Tarix müəlliminin yazdığı hekayə Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Sizlərə peşəkar pedaqoq – illərin tarix müəllimivə yeni-yeni hekayələr yazmağa başlayan Anar Məmmədovun bir hekayəsini təqdim edirik. Buyurub oxuya bilərsiniz...

 

 

ANAR MƏMMƏDOV,

“ALLAHDAN, YOXSA HƏKİMDƏN?”

 

Öz keçmişinin bütün təfərrüatlarını xatırlamaq demək olar ki, mümkün deyil. Yəni keçmiş günləri güzgüdə əks olunan kimi yada salmaq çətindir. Nələrsə xatirələrin dumanına bürünüb qalır...

Bu cümlələri ona görə yazıram ki, psixoterapevtlər də keçmişə köklənirlər. Mən artıq psixoterapevtin qəbulundayam.

-Şikayətiniz nədəndir?-deyə o soruşdu.

Yumru sifətinə mütənasib olan dairəvi eynəyin arxasından sual dolu baxışlar mənə dikilmişdi. Yaşadıqlarımı danışmaq mənim üçün çətin deyildi. Amma istəyirdim ki, emosiyasız, mübaliğəsiz izah edim. Fikirlərim aydın olsun. Nəinki o bunları duysun, həm də görsün.  Məsələn, ağ vərəq üzərində yazı kimi və ya qarda uçuşan boz sərçələr kimi.

-Həkim, demək olar, həyata marağım qalmayıb. İnsanlar sanki mənim üçün kabuslar kimi görünür. Baş verən hadisələrdə gələcəyin heç bir nişanəsini görə bilmirəm. Hamısı mənə yaşanmış bir ömrün son akkordlarını xatırladır. Bütün arzularımdan, fikirlərimdən kədər süzülür.

- Siz depressiya vəziyyətindəsiniz. Biz sizə ilk növbədə gülməyi öyrədəcəyik, -deyə həkim qeyd etdi.

Sonra o mənə resept yazdı və bildirdi ki, bu dərman asılılıq yaratmır. O bir neçə psixoloji seans götürməyi məsləhət gördü. Lakin mənə elə gəlirdi ki, o seanslarla mənə təsir edə bilməz. Ona qulaq asmadım. Amma dərmanı qəbul etdim.

Həyatda hər şey dərmandır. Təbii ki, dozasında. Kədər, sevinc, həsrət.. hamısı gərəklidir. Amma təəssüf ki, qızıl ortanı həmişə tuta bilmirik.

Mən sonra başqa həkimə müraciət etdim. O da mənə dərman yazdı. Mən o dərmanı yeddi il qəbul etdim. “Ola bilər ki, günlərin bir günü siz depressiyadan çıxasınız. Özünüz də bilmədən”- həkim mənə xatırlatmışdı. Nə vaxt gələcək bu gün? Yəqin ki, həmin günə qədər mən həyatı təhfif olunmuş formada görəcəm... Və mənim qiymətlərimə də ciddi yanaşmayacaqlar.

Nəhayət, tanışım rəfiqəsinə müraciət etdi. O seyid qızı idi. Quran açırdı. Onun mənim haqqımda dediyi sözləri telefonda eşitdim: “Bu nədir? Onun işləməyə həvəsi yoxdur. Pul qazanmaq barədə də düşünmür. Mən ona yazdığım duanı ələmə bağlayıb saxlayacam hələ ki..”

Günlər keçirdi. Yox, saatlar keçirdi. Vəziyyətim anbaan düzəlirdi. Gördüyüm hər bir işə ALLAHın lütfü kimi baxırdım. Pulun mənasını yeni kəşf etmişdim: pul yaşadığın günləri nəinki rəngarəg edir, həm də insanın fikir sürətini artır

Əziz oxucu! Hələ də mən bilmirəm, necə izah edim: ALLAHdan , ya həkimdən? Amma fikir vermişəm: həkimlər də resept yazarkən ALLAHla rabitə işarəsi qoyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.