“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olunub

“Ulduz” jurnalı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi – “Güney Azərbaycan ədəbiyyatı” çap olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz”dan verilən məlumata görə, jurnalın xüsusi mart sayı filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.

Məhəmmədhüseyn Şəhriyarla başlayan   “Dövrün aparıcı ədəbi simaları” şair, yazıçı, tərcüməçi Həbib Sahir,  tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi,  azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq  Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi  Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi  Rza Bərahəni,  yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi  Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist  Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı ilə davam edir. 

“Ulduz” bu sayında Nadir Qüdrətoğlunun  şeirlərinə də  yer ayırıb.

“Tribuna”da Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edir.

“Nəsr”də “Ölümdən güclü” hekayəsi ilə Alpay Azərdir.

Dayandur Sevgin Nəzakət Məmmədlinin “Köhnəlməyən xiffət”ini yada salır.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısını təqdim edir.

“Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləridir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.