“Əziz xalqım, bu gün Turan günüdür” - Toğrul Azəroğlu Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şair Toğrul Azər oğlu Zamanlı 2001-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. O, təhsil həyatına 2008-ci ildə Kəlbəcər rayon tam orta köçkün məktəbində başlamış və 2019-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Qazax filialında “Tarix müəllimliyi” ixtisasına qəbul olunmuşdur. Təhsilinin bir semestrini burada başa vurduqdan sonra Mingəçevir Dövlət Universitetinə transfer olunmuş və 2023-cü ildə ali təhsilini uğurla tamamlamışdır.

 

Hazırda Mingəçevir şəhərində yaşayan 24 yaşlı Toğrul Zamanlı ailənin tək övladıdır. O, geniş mütaliə dairəsinə və zəngin şəxsi kitabxanaya malikdir. Xüsusilə Türkçülük və Bütöv Azərbaycançılıq ideologiyalarına, eləcə də tarixi ədəbiyyata böyük maraq göstərir. Tarix ixtisası ilə yanaşı, digər humanitar və dəqiq elmlər sahələrində də geniş məlumat bazasına sahibdir.

 

 

TOĞRULAZƏROĞLU,

BU GÜN TURAN GÜNÜDÜR”

 

Hiss edirəm təbi gəlir qəlbimin,

Yazacam sözləri dəftərə min-min,

Əlinizdə qılınc, cilovu çəkin.

Bilgə xaqan dövlət quran günüdür,

Əziz xalqım, bu gün Turan günüdür.

 

Neçə ildir dilimiz qaldı susuz,

Parçalandıq qıpçaq, qarluq və oğuz,

Haray çəksəm, gələr hunqar, qaqauz,

Atillanın qılınc vuran günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Siz də bilin milli ruhun qədrini,

Düşmən sınar Turan elin səbrini,

Pozacağıq rusun, farsın məkrini,

O düşmən ellərin viran günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Peyğəmbər də bilir türkün qüdrətin,

Adını çəkmişdir Sultan Mehmetin,

Dünyadakı sülhün və ədalətin

Qeyd-şərtsiz bərpa olan günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Qan ağlayır Şərqi Türküstan eli,

Kəsilir uyğurun danışan dili,

Bilin ki, Turanın bükülməz beli,

Oğuz xanın çinli qıran günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Doxsanlarda qanlı çaxdı ildırım,

Meşə tələ, qayaları sıldırım,

Onlar etdi Xocalıya soyqırım,

Hər insanın bunu anan günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Qurban olum hər şəhidin qanına,

Bayraq sancıb zəfər çalan anına,

Azərbaycan ucalıbdır şanına,

Haqq zülmdən sorğu soran günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Azad oldu yurdum, yuvam, oylağım,

Hər daşında tarixlərdən qaynağım,

Dalğalandı Xankəndində bayrağım,

Separatın məğlub olan günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

Azəroğlu — Azərbaycan yazarı,

Təbriz, Ərdəbildir dərdi, azarı,

Gözlər bizi Nadir şahın məzarı,

Çapar Xorasana varan günüdür.

Əziz xalqım, bu gün Turan günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.