Uşaq Kitabı Gününə həsr olunan silsilə tədbirlər davam edir Featured

3 aprel 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş növbəti silsilə tədbirlər çərçivəsində növbəti tədbir təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə “Kaspi”,  “Ankara” liseylərinin, 265, 194 nömrəli ümumtəhsil məktəblərinin, həmçinin 1 nömrəli uşaq evi sosial xidmətlər şöbəsinin şagirdləri görüşə qatılaraq fəal iştirak ediblər.

Görüş çərçivəsində tanınmış uşaq yazarları – Mehriban Nağıyeva, Gülzar İbrahimova, Çinarə Köçərli, Əfsanə Rəhimli və Reyhan Yusifqızı oxucularla səmimi ünsiyyət qurublar. Yazıçılar öz yaradıcılıqları, kitabları barədə məlumat verib, uşaqların ünvanladıqları sualları ətraflı cavablandırıblar. Bu ünsiyyət iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir zamanı uşaqların fəallığını artırmaq məqsədilə müxtəlif interaktiv fəaliyyətlər təşkil edilib. Şagirdlər sevdikləri kitablar haqqında fikirlərini bölüşüb, müxtəlif hədiyyəli oyunlar keçirilib. Bu cür fəaliyyətlər uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına və onların özünüifadə bacarıqlarının gücləndirilməsinə müsbət təsir göstərib.

Eyni zamanda iştirakçılar sərgiyə baxış keçirərək kitabxananın zəngin kitab fondu ilə tanış olmaq imkanı əldə edib, müasir və klassik uşaq ədəbiyyatı nümunələri barədə məlumat əldə ediblər.

Belə tədbirlərin keçirilməsi uşaqların intellektual inkişafına dəstək olmaqla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili və kitaba olan marağın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən bu istiqamətdə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.