(Nəşr olunan yeni monoqrafiyanın təqdimatı)
Nigar Həsənzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin nəşr olunan yeni kitabı odlar yurdu Azərbaycanın, eləcə də onun ayrılmaz hissəsi olan Muğan diyarının qədim tarixi və mədəniyyəti ilə sıx əlaqədar olan qədim, gözəl və sirli Novruz bayramına həsr edilən elmi araşdırma və monoqrafiyadır.
Ümumi məlumatlar:
Kitabın adı: "Novruz bayramı barədə araşdırma" (Monoqrafiya)
Müəllif: İlqar İsmayılzadə
Naşir: "Həməşəra" mətbu orqanı, Cəlilabad
Səhifə sayı: 50 səhifə.
Kitab barədə:
Bu kitab dünya səviyyəsində tanınan və diqqət mərkəzində olan qədim və sirli Novruz bayramına aid olan bir elmi araşdırma və əslində monoqrafiyadır.
Məlum olduğu kimi, Novruz bayramı odlar yurdu Azərbaycanın ən qədim və ən kütləvi, eyni halda qədim tarixinə görə əsas ümumxalq bayramıdır. Novruz bayramı həm də dünyanın bir çox ölkələrində xüsusi sevgi və diqqətlə qeyd edilən bayramlardan biridir.
Bu fürsətdə Odlar Yurdu Azərbaycan və onun ayrılmaz parçası sayılan qədim və sirli Muğan diyarının ən gözəl və sevimli bayramı Novruz bayramı ilə bağlı əvvəllər (2008-ci illərdə) araşdırmalar əsasında müəllifin qələmə aldığı və sonrakı illərdə müəyyən əlavələr etdiyi araşdırmanı ayrıca kitab kimi hazırlamaq və onu oxuculara təqdim etmək qərarına gəlib.
Monoqrafiya aşağıda təqdim edilən fəsillər əsasında hazırlanıb:
Birinci fəsil:
Novruz bayramı barədə ümumi məlumat;
İkinci fəsil: Çərşənbələr;
Üçüncü fəsil: Novruz bayramı barədə araşdırmalar;
Dördüncü fəsil: Novruz bayramının tarixi;
Beşinci fəsil: Novruz bayramı ilə bağlı bəzi mülahizələr.
Beləliklə də bu qısa araşdırmada ilk olaraq Novruz bayramı ilə bağlı ümumi mövzulardan söz açdıqdan sonra bu bayramdan öncə xüsusi diqqətlə qeyd edilən dörd çərşənbədən, bayramla bağlı aparılan araşdırmalardan, daha sonra bu bayramın tarixi və başlanğıc dövründən söz açılan, sevimli Novruz bayramı ilə əlaqədar bəzi mülahizələr təqdim edilib.
Müəllif bu araşdırmanın qədim Muğan tarixi ilə bağlı maraqlananlar, həmçinin, tarixçi və tədqiqatçılar üçün faydalı olacağına ümid edir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab müəllifin indiyədək işıq üzü görən sayca 50-ci kitabıdır.
Müəllif bu arada portalımız vasitəsi ilə öz təşəkkür və diləklərini də çatdırmışdır:
"Kitabımın nəşrində dəstəyi olan insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərən "Qazi" Çap Mərkəzinin direktoru Yasər İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin Hüseynova dərin təşəkkür bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!"
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


