Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, şair Təranə Turan Rəhimlinin tanınmış yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin povest və hekayələrinin toplandığı “Çox kiçikdir bu dünya” kitabına həsr etdiyi məqaləsi Albaniyada nəşr olunan nüfuzlu “Nacional” qəzetində dərc edilib.

 

Qeyd olunmalıdır ki, bu araşdırma yazısı daha öncə qəzetin saytında yayınlanmışdı. Görkəmli ədəbiyyatşünas, şair-publisist Mujo Bucpapajın rəhbərlik etdiyi “Nacional” qəzeti Albaniyanın 10.000 tirajla nəşr edilən, Albaniya, Kosovo, Makedoniya və Monteneqronun bütün qəzet köşklərində satılan və nəşrindən sonra hər sayı üç gün ərzində bütün televiziya kanallarında ardıcıl olaraq təqdim edilən beynəlxalq nüfuzlu bir mətbuat orqanıdır. 32 səhifəlik bu ədəbi nəşrin hər sayında dünya ölkələrindən seçkin yazarların, alimlərin və məşhur Avropa jurnalistlərinin yazıları dərc olunur. “Nacional” qəzeti və eləcə də onun saytı Avropanın ən oxunaqlı informasiya mənbələrindən hesab olunur.

Təranə Turan Rəhimli “Zemfira Məhərrəmlinin nəsrində etik diskurs, insan və taleyin poetikası” adlı məqaləsində müəllifin bədii nəsr yaradıcılığını təhlil etmiş, onun hekayələrinin səciyyəvi məziyyətlərini diqqətə çatdırmışdır.

Araşdırmaçı alimin fikrincə, müasir Azərbaycan nəsrində insanın daxili aləmi, mənəvi seçimləri və taleyin fərdi şüurda yaratdığı etik gərginlik və dramatizm getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Z.Məhərrəmlinin nəsri “kiçik dünya” kimi təqdim olunan, fərdi insan müstəvisində formalaşan, lakin mahiyyət etibarilə geniş fəlsəfi və əxlaqi anlamlar daşıyan bədii mətnlər məcmusu kimi seçilir.

Yazıçının əsərlərində adi həyat situasiyaları, məişət detalları və lokal insan taleləri böyük mənəvi konstruksiyaların daşıyıcısına çevrilir; insanın vicdanla münasibəti, məsuliyyət hissi, öz taleyinə passiv itaəti və ya daxili üsyanı poetik bir sistem daxilində təqdim olunur. Zemfira Məhərrəmlinin nəsrində etik diskursun formalaşma xüsusiyyətləri, insan-tale münasibətlərinin bədii-poetik ifadə imkanları və mənəvi problematikanın əsasını təşkil edən estetik mexanizmlər diqqəti çəkən başlıca yaradıcılıq məziyyətləri kimi qabardılır.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.