmayım. Dəmir darvazanın, çəpərə basdırdığınız polad dirəklərin, çəpərə işlətdiyiniz alüminium  məftilin,  200 litr solyarkanın sənədlərini göstərin, atama lənət,  nəsə yazsam.

       – Hamı necə, biz də elə. Kimin sənədi var ki, – atam sakit səslə cavab verdi.

   Kimin sənədi var, yoxdur, sənə qalmayıb. Akt yazacam və sabah rəisə təqdim edəcəyəm. Özün bil.

  Atam dodağı səriyərək:

– Oturduğumuz yerdə nə oyuna düşdük?

  Oturduğu yerdə heç kim oyuna düşmür. Özünüz yaxşı bilirsiniz...

Başımı aşağı salmışdım. Amma hiss edirdim ki, bu an  anamdan başqa hamı mənə nifrət  eləyir. Mənim bir kağız parçasına sığdırdığım "ədalətim" atamın illərlə qazandığı namuslu zəhmətkeş adını təhlükəyə atmışdı. Bu arada serjant Əlövsət atama nəsə işarə elədi və qalxaraq atamla  birlikdə bağımıza doğru getdilər.  Rüstəmov əl-qolunu ölçərək nəsə deyirdi və atam da təsdiq edirdi. Bir azdan onlar geri qayıtdılar. Atam anamı çağırdı və yavaşca nəsə dedi.

Atam dar gün üçün topladığı,  az qala bir aylıq maaşı qədər pulu üzlü qonaqlara verib yola saldı. Nə akt yazıldı, nə də atam  aktı imzaladı.

      – Bayaqdan sanki donmuş, qorxudan bir kəlmə də danışmayan anam:

      – Ay Səlim, qada-balamızı aparsın, uşaqların baş-gözünün sədəqəsi olsun. Allaha şükür, salamat  qurtardıq. Təki canımız sağ olsun.

Anamın sözlərindən atam, qardaşlarım sanki canlandılar. Hətta atam mənə işarə eləyib gülərək:

 – Keçənə güzəşt deyərlər, – dedi. Onun o kədərli gülüşü ürəyimə tikan kimi batdı.

Bu hadisədən bir neçə ay keçmiş rayonumuzda dəyişikliklər oldu. Adətim üzrə həmişə oxuduğum rayon qəzetinin növbəti nömrəsində dərc olunmuş bir məlumat məni həm təəccübləndirdi və həm də sevindirirdi.

“...Rayon mərkəzindəki kolxoz bazarında rayon sovetinin deputatları və fəal vətəndaşların  iştirakı ilə reyd keçirilmiş,  hələ də  qanunsuz alver edənlərin, möhtəkirlərin  olduğu müəyyən edilmişdir. Onlar haqqında inzibati  qaydada müvafiq cəza tədbirləri görülməsi nəzərdə tutulmuşdur”.

Tezliklə xəbər çıxdı ki, tədbir görülənlər arasında  Pişikgöz Nadir də var.  Aylarla keçirdiyim narahatlığa son qoydum. Onun cəzalanacağına görə yox, məqaləmdəki faktların  təsdiq olunmasına görə sevinirdim.

Uzun  illər keçdikdən sonra bu hadisəni xatırladıqca düşünürəm ki, həqiqət gec də olsa, işıq kimi qaranlığı yarıb üzə çıxır.

                                                  (29.04.2026)

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.