“Mənim uğur hekayətim” - Sənani Quliyevin diqqətçəkən kitabı işıq üzü görmüşdür Featured

Azərbaycan Yazıçılar Birliyinin “Yazıçı” nəşriyyatının “Motivasiya Ədəbiyyatı Kitabxanası” seriyasından Sənani Quliyevin “Mənim uğur hekayətim” adlı kitabı işıq üzü görmüşdür.

Üz qabığında kitabın leytmotivi “Həyatda uğur qazanmaq üçün iki qanad lazımdır: biri insanın öz əzmidir, digəri isə güclü dövlətin dayağı” cümləsində öz əksini tapmışdır.

 

“Ədəbiyyat və incəsənət” portalına “Yazıçı” nəşriyyatından verilən məlumata görə, əsas oxucu hədəfi gənclər olan kitabda müasir Azərbaycan gənci üçün həm uğurlu insan olmağın, həm də liderə çevrilməyin sirləri açılıbdır. Özü də müəllifin gerçək yaşantı praktikası motivasiya sahəsində dünyanın ən əsas təlimləri ilə paralel verilibdir.

İnsan öz uğur hekayətini necə yazır?

Çox təəssüf ki, əksərən gənclər bunun üçün imkanlı valideynin, yaxşı dayının, yaxud hansısa regional mənsubiyyətin olmasını əsas sayırlar. Halbuki kitabın müəllifi qaçqın şəhərciyində yaşamış imkansız bir ailənin övladı olaraq öz uğur hekayətini öz məqsədyönlülüyü, dəmir iradəsi, zəkası hesabına və ən əsası, öz dövlətinə güvənərək əldə edib.

Hədər yerə deyil ki, müəllif oxucusuna müraciət edərək yazır: “Dəyərli oxucum! İnsanı dünyaya gətirən valideynləridir. Cisminə ruh üfürən Allahdır. Yetişdirən mühitdir. Yol göstərən isə Dövlətidir. Dövlət bir ailədir! Ailə yol göstərməsə, yol verməsə, insan bir heçdir. Biz bu ailədə sağlam ruhlu, sağlam düşüncəli olmalıyıq. Əks təqdirdə qismətimiz daim uğursuzluqlar, nailiyyətsizliklər, rahatsızlıqlar olacaqdır.

Müvəffəqiyyətə köklənək! Sabaha inanaq və hazır olaq! Öz uğur hekayətimizi məhz bu andan başlayaraq özümüz yazaq!”

Qeyd edək ki, Sənani Quliyev 1988-ci ildə Füzuli rayonunda anadan olub. Orta təhsilini Füzuli şəhəri M. Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyada alıb, 2006-cı ildə gimnaziyanı fərqlənmə attestatı ilə bitirib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Kimya mühəndisi ixtisası üzrə qəbul olub. 2010-cu ildə təhsil ocağını müvəffəqiyyətlə bitirib. Daim püxtələşmək, inkişaf etmək, mühəndis baxışına iqtisadı bilik əlavə etmək məqsədi ilə 2018-22-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə ikinci ali təhsilini alıb. Amma yenə də kifayətlənməyib, bu dəfə mühəndis baxışı və iqtisadi analizə idarəçi strategiyasını əlavə etmək üçün hal-hazırda 3-cü ali təhsilini almaqdadır, Prezident Yanında İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyənin idarə olunması ixtisasına yiyələnir. Paralel olaraq da iş fəaliyyətində uğurları sıralamaqdadır.

Yazar özündən sonra gələn gənclərə öz həyat təcrübəsini, bilik və bacararığını bölüşmək üçün bu kitabı ərsəyə gətirib.

“Mənim uğur hekayətim” kitabının yayım hüququ “Sin-kod” şirkətinə məxsusdur və artıq kitabı şəhərin kitab mağazalarından əldə etmək mümkündür. Nəşrin aktuallığını nəzərə alıb yaxın dövrdə türk dövlətlərində yayılması da nəzərdə tutulur.

Kitabın redaktoru Varis, naşiri Akif Şahbazovdur.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.