Bir roman cümləsi - əbədiyyət qədər upuzun... Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəzi insanlar qalın kitablar oxuyur, amma illər sonra həmin kitabdan yalnız bir cümlə yadında qalır.  Bəziləri isə kitab oxumasa da daim o kitabların içərisindəki sitatları axtararlar. O cümlə isə təkcə bir fikir deyil, sanki insanın öz həyatı ilə bağlı düşündüyü bir sual olur. Ədəbiyyatın gücü də bir qədər bundadır. Yazıçılar bəzən bir neçə sözlə insanın hisslərini, səhvlərini və həyatın müxtəlif tərəflərini ifadə edə bilirlər.

Müxtəlif dövrlərdə yaşamış yazıçıların fikirləri bir-birindən fərqli olsa da, onların hamısını birləşdirən bir mövzu var: insan və onun daxili dünyası.

 

“İnsani borcunuzdan, öz dostlarınızdan imtina eləməmisiniz, siz təkcə qumarda uduşdan başqa hər hansı məqsəddən imtina eləməmisiniz, siz hətta öz xatirələrinizdən imtina etmisiz…”  Qumarbaz, Fyodor Dostoevsky

Bildirək ki, Dostoyevski insanın zəif tərəflərini ən açıq şəkildə təsvir edən yazıçılardan biridir. Onun əsərlərində qəhrəmanlar çox zaman öz ehtiraslarının və seçimlərinin nəticələri ilə üz-üzə qalırlar. Bəzən insan bir istəyə və ya bir ehtirasa o qədər aludə olur ki, həyatında dəyərli olan digər şeyləri görməz olur.

 

“İnsan bütün ömrü boyu çox şeylər görsə də gördüklərinin az bir qismini dərk edir”. On Dördüncü Adam, Elxan Elatlı

İnsan həyat boyu saysız-hesabsız hadisələr yaşayır. Amma bu hadisələrin hamısının mənasını dərhal anlamaq mümkün olmur. Bəzən illər keçəndən sonra insan bir vaxt yaşadığı bir hadisəyə başqa cür baxır və onun əsl mənasını yalnız o zaman anlayır.

 

“İnsan axtaran zaman elə ola bilər ki, məqsədində ilişib qalsın və elə bu səbəbdən axtardığını tapmasın…” Siddhartha, Hermann Hesse

Hesse insanın həyat boyu davam edən axtarışını təsvir eliyir. Bəzən insan bir məqsədə o qədər fokuslanır ki, ətrafında olan başqa həqiqətləri görməz olur. Halbuki bəzi həqiqətlər çox uzaqda deyil, insanın lap yaxınlığında olur. Biz isə onları görə bilmirik. Bəlkə də görmək istəmirik...

 

“Bu, insan psixologiyasının çox möhtəşəm qabiliyyətidir. İnsan kosmosu araşdırır, yerin dərin qatlarına qədər gedə bilir, ancaq özünü tam olaraq öyrənə bilməyib hələ də”. Abaddon, Rövşən Abdullaoğlu

Müasir dövrdə insan texnologiya və elm vasitəsilə böyük kəşflər edir. Oxuyur, işləyir,  hətta alim belə ola bilir. Amma bütün bu inkişaflara baxmayaraq, insanın öz daxili dünyası hələ də tam olaraq açılmamış bir sirr olaraq qalır.

 

“Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur, çünki tək olmaq pis dostluqdan yaxşıdır”. George Waşinqton

İnsan həyatında ətrafında olan insanlar böyük rol oynayır. Dostluqlar insanın düşüncəsinə, qərarlarına və hətta taleyinə təsir edə bilir. Buna görə də bəzən tək qalmaq belə yanlış insanlarla birlikdə olmaqdan daha doğru seçim hesab edilir. Çünki yanlış dost səni öz bataqliğına çəkər, aparar...

 

“Daha o gün anlamışdım mən ömürüm boyu səninlə sınanacaqdım. Çünki insan daim ən sevdiyiylə sınanar…”- Çalıquşu, Rəşad Nuri Güntəkin

Sevgi insan həyatının ən güclü hisslərindən biridir. Amma sevgi yalnız xoşbəxtlik və sevinc deyil. Bəzən sevgi insanın dözümünü, səbrini və sədaqətini sınayan bir hissə də çevrilə bilir.

 

“İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır”.  Dəli Kür, Ismayil Şıxlı

İnsan təbiətində qəribə bir xüsusiyyət var ki, sahib olduğu şeylərin dəyərini çox vaxt onları itirəndən sonra anlayır. Bu, münasibətlərdə də belədir, gündəlik həyatda da. Bəzən bir şeyin dəyərini başa düşmək üçün onun yoxluğunu hiss etmək lazım gəlir.

 

“Sadəcə kitab oxumaq bəs etməz insana. Bəzən meydan oxuya bilməli: özünə, həyata, dünyaya…”- İnsanı Yaşadan Nədir?, LevTolstoy

Onu hər birimiz tanıyırıq. Tolstoy... Tolstoyun bu fikri insanın həyat qarşısında passiv olmamalı olduğunu xatırladır. Oxumaq və düşünmək vacibdir, amma insan bəzən həyatın özü ilə üz-üzə gəlməli, suallar verməli və cavablar axtarmalıdır.

 

Ədəbiyyatın gözəl tərəfi odur ki, müxtəlif ölkələrdə və müxtəlif dövrlərdə yaşamış yazıçılar insan haqqında eyni sualları verirlər. Onların dilləri fərqli olsa da, yazdıqları fikirlər bir-birinə çox bənzəyir.  Çünki insanın sevinci də, qorxusu da, səhvləri də əsrlər keçsə belə dəyişmir. Yenə də olduğu kimi qalır.

Bəzən bir roman yüzlərlə səhifədən ibarət olur, amma oxucunun yaddaşında yalnız bir cümlə qalır. Həmin cümlə isə illər sonra belə insanı düşündürməyə davam edir. Elə buna görə də bəzi sitatlar sadəcə ədəbiyyat nümunəsi deyil. Belə ki, onlar həyatın müxtəlif məqamlarında insanın qarşısına çıxan bir növ kiçik xatırlatmalardır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.