Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri!
"Ruhun pıçıltısı" rubrikamızla yenidən görüşünüzə gəlmişik.
Bu dəfə də poeziyası ilə qəlblərə yol tapan şair qonağımızla Sizlərin ruhunu oxşayacağıq.
Qonağımız Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, bir çox sevilən musiqilərin söz müəllifi, nurüzlü xanım Rəsmiyyə Sabirdir.
Artıq xəbər verdiyimiz kimi Rəsmiyyə xanımın Qazaxıstanda " Şeir qadın" adlı kitabı nəşr olunub. Həmin kitaba daxil olan şeirlərin bir neçəsini Sizə təqdim edirik.
ŞEİR QADIN
Zərifliyini görüb,
Səni
çiçəyə bənzətdilər...
Şıltaqlığını görüb
Səni
küləyə bənzətdilər...
Gözlərində yaşı görüb,
Səni
dənizə bənzətdilər...
Sonsuz vəfanı görüb,
Səni
torpağa bənzətdilər...
Sən
Tanrının yaratdığı
şeirsən, qadın.
Mən
Səni
ruhumu oxşayan
şeirə bənzədirəm.
Şeirdir sənin adın...
Şeir kimi doğulmusan.
Kuplet-kuplet yaşayarsan.
Heca-heca ağlayarsan.
Sətir-sətir gülərsən.
Gülüşünlə yer üzünün
kədərini silərsən.
Gah şeir kimi sevinclisən.
Gah şeir kimi kədərli...
Lakin
şeir kimi əbədisən, qadın!
Şeirdir sənin adın...
QIZIMA
Romanın məşhur küçələrini
dolaşdıqca
yadıma Sən düşürsən.
Darıxıram, Qızım...
Kolizeyin yanında
anasının qucağında
tarixə gülümsəyən qızcığaz
Sənin gülüşlərini xatırladır.
Darıxıram, Qızım...
Az qaldı.
Gözlərini
söndürüb yandırana kimi,
Vətənə - Sənə qayıdıram.
Darıxıram, Qızım...
Bu tarixi yerlərdə
içimdə Səni gəzdirirəm.
Birlikdə dolaşırıq
Roma Forumunu, Navona meydanını,
İspan pillələrini, Palatino təpəsini.
Sənin gözlərinlə baxıram həyata...
Darıxıram, Qızım...
Bilirsən?
Mən buluddan
nəm çəkən adamam.
Durduq yerdə
içimə qəm əkən adamam.
Amma
Səndə tapdım
itirdiyim gücümü.
Romaya gedərkən
arxamdan buludlar ağlamışdı...
İndi Romada payızdır.
Ağaclar ağlayır.
Göz yaşları
Yarpaq-yarpaq tökülür...
Darıxıram, Qızım...
Bu sətirləri yazarkən
Səndən mesaj gəldi.
“Sənin üçün darıxıram, Ana!”...
Gözlərimdə yaş göyərdi...
Mən də
Quşun səma,
Torpağın su
Dalğanın sahil üçün
darıxdığı kimi
Sənin üçün darıxıram, Qızım...
Qızım, Sənin üçün darıxıram...
BU MƏHƏBBƏT
Bu məhəbbət bir az göydən,
Bir az da yerdən sıxılır.
Dünya ruhumuz boydadır,
Fərq etməz hardan baxılır.
Sən getdin yox oldu izin,
Mən süründüm dizin-dizin,
Baxmadığımız dənizin,
Suyu gözümə yığılır.
Yoxdur səndən xəbər-ətər,
Həsrətin hər vaxt təzə-tər,
Üst-üstə toplanan dərdlər,
Hamısı ömürdən çıxılır.
Hicran ağır, ürək kövrək,
Gəl, bu dərdin yükünü çək,
Bir gün qurumuş ağac tək,
Hər kəs içində yıxılır.
ZƏİF BƏND
Əvvəllər səndən küsürdüm,
İndi özümdən küsürəm.
Bu sevdanın hesabında,
Düzgün olmayan kəsirəm.
Qanadı qırılmış quşam,
Göz yaşında boğulmuşam,
Qədərə məğlub olmuşam,
Eşqinə əsir-yesirəm.
Bu eşqin zəif bəndi mən,
Əskik olmadın sözümdən,
Uzağa düşdüm özümdən,
Sənə doğru tələsirəm.
YAŞADIM
Həsrətin nə ağır imiş,
Taleyə küsüb - yaşadım.
İçimdə bir məsum sevda,
Boynunu qısıb - yaşadı.
Bəxtimdən əlimi üzdüm,
Dözdüm həsrətinə, dözdüm,
Dərdlərin içində üzdüm,
Sanma ki, kasıb yaşadım.
Sən həyatın soyuq üzü,
Söndürdün sonuncu közü,
Tanrı payı – ulu sözü,
Bağrıma basıb - yaşadım.
Səni gəzdim dörd bir yanda,
Ölən eşqimin yasında,
Yerlə göyün arasında,
Ruhumu asıb - yaşadım.
SƏNİ
Eşqdən anlamaz biriydin,
İmana gətirdim səni.
Ürəyimin qapısından,
İçəri ötürdüm səni.
Düşünmədim ki, kim idin,
Bir sazın qopmuş simiydin,
Mənədək ölü kimiydin,
Yerdən mən götürdüm səni.
Eşqimə tay olmadın sən,
Saçıma vaxtsız səpdin dən,
Yaxında düşdün gözümdən,
Uzağa itirdim səni.
Gah ömrümün dumanında,
Gah sevgimin gümanında,
Nə yaxşı düz zamanında,
Ağlımda bitirdim səni.
Yaxında düşdün gözümdən,
Uzağa itirdim səni.
SƏNİNLƏ ARAMIZDA
Səninlə aramızda
məsafələr var.
Sevgi qədər yaxınıq,
həsrət qədər uzaq.
Səninlə aramızda
məsafələr var.
Bir söz qədər yaxınıq,
susqunluq qədər uzaq.
Səninlə aramızda
məsafələr var.
Xəyal qədər yaxınıq,
həyat qədər uzaq.
Səninlə aramızda
məsafələr var.
Nəfəs qədər yaxınıq,
ölüm qədər uzaq...
Səninlə aramızda
məsafələr var.
Ömür-gün keçib gedər.
Səninlə aramızda
Eh, üç nöqtə dayanar...
ƏLİMİ BURAXMA, BABA
Əlimi buraxma, Baba!
Qış Günəşi
isidə bilmir canımı.
Əlimi buraxma, Baba!
İsgəndərundan
göyə bülənd olan alovlar
ürəyimi yandırır,
qızdırmır içimi....
Əlimi buraxma, Baba!
Əlini möhkəm-möhkəm tutmağı
Səndən öyrəndim.
Bağçaya gedəndə
“Əlimi buraxma, qızım,” -
deyərdin.
Maşınlardan qoruyardın məni.
Heç buraxmadın ki, əlimi....
“Ən isti yer evimizdir”
- deyərdin, Baba.
Alınmaz qalamızdı evimiz.
Dağılan qala divarlarımız
üşüyür, Baba...
Əlimi buraxma, Baba!
Bu gecə ilk dəfə röyamda
əlimi buraxmışdın...
(Yuxular tərsinə yozulur...)
Dünya çaşqınlıq içindədir...
Sənsə heyrətin fövqündə...
Ört əllərini gözlərimin üstünə, Baba.
Qış Günəşi utanmasın acizliyindən...
“Ədəbiyyat və incəsənət”
(25.04.2026)


