“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün şair Əfrahim Hüseynlinin əziz qızı Afaq xanıma yazdığı "Ömürdən küsməyin heç yeri yoxmuş" şeiri təqdim edilir.
Əfrahim Hüseynli Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həkim və şairdir.
Ömürdən küsməyin heç yeri yoxmuş
(Qızım Afaqa)
Bu günü günlərin padşahı bildim,-
Haqsız gileyləri günahım bildim.
Mən ki, başım üstə Allahı bildim,-
Ömürdən bezməyin heç yeri yoxmuş!
Zəhranın, Zeynəbin, Salehin səsi
Gətirib bu evə bir yaz nəfəsi…
Dağıldı həsrətin o daş qəfəsi,-
Ömürdən küsməyin heç yeri yoxmuş!
Günləri qınadım hər kəlməbaşı,
Ötən də bilmədim hər gələn qışı.
Əriyə bilərmiş yolların daşı,-
Asmağın-kəsməyin heç yeri yoxmuş!
Tanrının yazdığı yazı da varmış,
Qışa qənim olan yazı da varmış,
Günəşli günlərdən, yazıda varmış,
Əlini üzməyin heç yeri yoxmuş!
Allahım illərin gör harasında
Pay verdi qaş ilə göz arasında.
Yüz giley-güzarlı söz arasında
Gümanı gəzməyin heç yeri yoxmuş!
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


