Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub

 

 20 fevral 2026-cı il  tarixində Beynəlxalq Ana Dili Günü münasibətilə Respublika Uşaq Kitabxanasında 161 və 193 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə uşaq yazarı Gülzar İbrahimova ilə görüş təşkil olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məluymata görə, tədbirin əvvəlində yazıçı şagirdlər qarşısında çıxış edərək qeyd etmişdir ki, hər bir vətəndaşın vəzifəsi bu dili qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf, işlək və nüfuzlu şəkildə ötürməkdir. Çünki dilimizi qorumaq  dövlətçiliyimizi qorumaq deməkdir. Dilimizi inkişaf etdirmək  milli kimliyimizi möhkəmləndirmək deməkdir.

Daha sonra müəllif öz şeirlərini səsləndirmiş, ədəbiyyatın uşaqların dünyagörüşünün formalaşmasında və estetik zövqünün inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Şagirdlər də öz növbəsində şeirlər söyləmiş, bədii dilin gözəllikləri barədə fikirlərini bölüşmüşlər.

Görüş interaktiv formatda davam etmişdir. Şagirdlər yazıçıya onun yaradıcılığı, şeir və nağıl mövzularına yanaşması ilə bağlı müxtəlif suallar ünvanlamışlar. Gülzar İbrahimova sualları ətraflı cavablandıraraq uşaqlara mütaliənin, yaradıcılığın və ədəbiyyata marağın vacibliyini izah etmiş, onları mütəmadi oxumağa və öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə təşviq etmişdir.

Tədbirin əsas məqsədi şagirdlərə ana dilimizin dəyəri, ədəbiyyatın cəmiyyət həyatındakı rolu və uşaqlar üçün yazılmış bədii əsərlərin əhəmiyyəti barədə məlumat vermək olmuşdur. Belə görüşlər şagirdlərin mütaliəyə marağının artırılmasına, onların mədəni-estetik inkişafına və ədəbi mühitlə daha sıx əlaqələrinin formalaşmasına mühüm töhfə verir.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.