İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bütün Azərbaycanda olduğu kimi onun bir bölgəsi olan Oğuzda da kitabxanaların tarixi şəxsi evlərdə, dini mərkəzlərdə və onların nəzdindəki təhsil ocaqlarındakı (mollaxanalardakı) kiçicik "kitabxanaların" fəaliyyəti ilə başlayıb.
Tarixi faktlardan və şahidlərin ifadələrindən belə bəlli olur ki, hələ qədimdən Oğuzun ərazisindəki dini mərkəzlərdə (məsçid, sinoqoq və kilsələrdə), mollaxanalarda, tanınmış din xadimlərinin və savadlı şəxslərin evlərində kiçik də olsa, kitabxanalar mövcud olmuşdur.
Bu kitabxanalarda Yaxın və Uzaq Şərq ölkələrindən gətirilmiş kitablar da az olmayıb. Bunları əsasən səyahətə, dini ziyarətlərə gedənlər və xarici ölkələrdən bura gələnlər (bəzən də missionerlər) gətiriblər. Onların çoxu dini və fəlsəfi mövzularda, əsasən əlyazma şəklində türk, ərəb, fars, yəhudi, rus, hətta yunan dillərində idi. Bunların içərisində Şərq klassiklərinin bədii əsərləri də olub.
Məlum olduğu kimi, XIX əsrin ortalarına kimi Oğuzun ərazisindəki yaşayış məntəqələrində əsas təhsil ocaqları məsçidlərin nəzdində və ya şəxsi evlərdə fəaliyyət göstərən mollaxanalar olub. Uzun illər rayonun Vartaşen (Oğuz), Xaçmaz, Padar, Vardanlı (Kərimli), Daşağıl, Muxas, Sincan, Calud, Qumlaq, Tərkeş, Xalxal və digər kəndlərində məsçidlər və onların nəzdində mollaxanalar fəaliyyət göstəriblər. (Məsələn, 1853-cü ildə Xaçmaz sahəsində 21 mollaxana olub). Bu mollaxanalarda xeyli sayda dini, fəlsəfi və bədii ədəbiyyat toplanmışdı.
Bunu Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyi tərəfindən rayonda şəxsi adamlardan toplanmış çoxsaylı qədim kitab və əlyazmalar da sübut edir. Muzeyin direktor müavini A.Əliyeva müsahibələrinin birində deyir ki, hazırda muzeydə xeyli sayda qədim kitab və əlyazmalar qorunur. Onların çoxu türk, ərəb və fars dillərindədir. Həmin kitab və əlyazmaların içərisində İstanbulda, Kazanda, Tiflisdə və digər yerlərdə çap olunmuş və ya üzü köçürülmüş olanları da az deyil.
Bütün ölkədə olduğu kimi, Oğuzdakı mollaxana və xüsusi məktəblərdə də mükəmməl proqram və dərsliklər olmadığına görə, burada Quran, “Qabusnamə”, “Kəlilə və Dimnə”dən başqa, ərəb və fars dillərinin öyrədilməsi üçün bədii ədəbiyyat incilərindən - Xaqaninin, Nizaminin, Ruminin, Əvhədinin, Sədinin, Hafizin, Füzulinin və başqalarının yazdıqları bədii əsərlərdən də (qəzəl, qəsidə, poema və s.) tədris vəsaiti kimi istifadə olunub.
Bir vaxtlar rayondakı Qarabaldır kənd məktəbində müəllim işləyən F.Nəsirov söyləyirdi ki, müəllim mərhum Ə.Mahmudov kənddə köhnə məscid binası olduğu ehtimal edilən bir bina sökülərkən onun çardağından xeyli qədim kitab və əlyazmalar toplamışdı. Sonralar bizim vasitəmizlə bu kitablarla tanış olan pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, hörmətli alimimiz Ə.Tahirzadə qeyd edir ki, bunların içərisində bir neçə əlyazma, daşbasma və çap əsəri var. Əsərlər ərəb əlifbası ilə ərəb, osmanlı türkcəsi və Azərbaycan dilindədir.
Onlardan dini məzmunlu şeirlərin (qəsidələrin) toplandığı ikisi İstanbulda çap olunmuşdur. Həmin kitablardan biri 1887/1888-ci ildə Türkiyə Maarifi Nəzarəti Cəlilənin (Osmanlı Təhsil Nazirliyi) 468 saylı lisenziyası ilə nəşr edilib. Kitabın adı "Nicatül Müsəlla - Ahmet Şevki Efendi "dir. (Xəttat, hüsnxətt müəllimi olduğu güman edilir)
İstanbulda çap olunmuş digər kitabın isə üstündə qara tuşla çox bişmiş xətlə yazılıb: "Sahibi Məhəmməd vələdi-Oruc fi qəryeyi-Vardani. Qiyməti 3 abbası". Yəni sahibi Vardani (indiki Kərimli) kəndində yaşayan Məhəmməd Oruc oğludur, kitabı 3 abbasıya alıb.
Tapılan kitabların içərisində həmçinin "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından olan Əli Səbri Qasımovun hələ tələbə ikən Bakıda 1912-ci ildə “Orucov qardaşları” mətbəəsində çap etdirdiyi “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti və Ə.Fəhminin tərcümə etdiyi 75 səhifəlik “Yasin surəsi” də vardır.
Tapılan bir neçə kiçik kitabçalar isə dini məktəbdə şagirdlərin çalışma dəftərinə bənzəyir. Professorun ehtimalına görə, həmin kitablardan mollaxanada oxu materialı kimi istifadə olunurmuş.
Yuxarıda da qeyd etdiyimiz kimi, tanınmış din xadimlərinin, savadlı şəxslərin evlərində də kiçik kitabxanalar olub.
Məsələn, mənbələrdə XVI əsrin II yarısında Oğuzun Tərkeş kəndində dünyaya gəldiyi ehtimal olunan din alimi, Dağıstanda, Türkiyə və Ərəb ölkələrində də məşhur olan Nurəddin Məhəmməd Şirvaninin (Xaçmazinin) evində də zəngin "kitabxananın" olduğu qeyd olunur. "Kitabxanasında" özünün “Şerhu'l-Fıkhi'l-Ekber”, “Şerhu't-Telhîs fi'l-Maani ve'l-Beyân”, “Ta'lika 'ala-Tefsîri'l” adlı əsərlərindən başqa xeyli əlyazmaların olduğu da güman edilir. Onun gizli şəkildə dini təlimlərə cəlb etdiyi insanlar həmin kitabları mütaliə edirmişlər. Nurəddin Məhəmməd Şirvaninin (Xaçmazinin) müxtəlif əlyazmaları hazırda Türkiyə, Misir, İran və Amerika kitabxanalarında saxlanılır.
Oğuzun Xaçmaz kənd sakini Hacı Camalın və onun 1903-cü ildə həmin kənddə anadan olmuş oğlu, görkəmli din xadimi və tanınmış ziyalı Səfərəli Hacı Camal oğlunun da zəngin kitabxanası olub. Səfərəli atasının kitabxanasından istifadə etmiş, sonralar özü də həmin kitabxananı xeyli zənginləşdirmişdi. Tanınmış şərqşünas alim Məhəmməd əfəndi, şərq dilləri bilicisi Əli Fəhmi, ədəbiyyat tariximuzin görkəmli tədqiqatçısı S.Mümtaz və digərləri onun kitabxanasının oxucuları olmuşlar. O, öz kitablarının bəzilərini toplayaraq akademiyanın kitabxanasına hədiyyə etmişdi. (Səfərəli Hacı Camal oğlu I və II sinflər üçün dərsliklər də yazmışdı. Sonralar əmlakı müsadirə olunanda həmin dərsliklər yandırılaraq məhv edilmişdir.)
Yazılı məxəzlərdən o da bəlli olur ki, XIX əsrdə Padarda yaşamış və tanınmış din adamlarından olan Hacı Əbdüssəlam Əfəndinin də zəngin kitabxanası olub. O həm də dilçiliyə aid bir neçə əsər yazmışdır. Təəssüf ki, kitabxanasındakı kitabların çoxu dövrümüzə gəlib çatmamışdır. 1937-ci illərin repressiyası dövründə gizlədib qorumaq məqsədi ilə bu kitabların bir hissəsi torpağa basdırılmış və beləliklə, məhv olmuşdur. Akademik, filologiya elmləri doktoru, professor Əbdüləziz Dəmirçizadə onun kitabxanasından qalan bəzi əsərlərdən istifafə edərək tədiqatlar aparmışdir.
Nəvəsi R.Oğuzun söylədiyinə görə, ana babası, Yemişənli kənd sakini, özünün şəxsi kitabxanası olan molla T.Camalov da təxminən belə bir tale yaşamışdır.
Mənbələrdə ikisinifli rus dilli məktəbdə müəllimlik də edən, bir müddət Türkiyə sultanının sarayında da yaşamış, şair M.K.Vardaninin evində təşkil etdiyi ədəbi məclisdə iştirak edən tanınmış şairlərin - A.Padarlı, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən və Ə.Salaminin onun şəxsi qiraətxanasından istifadə etdikləri də göstərilir. M.Kərimin kitabxanasında Türkiyə, İran, Rusiya, Misir və digər ərəb ölkələrindən gətirdiyi kitablar da varmış. Ərəb-fars, türk (osmanlı) dillərini kamil bilən M.K.Vardani özü də yaxşı mütaliəçi olub.
Muxaslı Yəhya əfəndinin, A.Padarlının (Ağdaşda), seyidliklərinə dair Cahanşah tərəfindən fərman verilmiş padarlı Seyid Hacı Əbdürəhim əfəndi Seyid Hacı Əbdürəhman oğlunun, Vardanlı (Kərimli) sakini Seyid Ömər əfəndi Seyid İbrahim əfəndi oğlunun, Qoruqlar kənd sakini Seyid Atakişi Seyid Qəni oğlunun, Vartaşen (Oğuz) sakini Seyid Abdulvahab Əfəndinin, Hacı Mir Abbas ağanın (Yaqublu) və digərlərinin də evlərində şəxsi kitabxanaların olduğu, bu kitabxanalardan müsəlmanların fəal istifadə etdikləri söylənilir.
Əlbəttə, yazdıqlarımız az-çox bizə məlum olanlardır. Şübhəsiz ki, Oğuz ərazisindəki məscidlərdə, mollaxanalarda və şəxsi evlərdə kiçik kitabxanalar çox olub. Onların aşkara çıxarılması xüsusi tədqiqat işləri tələb edir ki, bu da mütəxəsslərin işidir. Bizimki isə bir maraq idi.
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


