ƏDƏBİ DEBÜT, “Özüm də özümdən uzaqlaşıram”, Ərtoğrul İsmayılov Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm-Ərtoğrul İsmayılovu. Düşünürəm onun ədəbiyyata gəlişi bizlər üçün də çox maraqlı olar, ədəbi gəncliyimizin rəngarəng imzaları sırasına biri də əlavə edilər.

 Gənc şairimizi daha yaxından tanıyaq.

 

Ərtoğrul İsmayılov 1998-ci ilin avqust ayının 25-də Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirsə də, ədəbiyyata olan marağı hələ 2015-ci ildən, universitetə qəbul olduğu dövrdən etibarən formalaşmağa başlayıb.

İlk olaraq mütaliəyə üstünlük verən Ərtoğrul, zaman keçdikcə yazmağa həvəs göstərib, bir neçə qısa hekayədən sonra poeziyanın ona daha yaxın olduğunu dərk edərək şeir yaradıcılığı ilə məşğul olub.

O, bu günə qədər şeirlərini heç bir platformada yayımlamamış, daha çox öz daxili dünyası üçün yazmağı üstün tutmuşdur. Lakin onun yaradıcılıq yolunda ən böyük dəstəkçiləri – ailəsi, əmisi, hər misrasında varlığını hiss etdiyi sevdiyi qadın və ona inanan dostları olmuşdur. Müxtəlif sahələrdən olan bu insanların xoş sözləri və şeirlərinə verdikləri dəyər Ərtoğrul üçün ən böyük motivasiya mənbəyinə çevrilmişdir.

Məhz bu dəstək və inamdan güc alaraq, o, artıq öz şeirlərini oxucularla bölüşmək qərarına gəlmişdir.

 

 

BİR DƏLİ DARIXMAQ

 

Bəzən də iyrənib xatirələrdən,

Gedirəm hər şeydən sıxılıb birdən,

Nəinki kimdənsə, vaxt olur hərdən,

Özüm də özümdən uzaqlaşıram.

 

Ya əsən küləkdən, ya da yağışdan,

Gah səni görəndən, gah da tanışdan,

Vallah, yorulmuram bu axtarışdan,

Durmadan hey səni soraqlaşıram.

 

Dəli bir darıxmaq gələndə gecə,

Bilirsən o anda oluram necə?

Açıb bir şəklini, baxıb gizlicə,

Sanki yoxluğunla qucaqlaşıram.

 

Qocaldı ürəyim sənin qəminlə,

Gəl yaşlı qəlbimin səsini dinlə,

Halbuki bilirdin, təkcə səninlə,

Unudub özümü uşaqlaşıram.

 

Yoxluğun qəlbimin olub düşməni,

Can alır canımdan, öldürür məni,

Elə ki, deyirəm "unutdum səni",

Yenidən qoxunla qabaqlaşıram.

 

Kim istəyərdi ki, ayrılıq ola?

Neyləyim, biz çıxa bilmədik yola,

Mən də həsrətinlə girib qol-qola,

Məcburən onunla ayaqlaşıram…

 

 

SUSAN ÜRƏYİM

 

Çırpınıb can verdi mən üzüləndə,

Bu yazıq ürəyim, yesir ürəyim.

O hardan bilsin ki, adı gələndə,

Hələ də titrəyir, əsir ürəyim.

 

O vaxtlar ürəyim qırılan zaman,

Bir ürəyim oldu halıma yanan,

İndi də kiməsə inandığım an,

Gəlib qabağımı kəsir ürəyim.

 

Nəyisə düşünüb gözüm dolanda,

Gah qəmim çoxalıb, gah azalanda,

Mənlə də danışmır mən pis olanda,

Çevirib üzünü, küsür ürəyim.

 

Son dəfə əliylə silib gözünü,

Söndürür gözündə yaşam közünü,

Boynuna bir kəndir taxıb özünü,

Gözümün önündə asır ürəyim.

 

Bölüb içindəki eşq həvəsini,

Qoymadı heç tapım bir tikəsini,

Daha eşitməzsən onun səsini,

İndi mənim kimi susur ürəyim...

 

 

EŞQ HƏRİSİ

 

Eşqsiz keçən hər axşamı,

Damağımda qaldı tamı,

Sevgi yorarmış adamı,

Məhəbbətim yordu məni.

 

Mən olanda eşq hərisi,

Soyuldu qəlbin dərisi,

Çıxmadı sahib birisi,

Qəm-kədərim sardı məni.

 

Sanırdım ki, çiçək əkər,

Ürəyimdə bağça tikər,

Elə bildim sığal çəkər,

Uşaq kimi vurdu məni.

 

Etdiyi hər istəyini,

Arzusunu, diləyini,

Mən qırmadım ürəyini,

Bəs o niyə qırdı məni?

 

Girib qaranlıq qəfəsə,

Hay vermədim başqa səsə,

İnanmaz idim kiməsə,

İnandırdı bir də məni.

 

Qəlbimi ortadan yarıb,

Maraqlıdır nə axtarıb?

Dərdin içindən çıxarıb,

Niyə saldı dərdə məni?

 

Kömək edib sağaltmadı,

Tapılmadı dərdin adı,

Əlini də uzatmadı,

Görəndə bu yerdə məni.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.