“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Şəhla Rəvanın "Mən Türkün qızı, Türkəm” adlı şeiri təqdim edilir.
Şəhla Rəvan Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Ziyadar" Mükafatı, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri, Turan Yazarlar Birliyinin üzvü, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şairdir.
Mən Türkün qızı, Türkəm
Tarixin yaddaşına qanla yazılıb adım,
Polad parlaq qılıncım qəlbimdən alıb odun.
Tomrisin qeyrətiyəm, həm Massaget ruhuyam,
Mən qədim bir dastanam, mən dənizəm, mən suyam.
Göylərədir sorağım, köküm dərindən dərin,
Zəfər müjdəçisidir addımım, qədəmlərim.
Əyilməz vüqarımla cahanı titrədərəm,
Mən Türkün qızı, Türkəm, haqqa doğru gedərəm!
Sərkərdətək at çapdım, hərbə Nüşabə kimi,
Hünərimlə yazmışam yurda olan sevgimi.
Xatunların içində həm xaqanam, həm xanım,
Hökmdar fitrətilə yoğrulubdur bil qanım.
Sara Xatun zəkası yolumuza nur saçar,
Səbri polad kimidir, bağlı qapılar açar.
Mən anayam - beşiyim bir dövlət qurucusu.
Mən Türkün həm qüruru, həm ləyaqət yolçusu.
Ruhumda bozkurtların azadlıq nəfəsi var,
Zamanı ram eyləyən zəfər dolu səsi var.
Fəlsəfəm: haqq yolunda can verməkdir şərəflə,
Mən gələcəyə baxdım sarsılmaz bir hədəflə.
Dədə Qorqud dilində dualanmış adım var,
Altun orda, tarixdə silinməz muradım var.
Mən Türkün qızı, Türkəm! - Bu, ən böyük tacımdır,
Dünyaya sevgim isə ən müqəddəs borcumdur.
“Ədəbiyyat və incəsənət”
(21.04.2026)


