Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Əziz oxucular, “Redaksiyanın poçtundan” rubrikasında sizlərə bu gün yazar Nargilə Yusifqızının bir hekayəsini təqdim edirik. “Sirli bənövşə” adlıbu hekayədə mənim diqqətimi ilk növbədə bədiilik və lirizm çəkdi. “Küçə fənərlərinin zəif işığında rəqs edən qar dənəcikləri sanki göy üzündən yerə göndərilən gizli məktublar idi” – gözəl deyilibdir, düzdürmü?
Xoş mütaliələr.
NARGİLƏ YUSİFQIZI,
“SİRLİ BƏNÖVŞƏ”
Şəhərin üzərinə ağır, bəyaz bir sükut çökmüşdü. Küçə fənərlərinin zəif işığında rəqs edən qar dənəcikləri sanki göy üzündən yerə göndərilən gizli məktublar idi.
Otağın küncündəki köhnə saatın "tıq-tıq" səsi gecənin səssizliyini pozan tək ritm idi.
Rauf pəncərəyə yaxınlaşdı. İçəridəki sobanın hərarəti ilə çöldəki şaxtanın görüşdüyü o nöqtədə -pəncərə şüşəsində qalın bir buğ qatı yaranmışdı. Bu buğ, onun üçün xatirələrin ağ vərəqi kimi idi. Barmağını yavaşca şüşəyə toxundurdu. İlk öncə bir ad yazdı...Onun adını. Barmağının ucunda qalan o soyuq, nəm qəlbinin hərarəti ilə qarışdı.
Sonra asta-asta bir rəsm çəkməyə başladı. Xəttlər birləşdikcə, illərdir axtardığı, amma heç vaxt tam toxuna bilmədiyi o sima şüşədə canlanırdı. Öz-özünə pıçıldadı:"-Duyğulu könlümə səbr əkirəm".
Elə bu an qəribə bir şey oldu. Çöldəki fırtına qəfil kəsildi. Şüşəyə yazdığı adın üzərinə kənardan, qarın içindən gələn naməlum bir işıq düşdü. Sanki kimsə o tərəfdən, o bəyaz sükutun içindən ona cavab verirdi...
"Səbrinin mükafatı qapıdadır..."
Raufun ürəyi bir anlıq dayandı, sonra sürətlə döyünməyə başladı. "Bu kim ola bilər?"-deyə düşündü. Pəncərədən çölə, o ağappaq sükuta baxdı. Küçədə kimsə görünmürdü, amma qəlbindəki o qəribə sızıltı ona bunun bir zarafat olmadığını deyirdi.
Asta addımlarla dəhlizə keçdi. Hər addım köhnə parketdə cırıltı ilə əks olunurdu. Qapının önünə çatanda dayandı. Nəfəsini dərərək əlini dəstəyə atdı. Qapını açdığı an içəri dolan kəskin şaxta nəfəsini kəsdi, amma gözlərinin gördüyü mənzərə onu daha çox təəccübləndirdi.
Qapının ağzında, təmiz qarın üzərində heç bir ayaq izi yox idi. Amma tam kandarda, kiçik, bəyaz bir qutu və qutunun üzərində bir tək təzə bənövşə dururdu. Qışın bu oğlan çağında, şaxtanın hökm sürdüyü bu gecədə o bənövşə sanki azca əvvəl dərilmiş kimi təravətli və diri idi.
Rauf əyilib bənövşəni götürəndə qutunun altından bir kağız parçası çıxdı. Kağızda cəmi bircə cümlə yazılmışdı:
"Sən şüşəyə adımı yazanda, mən o adın istisinə gəldim..."
Rauf bənövşəni əlində sıxaraq başını qaldırdı. Gözləri qaranlığa alışdıqca qarşıdakı qocaman çinar ağacının arxasında bir hərəkətlilik sezdi. Gördüyü şey adi bir insan kölgəsi deyildi.
Ağacın budaqları arasından süzülən ay işığı qarın üzərində parıldayan bir iz yaratmışdı. Rauf diqqətlə baxanda gördü ki qaranlıqda iki parlaq, gümüşü göz ona baxır. Bu, nə bir düşmən idi nə də tam mənasıyla bir insan. O, sanki gecənin özündən və yağan qardan toxunmuş bir sima idi.
Həmin "kölgə" yavaşca ağacın arxasından çıxdı. Raufun pəncərəyə çəkdiyi o rəsm indi qan-can tapıbg qarşısında dayanmışdı. Sirli qonaq heç bir söz demədi. Sadəcə əlini havaya qaldırıb Raufun bayaq pəncərə şüşəsinə yazdığı o adı barmağıyla havada cızdı. Havada yazılan hərflər qaranlıqda mavi bir alov kimi yanmağa başladı. O an Rauf dərk etdi ki, buv gördüyü onun illərdir qəlbində bəslədiyi səbrlə gözlədiyi o müqəddəs sevginin ruhudur. Kölgə ona tərəf bir addlm atdı və pıçıldadı:
"Sən məni çağlrdın mən də gəldim. Amma unutma mən ancaq o şüşədəki istilik qədər realam..."
Rauf bir anlıq tərəddüd etsə də qəlbindəki o illərin həsrəti qorxusuna qalib gəldi. "Getmə!"deyə qışqıraraq qarın içinə atıldı. Ayaqları soyuq qarda batıb çıxsa da o parıldayan simaya, gümüşü gözlərə toxunmaq üçün var gücü ilə qaçdı.
Tam əlini o sirli kölgənin çiyninə qoymaq istəyirdi ki, barmaqlarının ucunda bir buz soyuqluğu hiss etdi. Elə o an dünya fırlandı., ağaclar titrədi və ətrafındakı bütün ağ sükut bir anda qaranlığa qərq oldu.
Rauf qəfil sıçrayışla gözlərini açdı.
Otaq isti idi. Soba hələ də közərirdi. Saat o köhnə ritmi ilə "tık-tık" edirdi. Alnından süzülən tər damcıları yuxunun nə qədər real olduğunun nişanəsi idi. "Demək yuxu imiş.."-deyə pıçıldadı və dərindən bir ah çəkdi.
Ayağa durub pəncərəyə tərəf getdi. Buxarlı şüşədə yazdığı o ad artıq silinməyə başlamışdı. Damcılar aşağı süzülərək rəsmi pozmuşdu. Lakin tam o an gözü pəncərənin kənarına sataşdı. Otağın içində düz pəncərənin önündəki masanın üstündə həmin təzə bənövşə dururdu. Üstündə isə hələ də soyuq qarın şeh damcıları parıldayırdı.
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


