Adil Əliyev və Nurlanə Cərullaqızı,
“Ədəbiyyat və incəsənət”
Müəlliflərdən:
Adil Əliyev:
Bu əsərin yazılmasına səbəb, görmə məhdudiyyəti olan dinləyicimdə yazıçılığa aid bir qığılcımın görünməsi oldu. “Dinləyici” dediyimə gəlincə, mən, Adil Əliyev Zaməddin oğlu, görmə məhdudiyyəti olan şəxslərin Sosial Reabilitasiyası Mərkəzində işləməkdəyəm və burada mərkəzimizə müraciət edən şəxsləri pasiyent, müraciətçi ya da ki xəstə deyil,“dinləyici” adlandırırıq. Nurlanə Eyvazova Cərulla qızı adındakı bu dinləyicimə də həm psixoloji dəstək, həm də həyatında motivəedici bir başlanğıc vermək üçün üç aylıq bir zaman ərzində birlikdə ərsəyə gətirdiyimiz bir əsər olmaqla yanaşı, həm də yazmaq, fikirlərini doğru şəkildə ifadə etmək, təsvir və təsəvvür kimi xüsusiyyətlərin inkişafı üçün bir cür kurs keçilmiş oldu.
Nurlanə Cərullaqızı:
Reabilitasiya mərkəzinə gələnə və orada Adil müəllimlə tanış olana qədər yazıçılıq mənim üçün sadəcə əlçatmaz bir xəyal idi. Mərkəzə necə gəldiyimə gəldikdə isə, mən Eyvazova Nurlanə Cərulla qızıyam. 1992-ci il dekabrın 14-də Zərdab rayonunun Məmmədqasımlı kəndində, 5 uşaqlı bir ailənin ilk, tək və tam görmə məhdudiyyətli övladı olaraq dünyaya gəlmişəm. Bakıda görmə imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi mövcud olsa da, təəssüf ki, bu hüquqdan yararlana bilməmişəm. Reabilitasiya mərkəzinə isə bir-birini əvəz edən 29 mənasız ildən sonra — 2021-ci ilin 22 fevral tarixində — özüm kimi görmə məhdudiyyətli olan qohumlarımın köməyi ilə gəldim. Məhz bu mərkəzdə özümün insan olduğumu, tək olmadığımı, yoldaşlarımın varlığını və bir gün yazar ola biləcəyimi anladım. Bu anlayışı isə mənə Adil müəllim qazandırdı. Uşaqlıqdan yazmağa böyük marağım olsa da, təəssüf ki, bu arzumu həyata keçirmək üçün nə yazı vasitəm, nə də imkanım vardı. “Qaranlıq adamı” adlandırdığım povesti yazmağa isə 2015-ci ilin mart ayında, bir televiziya kanalında yayımlanan sosial-analitik verilişin təsiri ilə başladım. Verilişdə gözləri görməyən həyat yoldaşını həkimə gətirən bir qadının söylədiyi dərin mənalı sözlər məni dərindən sarsıtdı və bu hekayəni yazmağa sövq etdi. Bu hekayəni yazmaqda əsas məqsədim siz — dəyərli oxuculara — müəyyən sosial və insani mesajları çatdırmaqdır. Əgər hekayəni diqqətlə oxusanız, nə demək istədiyimi anlayacaq və vermək istədiyim mesajı qəbul edəcəksiniz. Sözümün sonunda isə bu hekayənin ərsəyə gəlməsində böyük rolu olan dəyərli Adil müəllimə səmimi təşəkkürümü bildirirəm. Eyni zamanda, ola biləcək hər hansı nöqsanlara görə əvvəlcədən siz oxuculardan üzr istəyir, xoş oxu təcrübəsi arzulayıram.
QARANLIQ ADAMI
Povestdən bir parça
Əmrah arvadı Bahar və qızı Afətlə birlikdə Bakının Qala qəsəbəsində yaşayırdı. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gələn Əmrah anadangəlmə tam görmə məhdudiyyətli idi. Vəziyyətinə görə körpə ikən doğma ailəsi onu soyuq bir qış günündə karton qutuya qoyaraq məscidin qarşısına atmışdılar. Həmin vaxt məsciddən namaz qılmaqdan qayıdan Məhəmməd adlı bir kişi Əmrahın ağlamasını eşidir. Körpənin səsi gələn tərəfə baxan Məhəmməd karton qutunun içərisində əskiyə bükülmüş vəziyyətdə olan yeni doğulmuş bir körpəni görür. Bir neçə dəqiqə ətrafına baxan, lakin heç kimi görməyən Məhəmməd nəhayət körpəni oradan götürüb o illərdə yaşadığı Cəhri kəndindəki evlərinə gətirir və arvadı Zəhra ilə birgə gözləri görməyən, buna görə də ailəsi tərəfindən istənilməyib atılan bu körpəni övladlığa götürür, adını da Əmrah qoyurlar. Hər ikisi də ona doğma balaları kimi yanaşır, heç bir zaman qızları Həcər və Aynurdan ayırmırlar.
Baharı da Əmraha onlar seçmişdilər. Bahar qaraçı tayfasına mənsub bir qız idi. Altı uşağın ən böyüyü olan Bahar atasını kiçik yaşda itirmiş, ögey ata əlində böyümüşdü. Onlar ailəcə mövsümi işlərdə işləyirdilər. Ancaq Bahar bu həyatdan razı deyildi. O, bir an əvvəl bu həyatdan canını qurtarmaq istəyir, ögey atasının ona zülm etdiyini düşünürdü. Buna görə də Əmrahla evlənməyi özü üçün yeganə çıxış yolu olaraq seçmişdi.
Yaz günü idi… Yeni-yeni yaşıllaşmağa başlayan təbiət və çiçək açan ağacların xoş ətri yazın gəlişindən xəbər verirdi. Səhər saatları idi.
Əmrah yuxudan təzəlikcə durmuş, kreslosunda oturub məlahətli səsi ilə “Gedək üzü küləyə”mahnısını oxuyurdu. Bahar isə “Səhərdən axşama kimi yu-yığışdır, sil-süpür, sanki bu dünyaya çətinlik çəkməyə gəlmişəm. Evdə eşşək kimi işlədiyim bəs deyil, hələ üstəlik dərzi sexində də işləyirəm. Of Allahım, of... Axı bu nə vaxta kimi belə davam edəcək? “Yağışdan qaçdım, yağmura düşdüm,” - deyə-deyə deyinərək mətbəxdə səhər yeməyini hazırlayırdı. Bu vaxt dərsə hazırlaşan Afət atasının yanına gəldi və mehriban səslə: — Mənim yaraşıqlı atam, bu gün necə hiss edir özünü? — dedi.
— Aa, mənim ağıllı balam, nə erkəndən qalxmısan? — deyə Əmrah gülümsəyərək dilləndi. — De görüm, dərsinin vaxtına nə qədər var?
— Bir saat.
— Onda gəl, yazdığın inşanı bir də nəzərdən keçirək.
— Yazdığım yox, yazdığımız inşanı nəzərdən keçirək.
— Yaxşı, mənim ağıllı balam, elə olsun.
Əmrah razılıq əlaməti olaraq gülümsədi. Bu vaxt Bahar əlində çay fincanı ilə otağa girdi və çayından bir qurtum alıb: — Nə inşası? — deyə qaşlarını çataraq Afətin üzünə baxdı.
— Ana, ümumrespublika üzrə inşa müsabiqəsi keçirilir. Bizim məktəb də bu inşa müsabiqəsinə qoşulub, — deyə Afət cavab verdi. — Əgər məktəbimiz birinci yeri tutsa, onda məktəbimizə yeni texnoloji avadanlıqlar veriləcək.
— Sənə nəsə verəcəklər? — deyib Bahar baxışlarını Afətin üzündən çəkmədən növbəti sualını verdi.
— Yox. — Afət başını tərpətdi.
— Onda bunun sənə nə xeyri var? — Bahar qızının məktəb üçün bu qədər canfəşanlıq göstərməsinə təəccübləndi. Afət susdu. Əmrah qızının çətin vəziyyətə düşdüyünü anlayıb söhbətə qarışdı:
— Bahar, niyə belə deyib qızı ruhdan salırsan? Məktəbə verilən o avadanlıqlardan Afət də istifadə edəcək. Axı o da həmin məktəbin şagirdidir. Bir də ki, məktəb insanın ikinci evi kimidir.
Bahar Əmraha tərəf çevrilib: — Elə danışırsan ki, elə bil məktəb zad oxumusan, — dedi.
Əmrah təhsil almamışdı. Bakıda gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbi olsa da, Məhəmmədlə Zəhrə onsuz da körpəykən tərk edilən bu uşağı “bu dəfə də bizdən uzaq qalıb ayrılıq yaşamasın” deyib ora göndərməyə qıymamışdılar. Ancaq sonradan bunun peşmançılığını çəkmiş, Əmrahın iti zəkasının və gözəl səsinin olduğunu görüb bunları dəyərləndirməsinə imkan vermədikləri üçün ölənədək vicdan əzabı duymuşdular.
— Ana, bəsdir, — deyə Afət etiraz etdi.
— Yaxşı-yaxşı, özünüz bilərsinz. Mən işə getməliyəm. Mənim sizin kimi boş-boş işlərə sərf edəcək vaxtım yoxdur, — deyib Bahar tez mətbəxə keçdi və əlindəki fincanı mətbəx tezgahının üstünə qoyduqdan sonra oradan da yataq otağına keçib üzərini dəyişərək evdən çıxdı.
Atasının qanının qaraldığını görən Afət isə sakitcə onun başını sığallayıb: — Ata, sən anama fikir vermə. O nə dediyini bilmir, — dedi. — Gəl, inşanı birlikdə nəzərdən keçirək.
Onlar birgə yazdıqları inşanı nəzərdən keçirdikdən sonra mətbəxdə yemək masasının arxasında əyləşdilər. Afət atasının doğum günündə özünün hədiyyə etdiyi, üzərinə “Yaraşıqlı atama biricik qızından hədiyyə” sözləri yazılan fincana çay süzdü. Əmrah əli uzadan kimi fincanı dərhal tanıdı və o saat üzündə yaranan xoş bir təbəssümlə boşda qalan sağ əlini yanında oturan qızının boynuna keçirib: — Mənim görən gözüm... Yaxşı ki, varsən. Mənim qaranlıq dünyama günəş kimi işıq saçırsan, — dedi.
— Sən də yaxşı ki, varsan, mənim ağıllı, yaraşıqlı, mehriban atam, — deyib Afət də eyni səmimiyyətlə qollarını atasının boynuna doladı. — Sənin kimi atam olduğu üçün xoşbəxtəm.
Ata-bala birgə səhər yeməyini yedikdən sonra Afət ayağa qalxdı və atasına xitabən: — Mən buraları yığışdırıb dərsə gedirəm, — dedi.
— Get, qızım, get, — Əmrah başını tərpətdi.
Afət yeməyini yedikdən sonra tələsik halda qabları yuyub yerinə yığmağa başladı.
- Həcər bibin necədir? - deyə Əmrah birdən soruşdu:
- Yaxşıdır, - Afət cavabverdi.
Həcər Afətin bibisi, eyni zamanda da müəlliməsi idi.
Əmrah: — Məndən ona salam deyərsən, — dedi və əlavə etdi: - Bir də deyərsən ki, onun üçün çox darıxmışam.
— Baş üstə, cənab yaraşıqlı,— deyib Afət mətbəxi səliqəyə saldıqdan sonra atası ilə sağollaşıb evdən çıxdı.
***
Baharın iş yeri evindən yarım saatlıq piyada məsafəsində yerləşirdi.
İş yerinin qapısının açıq olduğunu görüb tələsik addımlarla içəri girən Bahar içəridə müdiri və həm də rəfiqəsi olan Dilbəri gördü.
— Sabahın xeyir, Dilbər.
— Sabahın xeyir, -Dilbər də Baharı salamladı.
— Deyəsən, səndən başqa hələ heç kim gəlməyib? -Bahar ətrafına göz gəzdirib soruşdu.
— Hə, hələ gəlməyiblər. Dilbər başını tərpətdi. — Xadimə indilərdə gələcək. Bugün bir az gecikəcəyini demişdi. Buyur, əyləş, nəfəsini dər. Evdə nə var, nə yox? Salamatçılıqdır?
— Eh, evdir də, — Bahar yorğun səslə dilləndi, — Yaxşıdırlar. Ancaq mən özümü elə yorğun hiss edirəm ki, gəl burda işlə, get evdə işlə. Lap çaşıb qalmışam. Bilmirəm neyniyim. Hansı işin arxasınca gedim. Bütün evin yükü mənim çiyinlərimin üzərindədir. Məndən başqa evə pul gətirən yoxdur. Əmrahın vəziyyətini də özün bilirsən.
— Hə, səni başa düşürəm. Dilbər azacıq sükutdan sonra dilləndi: — Qulaq as, nə deyəcəyəm sənə! Ərimin iş yerinin yaxınlığındakı bir klinikaya gələn həftə xaricdən bir göz həkimi, nə deyirdilər ona, hə, professor gələcəkmiş. Bəlkə Əmrahı onun yanına aparasan? Ən azından bir ümid. Bəlkə bir əlac edər?
—Doğrudan? Baharın ani olaraq gözləri parıldadı. — Eh, bacı, elə yaxşı olar ki, mənim də yüküm azalar. — Hə, — Dilbər davam etdi. — Amma əvvəlcə həkimin qəbuluna yazılmaq lazımdır. Mən sənə klinikanın telefon nömrəsini ərimdən alıb verərəm. Bu xəbəri də o demişdi mənə.
— Hə, çox sağ ol, bacı.
Bahar müşkül bir işdən qurtulmuş adam kimi rahat bir nəfəs alıb sözünə davam etdi: — Düzdür, Əmrah buna yaxşı yanaşmayacaq. Özü bilər. Ya müalicə olunub sağalacaq, ya da...
— Ya da nə? Dilbər duruxdu.
— Eh, heç nə.
Bahar başını yırğaladı. İçəri xadimənin girməsi ilə söhbət kəsildi və hər kəs öz işi ilə məşğul olmağa başladı.
***
Məktəbin uzun dəhlizinin başındakı böyük pəncərəsindən içəri düşən işıq tam olmasa da, dəhlizi işıqlandırırdı. Hamısı sonuna qədər açıq olan hər iki tərəfdəki qapılar da dəhlizin işıqlandırılmasında pəncərəyə elə bil köməklik edirdi. Dərsə zəng vurulmadan öncə böyük və kiçik siniflərin uşaqları bir-birinə qarışmışdı. Kimiləri səs-küy salaraq qaçışır, kimiləri də sinfin qapısı önündə toplaşaraq nələri isə maraqla müzakirə edirdilər. Bu vaxt tələsik addımlarla məktəbə doğru gələn Afət qapının ağzında bu gün növbətçi müəllimə olan bibisi Həcərlə qarşılaşdı.
— Sabahın xeyir, qızım!
— Sabahın xeyir, bibi. Gecikməmişəm ki?
— Yox, həmişəki kimi tam vaxtında gəlmisən, — deyə Həcərin mehriban səsinə gülümsəmə də əlavə olundu.
— Budur, yazdığımız inşamızı gətirmişəm, — deyib Afət əlində hazır tutduğu A4 vərəqini göstərdi.
— Necə yəni yazdığınız? — deyə Həcər bir az üzünə ciddi ifadə verməyə çalışdı.
— Ah, bibi, mən bu inşanı atamla birgə yazmışam axı, — Afət gülümsədi.
— Hə, indi başa düşdüm. Bu arada de görüm qardaşım necədir?
— Yaxşıdır, bibican, səninçün darıxıb. Vaxt elə gəl görməyə. Dərslərim çox olduğu üçün atamı sizə gətirə bilmirəm.
— Yaxşı, qızım, gələrəm. İndi de görək, inşan nə haqdadır?
— Qırx dörd günlük zəfər müharibəmiz haqqında!
— Nə gözəl, inşanı ver baxım.
Bu vaxt Həcərin mobil telefonuna zəng gəldi. Zəngi vuran Əmrah idi. Əmrah düyməli mobil telefondan istifadə edirdi. Ona telefondan istifadə etməyi də vaxtilə elə Həcərin özü öyrətmişdi. Üçüncü çağırışdan sonra Həcər telefonu açdı: — Alo!
— Alo! Salam, bacı. Necəsən?
— Çox sağ ol, qardaşım. Sən necəsən?
— Şükürlər olsun, yaxşıyam.
— Məktəbdəsən?
— Hə, məktəbdəyəm. Afət də yanımdadır.
— Bacı, Afətin bu gün inşa müsabiqəsi var. Hər zamanki kimi bu gün də ona köməklik edərsən.
— Əlbəttə, qardaşım, deməyinə belə ehtiyac yoxdur. Narahat olma. Müsabiqə bir azdan başlanılacaq. Məktəbimizdə bu inşa müsabiqəsinə qatılanların hər biri səhnəyə çıxıb yazdıqları inşanı bir-bir oxuyacaqlar. Sonra həmin inşalar arasından bir inşa seçiləcək və ümum Azərbaycan üzrə inşa müsabiqəsinə gömdəriləcək.
— Hər məktəbdən ancaq bir inşa seçiləcək? — Əmrah dəqiqləşdirmək istədi.
— Hə, — Həcər davam etdi. — Müsabiqənin qalibi də bir həftəyə açıqlanacaq.
— Afət necədir? — Əmrah indi də qızını xəbər aldı.
— Buyur, özündən soruş, — deyib Həcər telefonu qıza uzatdı.
— Alo, ata, — Afət mehribanlıqla dilləndi.
— Necəsən, qızım? — deyə Əmrah mülayim səslə soruşdu.
— Çox həyəcanlıyam, ata, — Afət titrək səslə dedi. — Əlim ayağım bir-birinə dolaşır. Ürəyimin döyüntüsü qulağıma gəlir. Bir azdan inşaların təqdimatı başlanacaq. Səhnəyə çıxıb hər kəsin gözü qarşısında inşanı necə oxuyacağam, bilmirəm.
— Oxuyacaqsan, ağıllı balam. Narahat olma, — deyə Əmrah qızını arxayın etdi. — Sadəcə çalış, həyəcanlanma.
— Yaxşı. Dəstəyin üçün çox sağ ol, ata. Mənim üçün dua elə, — Afət dedi.
— Yaxşı, qızım. Hər şey ürəyincə olsun. Sənə uğurlar, — deyib Əmrah qızı ilə sağollaşdı.
Atası ilə telefon danışığından ruh yüksəkliyi yaşayan Afət bibisi Həcər ilə birlikdə inşaların təqdimatları olacaq zala tərəf yollandılar.
***
Qızı ilə telefon danışığından sonra xəyallara dalan Əmrah sakitcə öz sevimli kreslosunda oturmuşdu. Qapının döyülməsi səsindən daldığı xəyallardan ayılan Əmrah yavaş addımlarla qapıya yaxınlaşıb, gələnin kim olduğunu soruşdu.
— Aç, oğlum, mənəm.
Əmrah səsi tanıyıb qapını açdı. Gələn Baharın anası Zeynəb idi.
— Salam, oğlum. Xoş gördük, — deyib Zeynəb əlini uzatdı.
— Salam, Zeynəb xala. Xoş gəlmisən, — Emrah qayınanasını mehribanlıqla qarşıladı. Amma onun irəli uzanan əlini görmədiyi üçün sıxa bilmədi. Zeynəb də kürəkəninnin görmədiyini indi xatırlayırmış kimi əlini geriyə çəkdi.
— Təksən?
— Hə, Bahar işdə, Afət də məktəbdədir. Buyur, gəl keç içəri. Çoxdandır ki, gəlmirsiniz. Oturaq, bir az söhbət edək.
— Yaxşı, oğlum. Sizə ətli qutab gətirmişəm. Təzə bişirmişdim. Sənsiz boğazımdan keçmədi.
— Sağ ol, xala. -Əmrah qaynanasına təşəkkür etdi.
-Yaxşı. Gəl, əyləş. Qutabı isti-isti ye, sonra çayını da süzərəm.
— Sənə zəhmət olmasın, Zeynəb xala.
— Ah, oğlum, nə zəhməti? Ananın övladına qulluq etməyi nə vaxtdan zəhmət olub? — Zeynəb səmimiyyətlə dedi və — Özün bilirsən ki, mən səni övladlarımdan ayırmıram. Mənim üçün Bahar, Əzizə, Şahin, Aydın, Habil, Qabil nədirsə, sən də osan. Elə bilirəm ki, altı yox, yeddi övladım var, — deyə də əlavə etdi.
— Mən də nə yaxşı ki, sizi tanıdım, Zeynəb xala, — Əmrah da eyni səmimiyyətlə dinləndi. — Atam ilə anam öləndən sonra sən mənə ana, Əskər əmi də ata əvəzi oldunuz.
— Sağ ol, oğlum. Əskər də sənin xətirini çox istəyir.
Əmrah həmişə vermək istədiyi sualı məhz bu dəfə verdi:
— Zeynəb xala, Əskər əmi ilə necə tanış olmuşdunuz?
— Ah, oğlum, — Zeynəb ağır-ağır danışmağa başladı. — Üzr istəyirəm... Mən Bahara hamilə olanda Baharın atası avtoqəzada öldü. Sonra Əskərlə bir məclisdə tanış olduq, bir-birimizi bəyənib ailə qurduq, Əskər də sağ olsun, Baharı öz övladlarından heç ayırmadı.
— Bəs nə üçün uşaqları oxutmamısınız?
— Oğlum, bilirsən, bizlərdə oxumağa o qədər də fikir verən yox idi. Böyüklərimiz oxumağı görməyib, bizə də göstərmədilər. Biz də uşaqlarımıza... Amma indi bilirəm ki, çox səhv eləmişik. Sən çox sağ ol ki, Bahar sənə ərə gələndən sonra təkidlə onu oxutdun. İndi də Afəti oxudursan.
— Bəs burada nə vaxtdan yaşayırsınız?—deyə Əmrah azacıq fasilədən sonra növbəti sualını ünvanladı. Zeynəbin kürəkəninin bu sualına da cavabı belə oldu: — Ah oğlum, bax onu bilmirəm. Çünki mən burada doğulmuşam. Bilirsən də, biz qaraçılar dünyanın hər yerində varıq. Yaxşı, sən qutabını ye, mən də gedim, çayını gətirim.
Zeynəb, Əmraha çay gətirmək üçün mətbəxə keçdi.
***
Məktəbdə inşaların təqdimatı bitmişdi. Hamı təqdimat keçirilən zalı tərk edirdi. Afət də inşanı digər iştirakçılar kimi təqdim etdikdən sonra böyük bir həyəcanla bibisi Həcərlə birlikdə zaldan çıxdı.
— “Necə idi?” – deyə qız hələ də səsində aydın hiss olunan həyəcanla bibisindən soruşdu.
— “Yaxşı idi, qızım,” – deyə Həcər qətiyyətlə dedi. – “Heç kim ordumuzun hünərini, 44 günlük müharibənin gedişatını və qazanılan zəfəri bu qədər gözəl ifadə edə bilməzdi.”
— “Doğrudan?” – Afət sevindi.
— “Nədi? Mənə inanmırsan?” – Həcər sualı sualla cavabladı.
— “İnanıram, bibican,” – Afət başını tərpətdi. – “Atamın da əməyi olan bir inşa başqa cür necə alına bilərdi ki?”
Bu vaxt Həcərin qızı, eyni zamanda Afətin sinif yoldaşı olan Gülzar onlara tərəf gəldi və üzündə xoş bir təbəssümlə: — “Aa, məktəbimizin ulduzu Afət xanım!” – dedi.
— “Bəsti, ay qız,” – Afətin utandığıdan yanaqları lalə kimi qızardı.
— “Nədir? Düz deyirəm də,” – Gülzar davam etdi.
– “İnanıram ki, nəinki məktəbimizdə, ümum-Azərbaycan üzrə birinci yer tutacaqsan.”
— “İnşallah, bacı,” – Afət dilləndi. – “Belə olmasını ən çoxda atama görə istəyərdim. Çünki bu inşada onun da zəhməti var.”
— “Yaxşı, qızlar, gəlin nəticəni gözləyək. İnşallah, nəticələr bir həftəyə açıqlanacaq,” – deyə Həcər hər ikisinin qoluna girib siniflərinə doğru apardı.
***
Zeynəb Əmrahın yanından çıxıb evlərinə tərəf gedirdi. Bu vaxt işdən evə qayıdan qızı Baharla qarşılaşdı. — “Salam, Bahar! Necəsən, qızım?”
— “Salam,” – deyə Bahar soyuq və bir az da tərs şəkildə anasının salamını aldı. – “Tələsirəm, evə getməliyəm,” – deyib iti addımlarla yoluna davam etdi.
Bahar nədənsə bu gün özünü yaxşı hiss etməmiş, buna görə də icazə alıb işdən tez çıxmışdı. Qızının bu soyuq münasibətinə bir məna verə bilməyən Zeynəb isə yolun ortasında onun arxasınca baxa-baxa qaldı. Əslində, Bahar həyatının bu qədər uğursuz olmasında anasını günahlandırırdı. Düşünürdü ki, əgər anası Əsgərə ərə gedib, yanına ögey ata gətirməsəydi, o da Əmraha ərə getməzdi, özünə layiq bilmədiyi bu həyatı yaşamaq məcburiyyətində qalmazdı...
O, Əmrahı da heç sevmir, əksinə, qəlbində ona heç bir zərəri olmayan bu adama qarşı bitib-tükənmək bilməyən bir nifrət bəsləyirdi. Gözləri görməyən biriylə yaşamaq onun üçün sözün əsl mənasında dözülməz olmuşdu.
Demək ki, hər zaman gözü yüksəkdə olan Bahara bu həyat heç vaxt istədiklərini verməyəcəkdi. Lakin, o, indi yaşadığı həyatın, yaşamaq istədiyi həyatdan daha gözəl olduğunun fərqində belə deyildi...
“Ədəbiyyat və incəsənət”
(06.04.2026)


