“Qəlb cəbhəsi” kitabı ADPU-nun Quba filialında təqdim olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət” portalına DGTYB sədri İntiqam Yaşarın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar tərəfindən ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri salamlama nitqi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev açıb. O çıxışında Azərbaycanın keçdiyi uzun və qətiyyətli qələbə yolundan bəhs edib, icra olunan layihənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına böyük təsir göstərdiyini, "Qəlb cəbhəsi" kitabının dəyərli bir nümunə olduğunu diqqətə çatdırıb. 

ADPU-nun Quba filialının əməkdaşı Nəhayət Şirinovanın moderatorluğu ilə davam edən tədbirdə layihə haqqında məlumat vermək üçün söz DGTYB başqanı İntiqam Yaşara verilib. O, rəhbərlik etdiyi təşkilatın uluslararası layihələrlə yanaşı Azərbaycanın regionlarına xitab edən fəaliyyətləri də diqqətdə saxladığını bildirib. Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbənin cəmiyyətin ruhuna böyük təsir etdiyini vurğulayıb və layihə haqqında geniş məlumat verib.

44 günlük Vətən müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova  çıxış edərək bu cür layihələrin gənclərin formalaşması üçün önəmli amil olduğunu, kitabda yer alan nümunələrin təsirini vurğulayıb.

Sonra 44 günlük Vətən müharibəsinin iştirakçı şairləri  Oğuz Alparslan, Təhməz Türkoğlu çıxış edərək cəbhə xatirələrindən danışıblar, qələbənin əldə olunmasında xalq və ordu birliyinin parlaq nəticənin səbəbkarı olduğunu vurğulayıblar.

Daha sonra 44 günlük Vətən müharibəsi iştirakçıları Ağadadaş Dadaşov, Ramin Yunusov, Vurğun Qəniyev, İsmət Əhmədov, ADPU Quba filialının tələbələri, gənc şairlər Günəş İskəndərov və Əli Daşdəmirov çıxış ediblər, şeirlər səsləndiriblər.

DGTYB-nin "Diplom" və “Təşəkkürnamə”ləri ilə təltifi ilə davam edən tədbir imza mərasimi ilə başa çatıb.

Daha sonra Bakı şəhərindən gələn qonaqlar filialın şəhid qəhrəmanlarımızın adlarını daşıyan auditoriyalarında və Kitabxana və elektron resurslar şöbəsində, oxu zalında tələbələrlə görüşüb, layihə çərçivəsində çap olunmuş kitabları hədiyyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.