Nail Zeyniyev,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Ənənəvi ədəbiyyat söhbətlərimə bu gün xitam verib sizlərə “Sənə məndən başqa ağlayan olmaz” adlı şeirimi təqdim etmək istəyirəm. Bəzən adam şairliyini xatırlayır, anlayır ki, ondan aralanmaq olar, amma uzaqlaşmaq qeyri mümkündür.
Sənə məndən başqa ağlayan olmaz,
Bu səssiz gecənin dar nəfəsində.
Elə bil könlümün ulduzu sönür,
Bir qərib bülbülün zümzüməsində.
Sənə məndən başqa ağlayan olmaz,
Göz yaşım torpağa tökülməyəcək.
Mənim gözlərimə gələn xəyalın,
Başımın üstündən çəkilməyəcək.
Bizim aramızda ayrılıq olsa,
İsitməz, bilirəm, yad əllər səni.
Kölgəli dünyada, soyuq dünyada,
Mənimtək sevəmməz gözəllər səni.
Sənə məndən başqa ağlayan olmaz,
Sən mənim ömrümün bahar çiçəyi.
Vədəsiz küləyə qurban getmə, qal,
Otur bir misrayla yaz gələcəyi.
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


