“Sənsizlik” - Müəllifin qələmindən Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalı gənc yazıçı Gülər Nizamiqızının “Sənsizlik” romanını müəllifin öz düşüncələri ilə oxuculara təqdim edir.

 

Bu kitabı yazanda bir hekayə danışmaq istəmirdim.Mən bir halı yazmaq istədim.Adını hər kəsin bildiyi, amma az adamın etiraf etdiyi bir halı  sənsizliyi.

Sevgi haqqında çox yazılıb. Amma sevgi bitəndən sonra insanın içində qalan boşluq nadir hallarda danışılır. Mən məhz o boşluğu yazdım. Çünki insanı yandıran ayrılıq deyil, ayrılıqdan sonra gələn səssizlikdir.İnsan bəzən bir səsi yox, bir insanın yoxluğunu eşidir.“Sənsizlik” sevginin başlanğıcı deyil.

“Sənsizlik”  sevginin susduğu, hisslərin yarımçıq qaldığı, sözlərin boğazda düyünləndiyi yerdən başlayır. Burada qəhrəmanlar qışqırmır, izah etmir, haqq tələb etmir. Onlar sadəcə yaşayır. İçlərində.

Mən bu kitabda göstərmək istədim ki, sevgi yalnız hisslərdən ibarət deyil, amma hisslər bitəndə yerini alan şey bəzən sevgi adı ilə aldadılır.Sevgi hörmətə çevrilirsə, bu artıq sevgi deyil  gecikmiş etirafdır.“Sənsizlik”də personajlar ideal deyil. Çünki insan da ideal deyil. Onlar susmur, sadəcə danışmağa gücləri qalmır. Hər şey deyilib, amma heç nə tam deyilməyib.Bəzi cümlələr deyilmədiyi üçün yox, gec deyildiyi üçün yarım qalır.Bu kitabı yazarkən bir şeyi anladım:İnsan tək qalanda yox, anlaşılmadığını hiss edəndə tənhalaşır. Və ən ağır tənhalıq insanın öz içində itməsi ilə başlayır.

Ən uzun yol insanın özünə qayıtmaq yoludur.

Dil sadədir, çünki ağrı sadə olur. Ağır hisslər üçün bəzəkli sözlərə ehtiyac yoxdur. Bir cümlə kifayətdir. Bəzən isə bir cümlə belə artıqdır.Bəzən heç nə deməmək hər şeyi deməkdir.“Sənsizlik” oxucuya cavab vermir. O, sual verir.Oxuyub bitirəndə rahatlıq yox, tanış bir ağrı qalır. Çünki bu kitab yad bir hekayə deyil. Bu kitab çoxlarının içində gizlətdiyi bir hissin adıdır.İnsan gedənləri unutmur, sadəcə yoxluqlarına öyrəşir.

Bu kitab sevgi üçün deyil.Bu kitab sevgidən sonra qalanlar üçündür.

Və bəli, kitab bitir.

Amma sənsizlik bitmir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.