Redaksiyanın poçtundan – Gültac Əliyevanın “Qatil uşağ”ı Featured

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Portalımızın “Redaksiyanın poçtundan” rubrikasında növbətçi mənəm və sizə təqdim etmək istədiyim mesaj oxucumuz Gültac Əliyevadan gəlib. “Qatil uşaq” yazısı bədii əsəsr deyil, təəssüratdır, aktual bir mövzuda düşüncələrdir. Amma elə bu sənədlilik, bu publisistika sanki bədiilikdən yoğrulubdur.

Xoş mütaliələr.

 

GÜLTAC ƏLİYEVA,

“QATİL UŞAQ”

 

“Qatil uşaq...” Necə də ağır səslənir, deyilmi? Bu ifadəni eşidəcəyimi heç düşünməzdim. Uşağın qarşısında işlənəcək sözlər başqa idi: ağıllı, dəcəl, qoçaq, tənbəl... Uşaqlıq məsumiyyətin, saflığın və gələcəyin adı idi. Bəs indi necə oldu ki, bu anlayışın önünə “qatil” sözü gətirildi?

Bəli, bəlkə ortada bir qatil uşaq var. Amma uşaq təkbaşına qatilə çevrilmir. Burada cəmiyyətin də məsuliyyəti var, ailənin də payı var.

Gəlin birlikdə hazırda gündəmi zəbt edən Kahramanmaraş cinayətinə baxaq. Amma baxarkən təkcə bir hadisəyə yox, bu kimi faciələrin kökündə dayanan səbəblərə də nəzər salaq. Özümüzə bir sual verək: görəsən, əsl müqəssir kimdir?

Bu hadisə birdən-birə baş vermədi. O “uşaq” bir anın içində qatilə çevrilmədi. Bu sonluğun əvvəlində davranışlar vardı, danışıq tərzi vardı, sosial şəbəkələrdə paylaşdığı qeyri-normal görüntülər vardı. Bütün bunların fonunda isə onun arxasında dayanan bir ailə və görən bir cəmiyyət vardı.

Bəlkə də bəziləri qəzəblənəcək: niyə cəmiyyət? Bəli, məhz cəmiyyət. Çünki ailə üçün övladının psixoloji durumunu qəbul etmək daha çətin ola bilər. Valideyn çox zaman görmək istəmir, etiraf etmək istəmir. Amma cəmiyyət görür, təhlil edir, hiss edir. Elə buna görə də vaxtında reaksiya verməlidir.

Niyə susulur? Qorxudanmı? Laqeydlikdənmi? Yoxsa “mənə nə” düşüncəsindənmi? Halbuki bir insanın vaxtında dediyi söz, atdığı addım bəzən böyük faciələrin qarşısını ala bilər.

Qadın doğum şöbəsində baş verən hadisə zamanında müzakirə olundu, lakin nəticəyə çatmadı və zamanla unuduldu. Niyə? Necə baş verdi? Kim susdurdu insanları? O gün susdurulan vicdanlar bu gün danışırmı?

Müəllimlərin “onun çantası yoxlanılmadan dərsə buraxılmasın” deməsi isə əslində ən böyük siqnal idi. Bu, adi xəbərdarlıq deyildi. Bu, gələcək təhlükənin qapını döydüyünü göstərən xəbər idi. Deməli, bir çoxları gələcək faciəni görürdü. Qarşısını almaq üçün imkan da vardı.

Bənzər hadisə bir neçə il öncə ölkəmizin də gündəmini zəbt etmişdi. Mənim qədər siz də o qətli bütün təfərrüatları ilə xatırlayırsınız, bilirəm. Əhmədin ailəsini amansızlıqla qətlə yetirməsinin də kökündə bu kimi faktlar var idi. Göz gördü, qulaq eşitdi, dil danışmadı. Nəticədə nə oldu? Bir ailənin faciəvi sonu. Halbuki doğru zamanda veriləcək bir qərar çox şeyi dəyişə bilərdi.

Bunlar bir əsər, esse və ya hekayə deyil ki, yazıldıqdan sonra təhlil edilərək rəy verilsin. Bu, həyatın özüdür. Göz önündə yaşanır. Ona görə də vaxtında müdaxilə etmək, cəmiyyəti çürüdən halların qarşısını almaq lazımdır.

Bu gün susulan hər həqiqət sabah bir fəryada çevriləcək. Məzarlara yad kimi baxmayın. O qurbanlar bizlər, övladlarımız, yaxınlarımız da ola bilər. Nə qədər ki, “silahlar” bizə tuşlanmayıb, gözlərinizi açın. Çünki faciələr qapını döyəndə artıq çox gec olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.